• Bakı 16° C

    10.44 m/s

  • USD - 1.7

    EUR - 1.9272

    RUB - 2.0463

Bu xəstəlik müalicə edilmədikdə yayılaraq xroniki forma ala bilər - Həkim məsləhəti

CƏMİYYƏT

25 Aprel 2025 | 16:55

Bu xəstəlik müalicə edilmədikdə yayılaraq xroniki forma ala bilər - Həkim məsləhəti

“Göbələk xəstəliklərinin etiologiyası müxtəlif olsa da, ən önəmli faktor şəxsi gigiyena və immun sisteminin nə dərəcədə güclü olmasıdır”.

Bunu Bakıvaxtı.az-a həkim-dermatoloq Tünzalə Feyziyeva göbələk xəstəliyi haqqında danışarkən deyib.

Onun sözlərinə görə, gigiyena dedikdə təmizlik nəzərdə tutulur. Hər zaman şəxsi gigiyenamıza diqqət etməliyik. Başqasının paltarları və ayaqqabılarından istifadə etmək göbələk xəstəliyinə yoluxmağa səbəb ola bilər, çünki bu xəstəlik keçicidir.

O, göbələk xəstəliklərinin bir çox növünün olduğunu qeyd edib:

"Göbələk mənşəli dəmruqlar, əl və ayaq dərisi göbələkləri, dırnaq göbələkləri və s. mövcuddur. Demək olar ki, onların hər birinin əsas səbəbi göbələk xəstəliyinə yoluxmuş şəxsin əşyalarından istifadə edilməsidir".

"İnsan özündə göbələk xəstəliyinin olduğunu bu əlamətlərdən hiss edə bilər: dəridə qızartı və qaşınma, qabıqlanma və çatlama, dırnaqların rəng və formasında dəyişiklik, pis qoxu, eləcə də ağızda və ya cinsiyyət orqanlarında yanma hissi və ağ çıxıntıların yaranması", - deyə T.Feyziyeva bildirib.

Tünzalə Feyziyeva, həkim-dermatoloq

Həkim-dermatoloq göbələk xəstəliyinin müalicəsinə də toxunub:

"Göbələk xəstəliyi zamanı mütləq şəkildə həkimə müraciət etmək lazımdır. Əvvəlcə xəstəliyin dərəcəsi müəyyən edilir, daha sonra isə uyğun müalicə prosesi başlanır. İctimai yerlərdə şəxsi ayaqqabı və dəsmaldan istifadə edin, dırnaqları və dərini təmiz saxlayın, ayaqların tərləməsinin qarşısını alın, pambıq corablara üstünlük verin. Bəzi hallarda bu xəstəliklər sadəcə səthi dəri problemi kimi görünə bilər, lakin vaxtında müalicə edilmədikdə orqanizmin digər hissələrinə yayılaraq xroniki forma ala bilər".

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR