• Bakı 24° C

    3.4 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

“Bütün kompaslar sizə aparır...”

CƏMİYYƏT

08 Sentyabr 2022 | 16:28 | Müəllif: Qalib İbrahimoğlu

“Bütün kompaslar sizə aparır...”

Fərid Hüseyn istedadlı və tanınan yazarlardandır. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun əməkdaşı, Yazıçılar Birliyi Katibliyinin üzvüdür. Gənc yazarlar üçün nəzərdə tutulan Prezident təqaüdünə layiq görülüb. “Qızıl kəlmə”, “Povelja Morave” ədəbi mükafatlarının laureatıdır. Sonuncu mükafatı ötən il Serbiyada keçirilən Dünya Yazarlarının 58-ci toplantısında qazanıb,  eyni zamanda həmin ölkənin Semska Mitrovika şəhərinin Fəxri Vətəndaşı seçilib.

Son illərdə  Fərid Hüseynin Amerika Birləşmiş Ştatlarında “Kəpənək dərsi”, Türkiyədə “Yalan bayramı”, “Aynaların kölgəsi”, Özbəkistanda “Səmərqənd divanı”, Serbiyada “Qəlbin tərbiyə dərsləri”, Moldovada “Yaddaşın vəfa borcu” adlı kitabları çap olunub. Azərbaycanda nəşr edilən kitablarının adından böyük bir siyahı hazırlamaq olar. Bütün bunlar daim yaradıcılıq axtarışlarında olan gənc yazarın istedadından və çalışqanlığından xəbər verir. Fərid Hüseyn dünya ədəbiyyatını yaxşı bilir, ədəbi prosesləri yaxından izləyir.

Şairin müstəntiqə dedikləri...

Bu günlərdə Fərid Hüseynin şeirlərindən ibarət “Bəyaz ləkə” kitabı ilə tanış oldum. Öncədən xüsusi qeyd edim ki, yenicə işıq üzü görən “Bəyaz ləkə” Azərbaycanın iri enerji layihələrinin əməliyyatçısı olan bp şirkətinin hədiyyəsi kimi çap olunub. Şirkətin açıqlamasında qeyd edildiyi kimi, bu kitab dünya ədəbiyyatı xəzinəsini Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi kimi poeziya nəhənglərinin misilsiz ədəbi irsi ilə zənginləşdirən Azərbaycan ədəbiyyatının böyük gələcəyinə bp-nin dərin inamının ifadəsidir.

Fərid Hüseyn kimi gənclərə şəraitin yaradılması, kitablarının nəşrinə yardım göstərilməsi xeyirxah işdir və Fərid öz istedadı ilə belə xoş münasibəti haqq edib:

Bütün xəritələrdə sən olan yer

qeyd olunur qırmızı xətlə,

bütün kompaslar sizə aparır, sizə...

(“Axillesin dabanı”)

“1937-ci il, NKVD-də Fərid Hüseynin müstəntiqə dedikləri” adlı şeiri gənc şairin yaradıcılıq imkanlarının genişliyindən xəbər verir:

İstintaqı xəbərdar edirəm:

yaşasam, günəşi göydə unutmayacam.

Həqiqəti dediyimə and içirəm:

tavanlar buludlardan çox şey öyrənib.

Sübut gətirirəm:

yaşamadıq-uşaqlıq şəkilimiz böyüdü bircə.

Cavabımın üstündə qalıram:

həqiqət mənim süd anam olub...

... Bilirəm, sirr saxlamaq cinayətdi:

bir dəfə həqiqətən sevmişəm.

... Öz imzamla təsdiq edirəm alın yazımı.

Bədii ədəbiyyat, xüsusi ilə də poeziya insanın yaşantılarını, ağrı-acılarını ifadə etmək üçün geniş imkan yaradır, yetər ki, bu duyğuları ifadə edən istedadlı olsun. Fərid Hüseynin orta məktəbin birinci sinifində avto qəza nəticəsində həyatını itirən Yusif haqqında şeiri çox təsirlidir:

Ağ köynəyin,

qara bənizin,

ağlayan anan yadındadımı?

Qanlı maşını,

dağılan çantanı,

Aytəni,

məni

xatırlayırsanmı?

Vay dədə, vay,

Bir əyləc səsi eşidib

bu boyda dünyanı unutmusansa

qəhrəmansan, vallah.

 (“Yusifin yoxluğuna”)

Bu baxımdan “Bəyaz ləkə”də yer alan “Atam ölən gecə”, “Nənəm üçün”, “Terrora ithaf”, “Çağırış” şeirləri maraqla oxunur. 

Müharibənin göz yaşları

Babalarımızın, atalarımızın iştirak etdiyi İkinci Dünya müharibəsindən bəhs edən bədii əsərləri maraqla oxuduq, müharibə filmlərinə baxa-baxa böyüdük. Sonra tale elə gətirdi ki, real həyatda iki müharibənin ağrı-acısını yaşadıq. Fərid Hüseynin yaşıdları da həm birinci Qarabağ müharibəsinin, həm də 44 günlük Vətən savaşının içindən keçdilər, tarixi Zəfərimizə şahidlik etdilər.

Fərid Hüseynin “Bəyaz ləkə” kitabında müharibə mövzusunda yazılan poetik nümunələrə də xüsusi yer ayrılıb:

Heç kəs öz səbrindən uzun yaşamır.

Min yerdən çat idi səbir daşımız.

Geyinib əyninə vüqar köynəyin,

qalxdılar dağlara qardaşlarımız.

Şuşa, qayıtdıq.

Hamı usanmışdı, hər kəs bezmişdi

eyni ümidlərə bel bağlamaqdan.

Əsgər barmağına qan yığılmışdı,

qayaların köksün cırmaqlamaqdan.

Şuşa, qayıtdıq.

 (“Şuşa zəfəri”)

Qeyd etmək yerinə düşər ki, Fərid Hüseyn Yazıçılar Birliyi Gənclər Şurası üzvlərinin 44 günlük Vətən savaşından bəhs edən şeir, esse, hekayə və memuarlarını “Sən azadsan” adlı bir kitabda toplayıb.

İstedadlı şairin “Bəyaz ləkə” kitabına daxil olan “Poetik silsilələr”, “Şəhərlərin seirləri” çox maraqla oxunur. İnanıram ki, Fərid Hüseyn həm Azərbaycanda, həm də ölkəmizin hüdudlarından kənardakı oxucularını yeni yaradıcılıq axtarışları ilə sevindirəcək.

Etibar Cəbrayıloğlu


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR