Yasamal rayonunda yerləşən uşaq bağçasından məişət əşyaları oğurlayan şəxs mühakimə edilib.
Bakıvaxtı.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 4 ay əvvəl gecə saatlarında bağçanın anbarına daxil olan 45 yaşlı Azər Bahşov müxtəlif qab-qacaqları aparıb.
Araşdırma nəticəsində məlum olub ki, Azər bağçaya məxsus 6 qazan, 4 keramika tava, bir aşsüzən, bir neçə “padnos” və çaydanı oğurlayıb. Bunun nəticəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə 2 233 manat ziyan dəyib.
Təqsirləndirilən şəxs isə verilmiş ittihamla tam razılaşmayıb. O, bağçadan 2 torbanın içində cəmi 6 qazan apardığını etiraf edib. Həmin qazanları da Alatava qəsəbəsindəki mağazaya 49 manata satıb. Mağaza sahibi özü də bunu məhkəmədə təsdiqləyib. Deyib ki, Azər ona cəmi 6 qazan satıb.
Hakim müttəhimin cəmi 6 qazan oğurladığını deməsini inandırıcı hesab etməyib: “İttihamda göstərilən qazan, tava, “padnos”, ləyən və digər məişət əşyalarının ölçü və forması onların daşınmasını çətinləşdirmir. Əksinə, bu əşyaların əksəriyyəti müxtəlif ölçülərdə olduğundan təbii şəkildə bir-birinin içinə yerləşdirilə bilir. Məsələn, 40 litrlik və 30 litrlik qazanların içərisinə 20 litrlik və 3 litrlik qazanlar, həmçinin emal ləyənlər yerləşdirilə bilər. Eyni ilə keramika və tefal tavalar da ölçülərinə görə üst-üstə yığıla və iç-içə salına bilər. “Padnos” və aşsüzən kimi yastı formalı əşyalar isə ən altda yerləşdirildikdə heç bir əlavə həcm yaratmır. Beləliklə, bütün əşyaların kompakt şəkildə yığılması və cəmi iki iri torbada daşınması texniki baxımdan tamamilə mümkündür”.
Təqsirləndirilən şəxs bu əməlinə görə saxlanılarkən üzərindən narkotik vasitə də aşkar edilib. Bu ittiham onun işini çətinləşdirib.
Yekunda təqsirləndirilən şəxsə oğurluğa görə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsə də, narkotik ittihamı vəziyyəti dəyişib. Narkotik ittihamı nəzərə alınaraq Azər Bahşova 1 il 6 ay həbs cəzası verilib.