• Bakı 24° C

    3.74 m/s

  • USD - 1.7

    EUR - 1.9573

    RUB - 2.1384

Dənizə doğru: Çimərlik mövsümü BU TARİXDƏN BAŞLAYIR

CƏMİYYƏT

11 Iyun 2025 | 11:08

Dənizə doğru: Çimərlik mövsümü BU TARİXDƏN BAŞLAYIR

Çimərlik mövsümü rəsmi qaydada hələ başlamasa da, havaların isti keçməsi səbəbilə insanlar dəniz kənarına üz tutur.

Qeyd edək ki, hər il iyunun 15-dən Bakı Şəhər İcra Hakimiyyətinin qərarı ilə çimərlik mövsümü açıq elan edilir.

Çimərlik ərazilərinin təmizlənməsi ilə bağlı müvafiq qurumlara Bakı Şəhəri İcra Hakimiyyətinin tapşırıqları verilir.

Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) bildirilib ki, çimərlik mövsümü ilə əlaqədar paytaxtın sahilkənarı ərazilərində yaradılan ictimai çimərliklərdə mövsümə hazırlıq işləri görülüb. Məlumata görə, çimərlik mövsümü ərəfəsində ictimai çimərliklərdə lazımi təmizlik-abadlıq işləri aparılıb. Belə ki, qış ərzində dəniz sahilinə yığılan tullantılar, həmçinin dalğaların sahilə atdığı müxtəlif əşyalar yığışdırılıb, digər təmizlik işləri görülüb. Çimərlik ərazilərinə yeni qum qatı salınıb, buradakı inventarlar, günlüklər, söhbətgahlar, sanitariya qovşaqları və duşlar yoxlanılıb, cari təmir işləri, bir sıra yerlərin rənglənməsi aparılıb. Çimərliklərdə avtomobillərin parklanması üçün nəzərdə tutulan meydançalar qaydaya salınıb.

Bəs hazırda dənizdə təhlükəsizlik tədbirləri hansı səviyyədədir?

Məsələ ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi daxili xidmət polkovnik-leytenantı Aqşin Əlilinin sözlərinə görə, artıq illərdir ki, FHN çimərlik mövsümünə hazırlıqla əlaqədar zəruri təhlükəsizlik tədbirləri həyata keçirir.

A.Əlili qeyd edib ki, bu il də may ayından etibarən Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları, yerli icra nümayəndələrinin iştirakı ilə sahilboyu ərazilərdə monitorinqlərə başlayıblar.

Dediyinə görə, monitorinqlərin əsas məqsədi nəzarətsiz, qeyri-rəsmi və təhlükəli ərazilərin müəyyən olunması, eyni zamanda çimərlik operatorlarına təhlükəsizlik qaydaları barədə bildirişlərin təqdim edilməsidir:

“Nəticə olaraq, aidiyyəti icra hakimiyyətlərində müvafiq dövlət qurumlarının iştirakı ilə müşavirələr keçirilib, aşkar edilən nöqsanlar və çatışmazlıqlar foto-slaytlarla təqdim olunub və icra hakimiyyəti rəhbərliyi tərəfindən aidiyyəti üzrə tapşırıqlar verilib”.

Aqşin Əlili: Bütün işlərin iyunun 15-dək yekunlaşdırılması planlaşdırılır

Müsahibimiz hazırda xidmətin nəzarətində olan çimərliklərdə, o cümlədən İDEA İctimai Birliyinin təşəbbüsü ilə yaradılan çimərliklərdə dalğıclar vasitəsilə sualtı müayinələrin və sualtı təmizləmə işlərinin aparıldığını nəzərə çatırıb. A.Əlili bildir ki, bu mərhələdən sonra dənizdə üzmə sərhədlərini müəyyən edən nişanların quraşdırılması və istirahət edən vətəndaşların təhlükəsizlik qaydaları barədə məlumatlandırılması məqsədilə maarifləndirici lövhələrin yerləşdirilməsinə başlanacaq.

Şöbə rəisi həmçinin əlavə edib ki, xidmətin balansında olan xilasetmə texnikası, vasitələr, üzmə və dalğıc-axtarış avadanlıqları işlək vəziyyətə gətirilir və bütün bu işlərin iyunun 15-dək yekunlaşdırılması planlaşdırılır.

Aqşin Əlili xidmətin iyunun 15-dən etibarən gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəyini vurğulayıb:

“Fürsətdən istifadə edərək vətəndaşlara müraciət edirik ki, çimərlik seçimində diqqətli olsunlar. Əgər hər hansı bir ərazidə xilasedicilər, xilasetmə texnikası və avadanlıqlar yoxdursa, bu, həmin çimərliyin təhlükəsizlik tədbirləri ilə təmin edilmədiyini və istifadənin riskli olduğunu göstərir. Xüsusilə bölgələrdə uşaq və yeniyetmələrin valideyn nəzarətindən yayınaraq suvarma kanalları, çaylar, süni göllər və arxlarda çimməsi halları müşahidə olunur. Bu tip su hövzələrinin mürəkkəb relyefi, sürətli axını, zəif görünüş imkanları və digər təhlükəli xüsusiyyətləri onların həyatı üçün ciddi təhlükə yaradır. Valideynlərdən xahiş olunur ki, uşaqlarını bu kimi yerlərdən uzaq saxlasınlar və daim nəzarətdə saxlasınlar”.

O, eyni zamanda bildirib ki, çimərliklərdə istirahət zamanı hava şəraitinə və günün saatına da diqqət yetirilməlidir. Diqqətə çatdırıb ki, qanunvericiliyə əsasən, küləyin sürəti saniyədə 10 metrdən artıq olduqda, həmçinin hava qaraldıqdan sonra suya girmək qadağandır.

“Unutmayaq ki, qaydalara biganəlik həyatımıza təhlükə yaradır. Hər hansı fövqəladə hal zamanı dərhal 112 xidmətinə zəng edin”.

Mina Mikayılova


SON XƏBƏRLƏR