Çinin şərq sahilində yerləşən Şanxay yaxınlığındakı əsas dəniz limanları yaxınlaşan "Dolphin" tayfunu səbəbindən fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb.
Bakıvaxtı.az "Sinxua"ya istinadən xəbər verir ki, Ninbo bölgəsində və Yantszı çayının mənsəbində də əməliyyatlar müvəqqəti olaraq dayandırılıb.
Çin meteoroloji xidmətlərinin məlumatına görə, "Dolphin" hazırda Yaponiyanın Okinava adası yaxınlığındadır və Çinin Çjetszyan əyalətindəki Vençjou şəhərinə doğru hərəkət edir. Küləyin sürətinin saatda 151 km-ə (93 mil/saat) çatacağı gözlənilir ki, bu da Saffir-Simpson şkalası üzrə 1-ci kateqoriyalı qasırğaya bərabərdir.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, həftəsonu Şanxay və Hançjou ətrafındakı sahil ərazilərində güclü yağış gözlənilir.
Gülşən Şərif
Bakı 



