• Bakı 16° C

    3.96 m/s

  • USD - 1.7

    EUR - 1.978

    RUB - 2.1002

Dabaq xəstəliyi: Heyvan bazarları bağlandı, ət bahalaşdı - Vəziyyət kritikdir?

CƏMİYYƏT

22 Oktyabr 2025 | 12:01

Dabaq xəstəliyi: Heyvan bazarları bağlandı, ət bahalaşdı - Vəziyyət kritikdir?

Xəbər verdiyimiz kimi, Azərbaycanın bəzi rayonlarda heyvanlar arasında dabaq xəstəliyi yayılıb. Yayılan xəstəlik səbəbi ilə bəzi rayonlarda ət bazarları bağlanıb. Həmçinin sözügedən vəziyyət süd istehsalına təsirsiz ötüşməyib.

Akif Nəsirli: Dabaq virus mənşəli, çox yoluxucu heyvan xəstəliyidir

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən aqrar sektor üzrə ekspert Akif Nəsirli bildirib ki, dabaq virus mənşəli, çox yoluxucu heyvan xəstəliyidir və onu Picornaviridae ailəsinə aid Aphthovirus törədir.

Ekspert qeyd edib ki, xəstəlik əsasən inək, camış, qoyun, keçi və donuzlarda müşahidə olunur, nadir hallarda isə digər heyvan növlərinə də keçə bilir.

Onnu sözlərinə görə, dabağın yayılmasına bir sıra amillər təsir göstərir:

“Xəstə heyvanlarla birbaşa təmas, yoluxmuş süd, ət, peyin, yem, su və ya alətlər vasitəsilə virusun daşınması, həmçinin heyvan daşınması və bazarlarda sanitar nəzarətin zəifliyi xəstəliyin əsas yayılma səbəbləridir. Eyni zamanda vaksinasiya prosesinin düzgün aparılmaması və peyvəndlənməyən sürülərin mövcudluğu da riski artırır. Virus küləklə 60 kilometrədək məsafəyə yayıla bilir”.

Akif Nəsirli nəzərə çatdırıb ki, dabaq xəstəliyi çox yoluxucu olduğu üçün qısa müddətdə eyni fermadakı bütün heyvanlara keçə bilər.

Müsahibimiz xəstəliyin insana keçməsinin çox nadir hallarda mümkün olduğunu vurğulayıb. Dediyinə görə, yalnız xəstə heyvanla sıx təmasda olan şəxslərdə, məsələn, sağıcı və ya kəsim işçilərində yüngül ağız yaraları və hərarət müşahidə edilə bilər.

Ekspert qeyd edib ki, əsas təhlükə insan sağlamlığına deyil, heyvançılıq təsərrüfatına və ümumi iqtisadiyyata yönəlib.

O, xəstəliyin əsas əlamətləri barədə də məlumat verib:

“Dabağa yoluxmuş heyvanlarda ağız, dodaq, dil və dırnaqların ətrafında su toplama və yaralar əmələ gəlir, bədən temperaturu 40-41 dərəcəyədək yüksəlir. Ağrı səbəbindən heyvan yem və su qəbul etmir, süd verimi 70-80 faiz azalır. Gəzərkən axsaqlıq, dırnaq deformasiyaları və bala heyvanlarda ölüm halları baş verə bilər”.

Həmsöhbətimiz vətəndaşlara ət alarkən xüsusilə diqqətli olmağı tövsiyə edib. Nəsirli əlavə edib ki, ətin rəsmi kəsim məntəqəsində satılması və üzərində baytarlıq nəzarət möhürü olması vacibdir:

“Ətin rəngi tünd qırmızı, qoxusu təbii olmalı, sümükdən asan ayrılmalıdır. Şübhəli, yapışqan, pis qoxulu və ya rəngi dəyişmiş ət qətiyyən alınmamalıdır. Bazarda möhürsüz ət təkcə dabaq deyil, digər zoonoz xəstəliklər üçün də risk yaradır”.

Ekspert bildirib ki, dabaq xəstəliyi yayıldıqda süd və süd məhsulları bazarına da təsir göstərir. Xəstə heyvanların südü toplanmadığını və satışa buraxılmadığını diqqətə çatdırıb:

“Bu, süd istehsalının azalmasına və qiymət artımına səbəb olur. Digər tərəfdən, istehlakçılar arasında yaranan qorxu səbəbindən tələbat müvəqqəti azala bilər ki, bu da bazarda qeyri-sabitlik yaradır. Yəni bəzi yerlərdə süd qıtlığı qiyməti artırır, bəzilərində isə azalan tələbat qiyməti aşağı sala bilər”.

Onun sözlərinə görə, tələbatın azalması uzunmüddətli dövrdə heyvandarlığa mənfi təsir göstərir:

“Fermerlər süd və ət satışından gəlir itirirlər, bu da istehsal xərclərini ödəməyə çətinlik yaradır. Nəticədə bəzi təsərrüfatlar fəaliyyətini məhdudlaşdırır, heyvan sayı azalır və məhsuldarlıq düşür. Bu isə bütövlükdə kənd təsərrüfatı balansına və ərzaq təhlükəsizliyinə mənfi təsir edir”.

Ekspert dabaq xəstəliyinin qarşısını almaq üçün əsas qoruyucu tədbirləri sadalayıb:

“Vaksinasiya dövlət proqramına uyğun və vaxtında aparılmalıdır. Yeni alınan və ya şübhəli heyvanlar 14-21 gün karantində saxlanmalıdır. Tövlələr, nəqliyyat vasitələri və yem qabları mütəmadi dezinfeksiya edilməli, heyvan hərəkəti və bazar satışı məhdudlaşdırılmalıdır. Fermerlər xəstəliyin əlamətləri barədə maarifləndirilməli və hər bir şübhəli hal barədə dərhal AQTA və ya yerli baytar xidmətinə məlumat verilməlidir”.

Akif Nəsirli sonda vurğulayıb ki, dabaq xəstəliyi nəzarət oluna bilən infeksiyadır. Əsas məsələ vaxtında peyvəndləmə, sanitar tədbirlər və fermerlərin məlumatlı olmasıdır:

“Ət və süd məhsullarını yalnız rəsmi, baytarlıq nəzarətindən keçmiş mənbələrdən almaq həm şəxsi sağlamlıq, həm də ümumi ərzaq təhlükəsizliyi üçün vacibdir”.

AQTA: Ölkədə və dünyada epizootik vəziyyət daim diqqət mərkəzində saxlanılır

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib ki, agentlik ölkədə və dünyada epizootik vəziyyəti daim diqqət mərkəzində saxlayır.

Qeyd olunub ki, bioloji təhlükəsizliyin təmin olunması və insan sağlamlığının qorunması istiqamətində ardıcıl tədbirlər icra edir. Respublika ərazisinin yoluxucu xəstəliklərdən qorunması məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, diri və emal olunmuş heyvan mənşəli məhsulların idxalına müvəqqəti məhdudiyyət tətbiq olunur.

Qurumdan nəzərə çatdırılıb ki, agentlik Naxçıvan və işğaldan azad edilmiş ərazilərdə xəstəliklərdən azad zonaların yaradılması və zoonoz xəstəliklərə qarşı effektiv nəzarət mexanizmlərinin qurulması istiqamətində işləri davam etdirir:

“Bununla yanaşı, ölkədə heyvanların identifikasiyası və qeydiyyatı həyata keçirilir ki, bu sistem heyvan xəstəliklərinin aşkarlanması və onlarla mübarizənin təşkili, habelə heyvan mənşəli məhsulların qida zənciri boyu izlənilməsində mühüm əhəmiyyət kəsb edir”.

Vurğulanıb ki, xüsusi təhlükəli xəstəliklərə görə epizootoloji şəraitin öyrənilməsi məqsədilə iri və xırdabuynuzlu heyvanlar arasında seroloji monitorinqlər keçirilir. Fərdi və fermer təsərrüfatlarında saxlanılan iri və xırdabuynuzlu heyvanlardan diaqnostik nümunələr götürülərək laborator sınaqları həyata keçirilir. Epizootoloji vəziyyət və götürülmüş nümunələr barədə toplanmış məlumatlar peyvəndləmə və digər profilaktik tədbirlərin görülməsi üçün yerli heyvan sağlamlığı və baytarlıq xidmətləri idarələrinə göndərilir.

Agentlikdən bildirilib ki, xəstəliklərin qarşısının alınması üçün mübarizə tədbirlərinə heyvanların müntəzəm peyvəndlənməsi və sağlamlıq nəzarəti; təsərrüfatlarda biotəhlükəsizlik qaydalarına əməl olunması; qida məhsullarının təhlükəsiz emalı və saxlanması; ictimai maarifləndirmə və risk kommunikasiya tədbirləri daxildir:

“Heyvan xəstəliklərinin qarşısının alınması üçün müvafiq dövlət orqanları məsələni daim diqqətdə saxlayır və mübarizə tədbirlərini davam etdirirlər”.

Səhiyyə Nazirliyi: Azərbaycanda son 30 il ərzində insanlar arasında dabaq xəstəliyi qeydə alınmayıb

Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib ki, Azərbaycanda son30 il ərzində insanlar arasında dabaq xəstəliyinə yoluxma halları qeydə alınmayıb.

Qeyd olunub ki, dabaq xəstəliyi zoonoz (yəni heyvandan insana keçə bilən) xəstəlikdir və insanlara əsasən xəstə cütdırnaqlı heyvanlarla birbaşa təmas zamanı, eləcə də heyvan mənşəli çiy qida məhsullarının istehlakı nəticəsində keçə bilər:

"Dabaq xəstəliyinin spesifik müalicəsi yoxdur. Təsərrüfatda belə hallar aşkarlanarsa, heyvanların sanitar qaydada kəsilməsi və ət məhsullarının termik emal edilməsi tövsiyə olunur".

Vurğulanıb ki, xəstəliyin ictimai sağlamlığa potensial təsirini nəzərə alaraq, təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl edilməli, həmçinin insanlar çiy və ya tam bişməmiş heyvandarlıq məhsullarının istehlakından çəkinilməlidirlər.

Onu da qeyd edək ki, Azərbaycan Dabaq Xəstəliyinə Nəzarət üzrə Avropa Komissiyasının Nizamnaməsinə qoşulacaq.

Belə ki, Milli Məclisin 30 sentyabr tarixli iclasında “Dabaq Xəstəliyinə Nəzarət üzrə Avropa Komissiyasının Nizamnaməsinə qoşulmaq haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb və qəbul edilib.

Qeyd edək ki, dabaq xəstəliyi ət bazarına da təsirsiz ötüşməyib. Belə ki, ət alanların sayında qismən azalma müşahidə edilir.

Bazarlarda mal ətinin, xüsusilə erkək dana ətinin qiymətində artım müşahidə olunur.

Mina Mikayılova


SON XƏBƏRLƏR

21 Oktyabr 2025