Türkiyənin Kahramanmaraş şəhərindəki məktəb hücumunun faili ilə bağlı yeni görüntülər yayılıb.
Bakıvaxtı.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kahramanmaraşda baş verən və 10 nəfərin həyatını itirdiyi məktəb hücumunun 14 yaşlı faili İsa Aras Mersinli ilə bağlı yeni detallar üzə çıxıb.
Xarici mətbuatda yer alan məlumatlara görə, onun internet vasitəsilə tanış olduğu argentinalı dostunun açıqlamaları gündəmə gəlib. Bildirilib ki, İsa daha əvvəl dəfələrlə ətrafına "məktəbə hücum edəcəyəm" desə də, bu sözlər yaxınları tərəfindən zarafat kimi qəbul olunub.
Onun şəxsi həyatı ilə bağlı da diqqətçəkən iddialar səsləndirilib. Dostunun sözlərinə görə, İsa özünü fərqli şəkildə ifadə edir, bəzən qadın geyimləri geyinərək dostları ilə ünsiyyət qururdu. Hətta onların çoxşaxəli münasibətdə olduqları da iddia edilib.
Sosial şəbəkələrdə yayılan görüntülərdə İsanın qadın paltarında video çəkdiyi, başqa bir videoda isə canlı yayım zamanı silahın darağına güllə doldurduğu anlar əks olunub.
Bundan əlavə, onun uşaqlıq dövrünə aid parkda oyun oynadığı kadrlar da yayılıb və bu görüntülər cəmiyyətdə geniş müzakirələrə səbəb olub.
Hadisə ilə bağlı araşdırmalar davam edir./Milli.az
Bakı 




