DİN BNMİ-nin Sumqayıtda keçirdiyi əməliyyat nəticəsində 67 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.
Bakıvaxtı.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi (BNMİ) narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni davam etdirir. İdarənin əməkdaşları tərəfindən Sumqayıt şəhərində həyata keçirilmiş sonuncu xüsusi əməliyyat nəticəsində narkoşəbəkənin iki üzvü – İbrahim Əliyev və Elçin Hüseynov saxlanılıb.
Əməliyyat zamanı onların idarə etdikləri nəqliyyat vasitəsindən ümumilikdə 67 kiloqram 290 qram marixuana aşkarlanıb. Məlum olub ki, bu narkotik vasitələrin tərkibinə zərərli maddələr də əlavə olunub.
Saxlanılan şəxslər ilkin ifadələrində İran vətəndaşı ilə cinayət əlaqəsinə girdiklərini etiraf ediblər. Bildiriblər ki, narkotik vasitələri Abşeron rayonu ərazisindən əvvəlcədən razılaşdırılmış yerdən götürərək maddi gəlir məqsədilə satışını təşkil etməyi planlaşdırıblar.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmə qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib. DİN-dən verilən məlumata görə, onların daxil olduqları narkoşəbəkənin digər üzvlərinin də ifşası istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.