• Bakı 22° C

    7.74 m/s

  • USD - 1.7

    EUR - 1.9944

    RUB - 2.1616

Dostluqdan qarşıdurmaya: Yekaterinburq hücumu və Kremlin susqunluğu

SİYASƏT

30 Iyun 2025 | 17:22

Dostluqdan qarşıdurmaya: Yekaterinburq hücumu və Kremlin susqunluğu

Son dövrlərdə Rusiyada baş verən hadisələr, xüsusilə də Yekaterinburq şəhərində azərbaycanlılara qarşı törədilmiş vəhşilik, təkcə bir cinayət hadisəsi deyil, daha geniş və təhlükəli tendensiyanın – irqçilik, islamofobiya və sistemli diskriminasiyanın bariz təzahürüdür.

2024-cü ilin dekabrında Azərbaycanın mülki təyyarəsinin vurulması ilə başlayan gərginlik, iyunun 27-də Federal Təhlükəsizlik Xidmətinin azərbaycanlıların yaşadığı ünvanlara qəfil və amansız hücumu ilə kulminasiya nöqtəsinə çatdı. Bu hadisələr Azərbaycanın ictimai-siyasi dairələrində haqlı narazılıqla qarşılanmaqla yanaşı, beynəlxalq hüquq və insan haqları baxımından da ciddi narahatlıq doğurur. Rusiyanın uzun illərdən bəri yürütdüyü şovinist və assimilyasiyaedici siyasət bu dəfə daha açıq, daha sərt və daha hədəfli şəkildə Azərbaycan vətəndaşlarına yönəlib. Artıq bu zorakılıq, hüquqsuzluq və ayrı-seçkilik halları təsadüfi deyil, planlı və məqsədli bir siyasətin tərkib hissəsi kimi qiymətləndirilir. Bu yazıda Yekaterinburqda baş verən cinayətin siyasi, hüquqi və ictimai ölçüləri təhlil ediləcək, Rusiyanın azərbaycanlılara və ümumən müsəlman icmalarına qarşı artan təzyiqlərinin səbəbləri və nəticələri araşdırılacaqdır.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib ki, Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı baş vermiş hadisələr misli görünməmiş qəddarlıqla müşayiət olunan ağır cinayət kimi qiymətləndirilməlidir. Heç bir günahı olmayan soydaşlarımızın polis tərəfindən amansız şəkildə öldürülməsi təkcə insani dəyərlərə deyil, həm də beynəlxalq hüquq prinsiplərinə ziddir:

"2024-cü il dekabrın 25-də AZAL-a məxsus Bakı-Qroznı marşrutu üzrə uçan mülki təyyarənin Rusiya ərazisində vurulmasından sonra Yekaterinburqda baş verən bu hadisələr Rusiyanın irqçi və şovinist siyasətinin davamı kimi dəyərləndirilir. Həmin şəhərdə azərbaycanlıların yaşadığı evlərə edilən hücumlar, günahsız insanların həyatına son qoyulması və işgəncəyə məruz qalması Rusiyanın uzun illərdən bəri davam edən milliyyətçi və dözümsüz yanaşmasının bariz nümunəsidir. Bu zorakılıq təkcə yerli bir insident deyil, son dövrlərdə Rusiya ərazisində azərbaycanlılara qarşı artmaqda olan təxribatların davamıdır. Təyyarə insidenti ilə bağlı hələ də rəsmi açıqlamanın verilməməsi və məsul şəxslərin cəzalandırılmaması, hüquq-mühafizə orqanlarının susqun və fəaliyyətsiz mövqeyi narazılığı daha da artırır".

Vüqar Rəhimzadə, Milli Məclisin deputatı

Onun sözlərinə görə, Ukrayna ilə apardığı müharibədə gözlədiyi uğuru qazana bilməyən Rusiya, indi də digər xalqlardan "düşmən obrazı" yaratmağa çalışır. Kremlin təbliğat maşınının önündə gedən Solovyov kimi şəxslərin Azərbaycana qarşı yönəlmiş açıq şovinist və təhqiramiz çıxışları bu siyasətin təsadüfi deyil, mərkəzdən idarə olunan bir proses olduğunu açıq şəkildə göstərir. Millət vəkili vurğulayıb ki, əgər Rusiya dini və etnik baxımdan yaxın olduğu Ukrayna xalqına qarşı bu qədər sərt və dağıdıcı siyasət yeridirsə, şəhər və kəndləri yerlə-yeksan edir, Buçada baş vermiş kütləvi qırğın kimi faciələrə imza atırsa, digər xalqlara qarşı daha amansız münasibətin sərgilənməsi artıq təəccüb doğurmur: 

"Bu gün Rusiyada azərbaycanlılara, eləcə də özbək, qırğız, türkmən və digər Orta Asiya xalqlarının nümayəndələrinə qarşı sistemli şəkildə ayrı-seçkilik və şovinist yanaşma tətbiq olunur. Ölkənin hüquq-mühafizə qurumları tərəfindən ortaya atılan və tez-tez istifadə olunan "etnokriminal" anlayışı isə, faktiki olaraq, etnik azlıqları əvvəlcədən günahkar kimi cəmiyyətə təqdim etmək üçün hüquqi zəmin yaratmaq məqsədi daşıyır. Millət vəkili Vüqar Rəhimzadənin sözlərinə görə, Yekaterinburqda baş verənlər təsadüfi deyil, əvvəlcədən hazırlanmış və məqsədli şəkildə həyata keçirilmiş cinayət aktıdır. Azərbaycanlılara qarşı reallaşdırılmış zorakılıq, işgəncə və qətllər – bütün bu qanunsuz əməllər dərhal araşdırılmalı, məsul şəxslər ədalət qarşısında cavab verməlidir. Rusiya tərəfindən yürüdülən bu siyasət, ikitərəfli münasibətlərdə inamsızlıq yaratmaqla yanaşı, daha geniş qarşıdurmalara yol aça biləcək təhlükəli bir istiqamətə yönəlir".

Əli Hüseynov


SON XƏBƏRLƏR