Cənubi Qafqaz XXI əsrin ən mühüm geosiyasi mərkəzlərindən birinə çevrilib. Regionun tarixən mürəkkəb və ziddiyyətli münasibətlər sistemi, etnik qarşıdurmalar, böyük güclərin maraqlar toqquşması fonunda bu coğrafiya uzun illər boyunca qeyri-sabitliyin sinonimi olub.
Lakin son illərdə bu tendensiya dəyişməkdədir. Xüsusilə 2020-ci ilin Vətən müharibəsindən sonra Azərbaycan regional siyasi arxitekturanın əsas formalaşdırıcı aktoruna çevrilib.
Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi yalnız hərbi-siyasi qələbə deyil, həm də Cənubi Qafqazda yeni reallıqların yaranmasının başlanğıcı oldu. Separatizmin və terrorizmin aradan qaldırılması, sülh danışıqlarının konkret fazaya keçməsi və beynəlxalq nəqliyyat layihələrinin aktuallaşması regionda tamamilə yeni oyun qaydalarını ortaya çıxarıb. Bu reallığın formalaşmasında Azərbaycanın iradəsi və qətiyyətli addımları əsas rol oynayır.
Məhz bu səbəbdən regionda maraqları olan qlobal güclər artıq Azərbaycanın mövqeyini nəzərə almadan heç bir planı həyata keçirə bilməz.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a politoloq Elçin Xalidbəyli bildirib ki, hazırda Cənubi Qafqazda yeni bir mərhələ başlayıb – yeni açılımlar, yeni məlumatlar və yeni oyun qaydaları formalaşır. Bu dəyişikliklərin arxasında isə Azərbaycanın siyasi iradəsi dayanır:
"Azərbaycan Cənubi Qafqazda regional münaqişəni sona çatdırmaq, ərazi bütövlüyünü təmin etmək, separatizmi və terrorizmi aradan qaldırmaqla mühüm dönüş nöqtəsi yaradıb. Bunun nəticəsində bölgədəki erməni planlarına qarşı effektiv şəkildə mübarizə aparılıb və yeni kapital axını üçün şərait formalaşıb. Bu proses nəticəsində bölgədə geosiyasi, geoiqtisadi və geostrateji baxımdan tamamilə yeni bir situasiya yaranıb. Bu situasiyanın əsas nəzarət nöqtəsi isə artıq Rəsmi Bakıdadır".
Elçin Xalidbəyli, politoloq
Onun sözlərinə görə, bu səbəbdən, Cənubi Qafqazda maraqları olan qlobal oyunçular Azərbaycanın rolunu nəzərə almadan hərəkət edə bilməz. Əks halda, bu regionda heç bir xarici güc və ya beynəlxalq aktorun maraqları reallaşa bilməyəcək:
"Azərbaycanın coğrafi mövqeyi və təşəbbüsləri regionun strateji əhəmiyyətini daha da artırıb. Bununla yanaşı, bəzi xarici aktorlar və ermənipərəst Qərb dairələri müəyyən təzyiq cəhdləri göstərirlər. Lakin bunlar yalnız konkret zaman kəsiyində və məhdud şəkildə təsir göstərə bilər. Əgər Azərbaycan ilə Ermənistan arasında sülh sazişi imzalanarsa və eyni zamanda Zəngəzur dəhlizi açılarsa, bu proseslər Cənubi Qafqazın gələcək inkişafının əsas istiqamətlərini müəyyənləşdirəcək".
Politoloq onu da qeyd edib ki, bölgənin gələcəyi bu iki mühüm faktordan – sülh sazişinin imzalanması və Zəngəzur dəhlizinin açılmasından asılı olacaq. Bu proseslər uğurla başa çatdıqdan sonra Cənubi Qafqazda maraqları olan qlobal aktorların manevr imkanları da daha dəqiq və məhdud çərçivədə müəyyən olunacaq:
"Bu nöqtədən sonra isə Cənubi Qafqaz artıq stabil və idarəolunan bir siyasi-coğrafi mətn halına gələcək".
Əli Hüseynov