• Bakı 11° C

    6.86 m/s

  • USD - 1.7

    EUR - 2.0272

    RUB - 2.2385

Şam-SDQ razılaşması: Suriyada yeni balans

SİYASƏT

31 Yanvar 2026 | 13:09

Şam-SDQ razılaşması: Suriyada yeni balans

Hazırda Suriya ətrafında baş verən proseslər sadəcə texniki bir atəşkəs və ya inzibati razılaşma deyil. Bu, Suriyanın gələcək dövlət modelinin necə olacağına dair səssiz, amma çox dərin bir siyasi dizaynın tərkib hissəsidir. 

Şam hökuməti ilə Suriya Demokratik Qüvvələri (SDQ/YPG) arasında elan edilən razılaşma kağız üzərində “inteqrasiya” kimi təqdim olunsa da, mahiyyət etibarilə bu, formal mərkəzləşmə, faktiki muxtariyyət modelidir.

Razılaşmanın əsas xətti ondan ibarətdir ki, SDQ silahlı qüvvə kimi ləğv edilmir, əksinə struktur dəyişdirərək Suriya ordusunun tərkibinə briqada və diviziya formasında daxil edilir. Bu isə klassik dövlət inteqrasiyasından fərqli olaraq, sahədə mövcud güc balansının qorunması deməkdir. Yəni SDQ ad olaraq yox olur, amma kadr, komanda və nəzarət mexanizmləri yerində qalır. Xüsusilə Haseke, Qamışlı, Kobani və Hələb xəttində təhlükəsizlik qüvvələrinin böyük hissəsinin yenə də kürd elementlərdən formalaşması bunu açıq göstərir.

Burada ABŞ faktoru həlledici rol oynayır. ABŞ birbaşa şəkildə SDQ-nin üç briqadasının qorunmasını üzərinə götürür və bu qüvvələrin Şamın tam nəzarətinə keçməsinə imkan vermir. Bu, Vaşinqtonun Suriyadan çəkilmədiyini, sadəcə formanı dəyişdirdiyini göstərir. ABŞ üçün əsas məqsəd YPG-ni tam sıradan çıxarmaq yox, onu idarə olunan, balans yaradan bir alət kimi saxlamaqdır. Bu alət həm İranın, həm Rusiyanın, həm də Türkiyənin manevr imkanlarını məhdudlaşdırır.

Türkiyənin mövqeyi isə burada çox incə xətt üzərində qurulub. Ankara prinsipial olaraq “vahid dövlət, vahid ordu” mövqeyini dəstəklədiyini desə də, faktiki reallıqda YPG-nin tam əriməsinin qarşısını alan bu modeli qəbul etməyə məcbur qalır. Çünki alternativ ssenari ya açıq hərbi eskalasiya, ya da ABŞ ilə birbaşa toqquşma riskini artırır. Türkiyə üçün əsas qırmızı xətt YPG-nin Türkiyə sərhədləri boyunca müstəqil və açıq siyasi-hərbi struktur kimi möhkəmlənməməsidir. Hazırkı model isə bunu rəsmi səviyyədə gizlədir, amma tam aradan qaldırmır.

Bu kontekstdə çoxlarının YPG-PKK məsələsini vaxtilə Qarabağ problemi ilə eyniləşdirməsi strateji baxımdan doğru deyil. Çünki Qarabağ məsələsində Azərbaycan münaqişəni həll edərək gücünü artırdı və orta gücə çevrildi. Türkiyə isə regional gücdən böyük gücə keçid mərhələsində olduğu üçün bəzi münaqişə ocaqlarının tam sönməsini yox, idarə edilən səviyyədə qalmasını bəzən daha məqsədəuyğun hesab edir. Bu, acı səslənsə də, böyük güclərin klassik davranış modelidir.

Nəticə etibarilə, Suriyada elan edilən bu razılaşma nə Şamın tam qələbəsidir, nə də YPG-nin məğlubiyyəti. Bu, hamının bir qədər qazandığı, amma heç kimin tam istədiyini ala bilmədiyi balans razılaşmasıdır. Suriya ərazi bütövlüyünü kağız üzərində bərpa edir, ABŞ təsir alətini saxlayır, YPG adını itirib mahiyyətini qoruyur, Türkiyə isə təhlükəni tam yox etməsə də, nəzarət altında saxlamağa çalışır.

Əsl sual budur: bu model neçə il davam edə bilər və ilk böyük regional silkələnmədə hansı tərəf bundan vaz keçəcək? Məhz Suriyanın gələcək taleyi bu sualın cavabından asılı olacaq.

Züriyə Qarayeva


SON XƏBƏRLƏR

30 Yanvar 2026