Orqan transplantasiyası koordinasiya tələb edən mürəkkəb bir prosesdir və bu sahədə effektiv mexanizmin qurulması həlledici əhəmiyyət daşıyır.
Bakıvaxtı.az xəbər verir ki, bunu Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin rəhbəri Yeganə Abbasova “Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər” mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı deyib.
Yeganə Abbasova bildirib ki, Koordinasiya Mərkəzinin yaradılması üçün ilk növbədə hüquqi baza formalaşdırılıb. Onun sözlərinə görə, bu prosesdə Milli Məclisin Səhiyyə Komitəsinin və Səhiyyə Nazirliyinin mühüm rolu olub. Hüquqi sənədlər hazırlandıqdan sonra 2022-ci ildə vahid informasiya sisteminin yaradılmasına başlanılıb.
Mərkəz rəhbəri qeyd edib ki, yaradılan rəqəmsal sistemə ölkədə reanimasiya şöbələrində süni nəfəs aparatları olan bütün mənbə xəstəxanalar, transplantasiya əməliyyatlarını icra edən tibb müəssisələri, eləcə də böyrək, qaraciyər, ürək, buynuz qişa və digər transplantasiyaları gözləyən pasiyentlərin vahid gözləmə siyahıları daxildir.
Yeganə Abbasova vurğulayıb ki, beyin ölümü diaqnozunun qoyulması ilə bağlı xüsusi protokol hazırlanıb və bu prosesdə Səhiyyə Nazirliyi ilə yanaşı, müvafiq təlim institutları da iştirak edib. Onun sözlərinə görə, 2023-cü ildən etibarən bu protokol anesteziologiya və reanimatologiya ixtisasları üzrə tədris proqramlarına daxil edilib, gələcəkdə isə nevropatoloqlar üçün də tətbiqi nəzərdə tutulur.
Mərkəz rəhbəri bildirib ki, bütün mərhələlərdə maarifləndirmə işi həlledici rol oynayıb. Bu çərçivədə ali təhsil müəssisələrində tələbələrlə görüşlər keçirilib, TƏBİB-in tabeliyində fəaliyyət göstərən 159 mənbə xəstəxana prosesə cəlb olunub.
Yeganə Abbasova əlavə edib ki, 4 avqust 2023-cü ildən transplantasiya əməliyyatlarının icbari tibbi sığortanın xidmətlər zərfinə daxil edilməsi mühüm dönüş nöqtəsi olub. Onun sözlərinə görə, Koordinasiya Mərkəzinin fəaliyyətə başladığı dövrdə cəmi 50 nəfər orqan donoru olmağa razılıq vermişdisə, ilk meyit donor transplantasiyasından sonra bu rəqəm 200-dən çox olub.
Mərkəz rəhbəri qeyd edib ki, ölümündən sonra orqanlarını bağışlayan insanların sayının artması Azərbaycan cəmiyyətində humanist və insanpərvər dəyərlərin güclü olduğunu göstərir.
Zeynəb Rzayeva
Bakı 




