• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

“Dövlət başçısının gənclərə belə etimad göstərməsi bir inqilabi prosesdir”-Deputat

MEDİA

28 Avqust 2021 | 11:03

“Dövlət başçısının gənclərə belə etimad göstərməsi bir inqilabi prosesdir”-Deputat

İstiqamət: 6.3.10. Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi.

Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və onlarda vətənpərvərlik hisslərinin formalaşdırılması cəmiyyətimizdə hər zaman aktual məsələlərdən olub. İstər hökumət, istərsə də qeyri-hökumət təşkilatları həmişə bu istiqaməti əsas prioritet hesab edərək müxtəlif tədbirlər, layihələr həyata keçiriblər.
44 günlük Vətən müharibəsi Azərbaycanda formalaşdırılmış milli ideologiyanın, baş qaldırmış milli mənlik şüurunun, dirçəlmiş ənənələrin, möhkəmlənmiş dövlətçiliyin bariz nümunəsidir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-ın suallarını Milli Məclisin deputatı Elnur Allahverdiyev cavablandırıb. 

-Elnur müəllim,  gənc nəslin inkişafı üçün gənclərin dövlət və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının  təmin  olunması istiqamətində hansı addımlar atılıb? Hansı addımlar atılmalıdır?

-Bir neçə gün öncə, avqustun 12-də bütün dünyada Beynəlxalq Gənclər Günü qeyd edildi. Bildiyiniz kimi, bu əlamətdar gün beynəlxalq əhəmiyyətli günlər arasında nisbətən gənc tarixdir. Səhv etmirəmsə, BMT səviyyəsində 2000-ci ildən etibarən qeyd olunur. Gənclər gününün XXI-ci əsrdən etibarən xüsusi qeyd olunması dünyadakı proseslərdə gənc nəslin çəkisinin artdığını göstərir. Eyni zamanda onu da əlavə edim ki, bizdə Gənclər Günü Ümummilli lider Heydər Əliyevin fərmanı ilə 1997-ci ildən qeyd olunur. Yəni BMT-dən 3 il əvvəl. Məncə bu faktın özü Azərbaycanda gənclərə, gənclər siyasətinə nə qədər böyük önəm verildiyinin göstəricisdir.
Hazırda gənclər siyasəti ilə bağlı istinad etdiyimiz sənəd Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramıdır. Bu sənəddə gənclərin vətənpərvərlik ruhunda tərbiyyəsi ilə yanaşı onların müasir dünyanın çağırışlarına cavab verəcək təhsillə təmin olunması, müvafiq dünyagörüşünə malik olmaları üçün tədbirlər əks olunur. Mən burada bir məqama xüsusi toxunmaq istəyirəm. Sənəddə gənclərin innovativ düşüncə və rəqabətə davamlı biliklər əldə etmələrinə xüsusi toxunulur. Belə dünşüncə və dünyagörüşü gənclərə imkan verəcək ki, yüksək texnologiyalar əsrində müvafiq peşə seçimində yanılmasınlar. Söhbət nədən gedir? Bilirsiniz ki, hazırda nanotexnologiyalar, süni intellekt dövrüdür. Əgər birinci və ikinci sənaye inqilabları arasında onilləri əhatə edən dövr olubsa, dördüncü inqilab üçüncünü sanki göz qırpımında əvəzlədi. Bu, bizə sadə proses kimi gəlməməlidir. Çünki hər yeni texnoloji formasiya özü ilə bərabər yeniliklərlə yanaşı problemlər də gətirir. Bunlardan ən əsası məşğulluq məsələsidir. Bir çox peşələr aktuallığını itirir, yeniləri yaranır. Fikrimcə, bizim qarşıdakı illərdə ən ciddi vəzifələrimizdən biri bu reallıqdan çıxış edib dəyişikliklərə hazırlıqlı olmağımızdır. Söhbət təhsildən tutmuş, məşğulluğadək geniş spektr məsələlərdən gedir.

-Gənclərin potensialından ölkə mənafeyi naminə düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmini, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə dövlət proqramlarının və könüllük fəaliyyətini necə dəyərləndirirsiniz?

-Son bir neçə ildə dövlət idarəçiliyində mühüm vəzifələrə gənclərin təyin olunması Prezident cənab İlham Əliyevin kadr islahatları və gənclər siyasətinin ana xəttini təşkil edir. Eyni zamanda, kadr islahatları bütövlükdə hərtərəfli islahatların mühüm komponenti kimi çıxış edir, çünki sirr deyil ki, insan fəaliyyətinin istənilən sferasında – iqtisadiyyatda, siyasətdə, hərbdə, - hər yerdə mərkəzi fiqur kadrdır. Məncə, dövlət başçısının gənclərə belə etimad göstərməsi bir inqilabi prosesdir. Götürək işğaldan azad olunmuş ərazilərimizi. Bütün işlərin başında gənclərimizdir. Savadlı, təhsilli, müasir. Şuşa bizim qəlbimizin paytaxtıdır. Cənab Prezident Şuşanın bərpasını gənc kadrlara həvalə edib. Ağdam yenidən tikilir, yenə də cavabdeh gənclərimizdir. Məncə bu fakt sualınızdakı həm məşğulluq, həm də dövlət idarəçiliyindəki iştirak kimi məqamları əhatə edir.
Daha bir pozitiv amilə toxunmaq istəyirəm. Bölgələrimizdə, rayonlarımızda inanılmaz savadlı, təşəbbüskar gənc nəsil meydana gəlib. Mənim təşəbbüsümlə Vikipediya açıq ensiklopediyada Azərbaycanın maraqlarına cavab verən, daha doğrusu, həqiqətləri əks etdirən məqalələrin yerləşdirilməsi üçün könüllülərdən ibarət bir klub, hərəkat yaranıb. Könüllü gənclərimizin müxtəlif dillərdə tarix, mədəniyyət, memarlıq və s.mövzularda məqalələr yaradıb platformada yerləşdirdiklərini görüb qürurlanmamaq olmur. Özü də bu gənclərin böyük bir qismi rayonlarda – Gədəbəydə, Biləsüvarda, Neftçalada fəaliyyət göstərirlər. Fikrimcə, bizim gəncliyimizi gələcəkdə daha parlaq günlər gözləyir.

-Azərbaycan gəncliyi Vətən müharibəsində yeni bir qəhrəmanlıq tarixi yazdı. Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi istiqamətində görülən işlərə münsibətiniz necədir? Bu məsələlərlə bağlı hansı təklifləriniz var?

-Vətən müharibəsində gənclərimizin yazdığı şücaət tarixi dövlət tərəfindən aparılan siyasətin, vətənpərvərlik ruhunun uşaqlarımıza aşılanmasının nəticəsidir. Təhsilimizlə bağlı çoxlu tənqidlər eşitməyə alışmışıq, ancaq bu qəhrəmanlıqda təhsil sistemimizin xidmətlər yoxdurmu? Əlbəttə, var! Məncə, bizim yeni nəsil gənclər, müharibəyə könüllü gedib torpaqlarımızı 30 illik işğaldan qurtarmış bu övladlarımız fəxr etdiyimiz nələrimiz varsa, onların ən müqəddəsidirlər. Bu gənclər xalqımızın varlığı, zənginliyidir. Müzəffər Ali Baş Komandanın bu əsgərləri hər biri bir qəhrəman olmaqla yanaşı, həm də dövlətimizin bütövlüyünün simvollarıdır. Fikrimcə, elmdə, mədəniyyətdə, idmanda və digər sahələrdə özünü sübut etmiş gənclər bir tək hərbdə sübut etməli idi, bu işin də içindən üzüağ çıxdılar.
Vətən müharibəsindəki qələbə orduya, hərb peşəsinə həm hörməti artırıb, həm də marağı. Bu baxımdan, biz bu tarixi fürsətdən, gerçəklikdən istifadə edərək əsgərə, zabitə, orduya diqqəti daha da artırmalı, gənclərin marağını hərb elminə, o cümlədən, hərbi sənaye istiqamətinə yüksəltməliyik. Dövlətin müstəqilliyinin, bütövlüyünün təminatı ordudur, əsgərdir. Ordumuz nə qədər ki güclüdür, tarixin ironiyası nəticəsində qonşumuz olmuş ermənilər bir daha ərazimizə soxula bilməzlər.

Ramid İbrahimov 

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.


“Dövlət başçısının gənclərə belə etimad göstərməsi bir inqilabi prosesdir”-Deputat
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026