• Bakı 19° C

    3.6 m/s

  • USD - 1.7

    EUR - 1.9053

    RUB - 1.9948

Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi

MEDİA

04 Sentyabr 2021 | 12:38

Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi

İstiqamət: 6.3.2. fikir, söz və məlumat azadlığının, plüralizmin inkişf etdirilməsi

Demokratiyanın əsas göstəricilərindən sayılan söz və məlumat azadlığı prinsipi dövlətlərin, xalqların hərtərəfli inkişafında, cəmiyyətlərin formalaşmasında müstəsna rol oynayır. Azərbaycan da söz azadlığının qorunduğu, mətbuat azadlığı prinsipinə hörmətlə yanaşılan ölkələrdəndir.

Söz azadlığı dünyada bəlkə də, ən əvəzolunmaz nemətlərdəndir. Bəşər övladının azad mühitdə yaşayıb, öz fikrini sərbəst ifadə etməsindən yaxşı heç nə ola bilməz. Fikir, söz və məlumat azadlığı, sərbəst düşüncənin ifadə olunması üçün hüquqların təmin olunması kütləvi informasiya vasitələrinin və bütövlükdə müasir informasiya cəmiyyətinin söykəndiyi əsas dəyər və məqsəd olmaqla bərabər, ölkənin demokratik inkişaf səviyyəsini müəyyənləşdirməyə imkan verən əsas elementlərdəndir. İnsan hüquq və azadlıqlarının ayrılmaz hissəsi olan söz, fikir və ifadə azadlığı və bunların təminatı hər bir ölkədə demokratiyanın nə dərəcədə inkişaf etdiyinin və demokratik təsisatların nə dərəcədə uğurlu işləməsinin əsasını təşkil edir.

Azərbaycanda söz və mətbuat azadlığının təmin olunması Ümummilli lider Heydər Əliyevin səyi nəticəsində başa gəlib. Bu, danılmaz bir faktdır. Ümummilli liderin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkədə müstəqil mətbuat inkişaf etdi, söz və məlumat azadlığının yüksək səviyyədə təmin olunması istiqamətində ardıcıl, məqsədyönlü tədbirlər həyata keçirildi.

Sirr deyil ki, Azərbaycanda kütləvi informasiya vasitələrinin azad fəaliyyətini təmin edən qanunvericilik bazası Avropa standartlarına cavab verməklə yanaşı, bir sıra ölkələr üçün model qanun hesab olunur. Nəzərə almaq lazımdır ki, Azərbaycanda KİV-in fəaliyyətini təmin edən qanunvericilik aktları Avropa Şurasının ekspertləri tərəfindən müsbət qiymətləndirilib. Mütəxəssislər hesab edirlər ki, demokratiyanın əsas göstəricilərindən sayılan söz və məlumat azadlığı prinsipi dövlətlərin, xalqların hərtərəfli inkişafında, cəmiyyətlərin formalaşmasında müstəsna rol oynayır.

Plüralist cəmiyyətin yetişməsi üçün fikir, söz, məlumat azadlığı kimi insan azadlıqlarının nə qədər vacib məsələ olduğu şübhə belə doğura bilməz. Çünki, daim tərəqqiyə can atan insan fikir, söz, məlumat azadlığı olmadan tərəqqiyə nail ola bilməz.

“Ədalət” qəzetinin baş redaktoru, əməkdar jurnalist İradə Tuncay Bakıvaxtı.az-a bildirib ki, hər bir insanın öz içində senzurası var: “Hər kəs nə danışdığına özü nəzarət etməlidir. Mən Azərbaycanı qapalı ölkə hesab etmirəm. Bəzən kimsə deyir ki, Azərbaycanda söz azadlığı yoxdur. Mən bu fikirlə razılaşmıram. Əlbəttə ki, ölkədə söz azadlığı var. Lakin əsas məsələ budur ki, bu söz azadlığına kim necə nəzarət edir”.

Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini, deputat Fazil Mustafa bildirib ki, Azərbaycanda söz azadlığı mərhələsi çoxdan bitib: “Sosial şəbəkələr yarandıqdan sonra heç qanunla tənzimlənməyəcək dərəcədə daha geniş söz azadlığı mövcuddur. Əslində ən acınacaqlı durum odur ki, təhqir və böhtan azadlığı da kifayət qədər genişlənib. Artıq sözün dəyəri itməyə başlayıb. Söz azadlığı, həm də fikir azadlığı ilə adekvat səslənən bir anlayışdır. Lakin bizdə fikir azadlığını təhqir və böhtan kimi xarakterizə edirlər”.

Deputatın sözlərinə görə, bu da cəmiyyətin təhsil və mədəni səviyyəsinin kifayət qədər inkişaf etməməsindən qaynaqlanan bir durumdur: “Diqqət etsək görərik ki, bir çoxları əks tərəfə öz fikrini təhqir üzərindən çatdırır. Əksər dindarların leksikonunda da eyni mənzərə ilə qarşılaşırıq. Onlar hətta Qurandan gələn məsuliyyət hissindən tamamilə uzaqlaşaraq, fikirlərini ancaq söyüşlə ifadə edirlər. Eyni zamanda, ziyalı kimi tanınan bir çoxlarında da eyni prosses gedir. Bizdə söz azadlığının hüdudlarının məhdudlaşdırılmasından söhbət belə gedə bilməz. Biz özümüz müəyyən dərəcdə söz azadlığını fikir ifadəetmə azadlığına çevirməliyik”.

Nuranə Daxilqızı

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

 


Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR