• Bakı 15° C

    7.38 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

“Sahibkarlar ölkəmizin sosial-iqtisadi inkişafında xüsusi çəkiyə malikdir” 

MEDİA

24 Sentyabr 2021 | 16:48

“Sahibkarlar ölkəmizin sosial-iqtisadi inkişafında xüsusi çəkiyə malikdir”

İstiqamət: 6.3.12. azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi

Azərbaycan hökuməti bildirir ki, ölkədə həyata keçirilən iqtisadi siyasətin əsas prioritetlərindən biri də əlverişli biznes mühiti yaratmaqla daxili və xarici investisiyaların cəlb edilməsi və qeyri-neft sektorunun güclü inkişafına nail olunmaqdır.  

Bakıvaxtı.az-ın əməkdaşı mövzu ilə bağlı iqtisad elmləri üzrə fəlsəfə doktoru Elmir Səfərli ilə həmsöhbət olub.

Müsahibəni təqdim edirik:

-Elmir bəy, Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrinə investisiyaların stimullaşdırılması  və ixracın təşviqi üçün hansı addımlar atılmalıdır?

-Müstəqillikdən sonra Azərbaycan iqtisadiyyatının formalaşmasında əsas prioritet sahə neft-qaz sektoru olub. Bu baxımdan demək olar ki, “Əsrin müqaviləsi” imzalanmasından 2005-ci ilə qədər Azərbaycanda ümumi investisiya həcminin böyük hissəsi neft-qaz sektoruna yönəldilib. Statistik rəqəmlərə baxsaq görərik ki, hətta 2000-2017-ci illər arasında belə birbaşa xarici  investisiya həcminin demək olar  85%-dən çoxu neft sektoruna edilmiş investisiyalardır. Lakin 2010-cu ildən etibarən aparılan islahatların gücləndirilməsi, qeyri-neft sektorunun inkişaflı ilə bağlı konsepsiyaların tətbiqi, eləcə də, qeyri-neft sektoruna dövlət dəstəyinin əhəmiyyətli dərəcə gücləndirilməsi, yeni çağırışlara uyğun strateji hədəflərin müəyyənləşdirilməsi iqtisadıyyatın şaxələndirilməsi üçün xüsusi əhəmiyyət kəsb etdi. Məsələn, investisiya təşviqi sənədini almış hüquqi və fiziki şəxslər həmin sənədi aldığı müddətdən 7 il içərisində xüsusi güzəştlər əldə etdilər və ya ixrac təşviqi şamil olunan mallar siyahısında nəzərdə tutulan məhsulların ixracı zamanı gömrük dəyərinin 3-6 faiz hissəsi büdcə hesabına geri ödənildi. Bu kimi təşviq və promo strategiyalar sahibkarların qeyri-neft sektoru sahəsində məhsul və xidmətlərin istehsalına investisiyalara yönəldir. Düşünürəm ki, biz hələ də qeyri-neft sektorunun hədəf inkişaf nöqtəsinə çatmamışıq. Bu baxımdan dövlət səviyyəsində istər xarici investisiyaların, istər yerli investisiyaların stimullaşdırılmasında və təşviqində xüsusi ciddi addımlar atmalıyıq.

  • Birinci növbədə müxtəlif sahələr üzrə yerli istehsalın gücləndirilməsi istiqamətində dövlət təşviqi proqramları artırılmalı, xüsusi vergi və gömrük subsidiyaları tətbiq olunmalı, istehsal olunan məhsulların ixrac potensialının artırılması istiqamətində sahibkarlara xüsusi dövlət dəstəyi tətbiq olunmalıdır.
  • Eyni zamanda, investorlar və sahibkarlar üçün həssas məqamlar hesab edilən şəffaflıq, doğru rəqabət mühiti, hüquqi və tənzimləyici mühitin artırılması həyata keçirilməlidir.
  • İnvestisiyaların, xüsusi ilə də, birbaşa xarici investisiyaların cəlb edilməsi istiqamətində vahid strateji konsepsiyalar hazırlanmalıdır.
  • Xarici investisiyaların qorunması üçün qanunvericilik aktlarında xüsusi dəyişikliklər olmalı və xarici investorlar üçün xüsusi təminat strategiyaları formalaşdırılmalıdır.
  • Müxtəlif ölkələrlə, eləcə də, həmin ölkələrin sahibkarları ilə müştərak ivestisiya proqramları hazırlanmalıdır.

 

-İqtisadi islahatlar və inkişaf modelinin həyat qabiliyyətli və səmərəli olması üçün hansı addımlar atılmalıdır?

-Bu istiqamətdə aşağıdakı addımların atılması lazımdır:

  1. Regionların iqtisadi resurslarından istifadə etməklə, bölgələrin iqtisafi fəallığı artırılmalı, o ərazilərdə yaşayan insanların gəlir səviyyəsi və iş imkanları yüksəldilməli,  regionlarda məhsul və xidmət istehsalının artırılması üçün bazar şərtləri asanlaşdırılmalı, sağlam rəqabət mühiti formalaşdırılmalı və eyni zamanda, sosial xidmətlərin əlçatanlığı artırılmalıdır.
  2. Ölkə səviyyəsinda son on ildə baş verən institusional problemlər aradan qaldırılmalı, prioritet sahələr üzrə qanunvericilik və eyni zamanda hüquqi normativ baza təkmilləşdirilməli və səmərəlilik artırılmalıdır.
  3. Qeyri-neft sektoru üzrə investisiyaların həcmi artırılmalı, xarici investisiyaların cəlb edilməsi istiqamətində təşviq proqramları hazırlanmalı və tətbiq edilməlidir.
  4. Neft iqtisadiyyatından elm, texnologiya və süni intellekt iqtisadiyyatına keçid sürətlənməli, rəqəmsal transformasiya üzrə hökümət strategiyası hazırlanmalı və təkmilləşdirilməli, innovativ texnoloji və maddi idarəçilik prinsipləri əsasında dayanıqlı iqtisadi inkişaf formalaşdırılmalı, yaşıl iqtisadiyyat və innovativ metodlar tətbiq edilməlidir.

-ÜDM-də özəl sektorun xüsusi çəkisi nə qədərdi və bu payı artırmaq üçün nə etmək lazımdır?

-Rəsmi açıqlanan rəqəmlərə nəzər salsaq, görərik ki, 2020-ci ildə ölkədə 72,4 milyard manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur. İqtisadiyyatın qeyri-neft sektorunda əlavə dəyər ümumilikdə 2.6 faiz azalma göstərmişdir. Özəl sektorun ümumi daxil məhsulda payı isə illərə görə dəyişir. Belə ki, 2018-ci ildə bu rəqəm 84%, 2019-cu ildə 85%, 2020-ci ildə 80,8 % olmuşdur. Özəl sektorun içərisində kənd təsərrüfatı  və ticarətin ÜDM-dəki payı daha çox diqqəti çəkməkdədir. Ümumiyyətlə, özəl sektorun ÜDM-dəki payını artırmaq üçün qeyri-neft sektoru sahəsində fəaliyyət göstərən istehsal müəssisələrinə xüsusi güzəştlər tətbiq olunmalı, onların fəaliyyət istiqamətində yaranan problemlər aradan qaldırılmalı, dövlət satınalmalarında yerli istehsala daha çox üstünlük verilməlidir. Kənd təsərrüfatı və emal sənayesində dövlət təşviqləri xüsusi ilə artırılmalıdır.

-Ölkənin sosial-iqtisadi tərəqqisində sahibkarların rolu necə dəyərləndirirsiniz?

-Ümumiyyətlə sahibkarlar sosial-iqtisadi inkişafda xüsusi çəkiyə malikdir. Belə ki, ölkənin ümumi daxili məhsulun formalaşmasında ən önəmli pay özəl sektorun və sahibkarlığın üzərinə düşür. Dövlətin uzun müddətli iqtisadi siyasətinin başlıca istiqamətləri və prinsipləri də ölkədə sahibkarlığın inkişafı üzərinə qurulmuşdur. Əvvəlki illərə nisbətdə sahibkarlığın inkişafı təbii ki, xüsusi diqqət çəkir. Təbii ki, dövlət sahibkarlığı inkişafı istiqamətində bir sıra addımlar atmaqdadır. Xüsusi ilə də, sahibkarlığın inkişafına yönəlmiş tədbirlərin sistemliliyi, bu istiqamətdə Dövlət Proqramlarının imzalanması və tətbiqi, sahibkarlıqda vahis strategiyaların yaradılması sahibkarllığın iqtisadi sosial rolunu daha da artırmaqdadır.

-Biznes mühitinin yaxşılaşdırılması və qeyri-neft sektorunda sahibkarlığın inkişaf etdirilməsi sahəsində hansı işlər görülməlidir?

-Qeyd etdiyim kimi, sahibkarlığın inkişafı üçün xüsusi dövlət dəstəyi olsa da, bu inkişaf arzuolunan səviyyəyə gəlib çatmamışdır. Düşünürəm ki, sahibkarlığın inkişafı üçün dövlət-sahibkar münasibətlərini tənzimləyən prinsiplər daha da gücləndirilməli, sahibkarlığa dəstək mexanizmləri artırılmalı, xüsusi təşviq proqramları daha da vahid hədəfə istiqamətlənmiş şəkildə tətbiq olunmalı, sahibkarların hüquqi təminatı formalaşdırılmalı, azad rəqabət və eləcə də, şəffaflıq mühiti daha da artırılmalı, dövlət-sahibkar münasibətlərində qanun və hüquqi normativlər gücləndirilməlidir.

-“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”inə uyğun olaraq dövlət-özəl dialoqunun dərinləşməsi istiqamətində hansı addımlar atılmalıdır?

-Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əmri ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” konsepsiyası təsdiq edildi. Bu konsepsiyaya əsasən ölkənin 2021-2030-cu illərində xüsusi uzunmüddətli sosial-iqtisadi inkişaf strategiyası formalaşdırılmalı, əhalinin rifah səviyyəsinin artırılması istiqamətində addımlar atılmalı, biznes və investisiya mühiti təkmilləşdirilməli, və ümumi inkişaf çərçivəsində Milli Prioritetlər müəyyənləşdirilməli və tətbiq edilməlidir.

Prioritetlərin müəyyənləşdirilməsi zamanı və eləcə də, strategiyaların hazırlanması zamanı diqqət ediləcək önəmli nöqtələr mövcuddur. İlkin olaraq 2030-cu ilə qədər Azərbaycanın hədəflədiyi əsas meyarlar müəyyənləşdirilməlidir. İkinci olaraq, ötən 10 ildə ölkənin sosial-iqtisadi, siyasi qərarlarının nəticəsi analiz olunmalı və daha yaxşı göstəricilərin əldə olunması üçün strategiyalar hazırlanmalı, müəyyənləşdirilən hədəf və prioritlərə çatmaq üçün yol xəritəsi müəyyənləşdirilməlidir. Son on ilin nəticələrini əsas tutaraq, Azərbaycan özünün iqtisadi, sosial, siyasi və mədəni inkişafının xüsusi mərhələsini keçdiyinin şahidi olarıq. Aparılan sosial iqtisadi islahatların nəticəsi olaraq ölkə iqtisadiyyatı son on ildə müxtəlif göstəricilər üzrə 2-2,3 dəfə artım göstərmişdir. Düşünürəm ki, Azərbaycanın sahib olduğu resurslar və əlverişli inkişaf şəraitinə uyğun olaraq bu rəqəmlər növbəti 10 ildə daha çox arta bilər. Bəs bunun üçün hansı addımlar atılmalıdır?

İlkin olaraq, növbəti on illik üçün strategiyalar iki hissədən ibarət olmaqla hazırlanmalıdır. Birinci 5 illik planda əsas məqsəd işğaldan azad olunmuş ərazilərə qayıdış, bərpa və regionun iqtisadi fəallığının artırılması olmalıdır. Regionun əlverişli resurslarından və eləcə də, potensial iqtisadi mövqeyindən istifadə edərək həm regionun bərpa olunmasını təmin etmək, həm də ölkənin ümumi iqtisadi inkişafına töhvə vermək mümkündür. Eyni zamanda birinci 5 illik strateji planda qabaqcıl beynəlxalq təşkilatlarla, qlobal şirkətlərlə, eləcə də, maraqlı investorlarla əməkdaşlıq qurulmalı və regionun, ölkənin iqtisadi inkişafı üçün lazımlı olan resursların, maliyyə mənbələrinin ölkəyə cəlb edilməsi təmin edilməlidir.

Növbəti 5 illik planda isə ümumilikdə ölkə səviyyəsində sosial-iqtisadi maraqların təmin olunması istiqamətində işlər aparılmalıdır.

  1. Regionların iqtisadi resurslarından istifadə etməklə, bölgələrin iqtisafi fəallığı artırılmalı, o ərazilərdə yaşayan insanların gəlir səviyyəsi və iş imkanları yüksəldilməli,  regionlarda məhsul və xidmət istehsalının artırılması üçün bazar şərtləri asanlaşdırılmalı, sağlam rəqabət mühiti formalaşdırılmalı və eyni zamanda, sosial xidmətlərin əlçatanlığı artırılmalıdır.
  2. Ölkə səviyyəsinda son on ildə baş verən institusional problemlər aradan qaldırılmalı, prioritet sahələr üzrə qanunvericilik və eyni zamanda hüquqi normativ baza təkmilləşdirilməli və səmərəlilik artırılmalıdır.
  3. Qeyri-neft sektoru üzrə investisiyaların həcmi artırılmalı, xarici investisiyaların cəlb edilməsi istiqamətində təşviq proqramları hazırlanmalı və tətbiq edilməlidir.
  4. Neft iqtisadiyyatından elm, texnologiya və süni intellekt iqtisadiyyatına keçid sürətlənməli, rəqəmsal transformasiya üzrə hökümət strategiyası hazırlanmalı və təkmilləşdirilməli, innovativ texnoloji və maddi idarəçilik prinsipləri əsasında dayanıqlı iqtisadi inkişaf formalaşdırılmalı, yaşıl iqtisadiyyat və innovativ metodlar tətbiq edilməlidir.

Ramid İbrahimov

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.


“Sahibkarlar ölkəmizin sosial-iqtisadi inkişafında xüsusi çəkiyə malikdir”
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR