6.3.4. ictimai və dövlət maraqlarının müdafiəsi.
İctimai və dövlət maraqlarının qorunması hər bir cəmiyyətin başlıca məqsədlərindən biridir. Çünki hər iki amil bütöv bir toplum üçün həyati əhəmiyyət kəsb edir.
İctimai və dövlət maraqlarının müdafiəsindən bəhs edərkən, müzəffər ordumuzun qəhrəmanlığı və şücaəti, xalqımızın birliyi və həmrəyliyi nəticəsində işğal edilmiş ərazilərin azad edilməsi yada düşür. Məhz ictimai maraqlarla dövlət marağının birliyi, vəhdəti sözügedən istiqamətdə müsbət nəticələr əldə etməyə şərait yaradır. Odur ki, 44 günlük Vətən müharibəsində əldə edilən qələbə ümummilli maraqların əməli nəticəsi kimi yaddaşlarda qalıb.
“Bilirik ki, bu gün dövlətin həyata keçirdiyi siyasətdə hər kəsin üzərinə müəyyən vəzifələr düşür. Bu gün cənab Prezident uğurlu xarici və daxili siyasət həyata keçirir. Dövlət qurumları bu istiqamətdə çalışır, parlamentin rəhbərliyi və onun üzvləri çox uğurlu diplomatik siyasət həyata keçirir, aktiv fəaliyyət göstərir. Hesab edirəm ki, bu prosesdə ictimai təşkilatların da üzərinə çox ciddi vəzifələr düşür və dövlətin həyata keçirdiyi siyasətdə ən ciddi və xüsusi yer tutmalı olan qurumlardan biri də ictimai təşkilatlardır”.
Bunu Bakıvaxtı.az-a Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, deputat Ceyhun Məmmədov bildirib.

Deputat qeyd edib ki, ictimai təşkilatlar müəyyən mənada müstəqil qurumlardır: “Onlar dövlətin bir köməkçisi kimi, yardımçısı kimi cəmiyyəti narahat edən məsələlərin aradan qaldırılmasında, ictimai rəyin formalaşdırılmasında, ölkəmizə qarşı aparılan çirkin kampaniyaların qarşısının alınmasında, qərəzli təbliğatların, qərəzli addımların qarşısının alınmasında ictimai təşkilatların üzərinə çox ciddi vəzifələr düşür. Hesab edirəm ki, bu qurumlar daha aktiv olmalıdır.
Azərbaycanda çoxlu sayda ictimai təşkilat var, fəaliyyət göstərirlər. Onların böyük əksəriyyətinin fəaliyyəti qənaətbəxşdir. Təəssüflə qeyd etmək lazımdır ki, bəzi ictimai təşkilatlar bu gün aktiv fəaliyyət göstərirlər və müəyyən addımlar atırlar, təbliğatları aparırlar, ölkəmizə qarşı aparılan qara piar kampaniyasına qarşı tədbirləri həyata keçirirlər. Amma hesab edirəm ki, burada bütün ictimai təşkilatlar fəal olmalıdır, sosial şəbəkədə onlar aktiv olmalıdır, xarici dillərdə onların sosial şəbəkələrdə fəaliyyəti hiss olunmalıdır, xarici dillərdə kitablar, broşurların nəşr olunmasında bu qurumlar çox ciddi şəkildə fəaliyyət göstərməlidirlər. Yəni bu gün biz çalışmalıyıq ki, ictimai təşkilatların fəaliyyəti daha aktiv olsun”.
C.Məmmədov deyib ki, bu gün dövlət strukturları ilə yanaşı ictimai təşkilatların da üzərinə mühüm vəzifələr düşür: “Maarifləndirmə işinin aparılması, şəhid ailələrinə, qazilərə diqqət və qayğıdır və digər məsələlərdir ki, hesab edirəm ki, bu istiqamətdə müəyyən addımların atılması və aktiv siyasətin bu təşkilatlar tərəfindən də həyata keçirilməsi xüsusi önəm daşıyır və bu baxımdan biz hər birimiz, ictimai təşkilatlar da aktiv olmalıdır. Bu gün Azərbaycan yeni bir mərhələyə qədəm qoyub, bu gün Azərbaycan sürətlə inkişaf edir, Azərbaycan güclü suveren ölkədir və Azərbaycanın bu gücünü, suverenliyini istəməyən dövlətlər də var, qüvvələr də var. Onlara qarşı mübarizədə bizim hər birimiz bütün gücümüzlə çalışmalıyıq. Səylə çalışmalıyıq ki, ölkəmizə qarşı həyata keçirilən təxribatların, ölkəmizə qarşı aparılan qara piar kampaniyasının qarşısını alaq. Ona görə bu barədə çox ciddi işlər görülməlidir ki, hakimiyyətin bir aparıcı qolu kimi ictimai təşkilatların fəaliyyəti daha ciddi və daha aktiv müşahidə olunsun. Onlar dövlətin həyata keçirdiyi siyasətdə ən aktiv qruplardan, ən aktiv təşkilatlardan və qurumlardan biri olsun.
Hazırda ölkəmizdə islahatlar həyata keçirilir. Cənab Prezidentin rəhbərliyi ilə bir çox istiqamətlərdə çox ciddi addımlar atılır, çox ciddi siyasət həyata keçir. Hesab edirəm ki, burada bu istiqamətdə və bu addımlarla bağlı atılan addımlar həyata keçirilən siyasət öz ciddi töhfəsini verəcək. Bütün hallarda biz daha aktiv olmalıyıq, daha çox çalışmalıyıq. Bizim müharibəmiz bitsə də mübarizəmiz bitmir. Mübarizədə qalib olmaq üçün hər kəs bütün gücü ilə və səylə çalışmalıdır. Bu işə biz siyasətə öz töhfəsini verməlidir. Bunun üçün daha çox çalışmaq, daha çox səy göstərmək, daha çox iş görmək lazımdır”.
Ramid İbrahimov
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

















