İstiqamət: 6.3.7. işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”
44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə və onun ardınca işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinə start verilməsi Azərbaycan dövlətinin sülhə, əminamanlığa və inkişafa nə dərəcədə maraqlı olduğunu bütün dünyaya bəyan edir. Qarabağda 30 illik işğal siyasəti yeridən Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətlərini artıq dünya dərk etməkdədir.
Rəsmi mənbələrə əsasən, işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” üçün bütün zəruri tədbirlər uğurla həyata keçirilir. Ağdam şəhərinin, Şuşa şəhərinin, Cəbrayıl şəhərinin və Füzuli şəhərinin baş planı təqdim olunub.
Müharibədən sonra işğaldan azad edilmiş bölgələrimizdə bərpa və quruculuq işlərinə başlanıb. Azərbaycanın dövlət başçısı bərpa və yenidənqurma işlərində ən müasir və innovativ texnologiyalardan istifadə olunacağını, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları tətbiq olunacağını bildirib. Artıq Füzulidə beynəlxalq aeroport fəaliyyətə başlayıb. Zəngilanda, Laçın və Kəlbəcərdə də beynəlxalq hava limanları inşa ediləcək. Hazırda azad olunmuş ərazilərdə təhlükəsizliklə bağlı məsələlərin həll olunması ilə yanaşı, ilkin infrastruktur və sosial xidmətlərin təmin edilməsi ilə bağlı vəzifələr icra olunur.
Milli Məclisin deputatı Ceyhun Məmmədov Bakıvaxtı.az-a bildirib ki, işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” prosesi sürətləndirilməlidir.
“Bu istiqamətdə davamlı olaraq öz addımlarımızı atmalıyıq. Öncə isə işğaldan azad edilmiş ərazilər minalardan təmizlənməlidir. Bunun üçün bütün zəruri addımlar atılmalıdır.
İşğaldan azad edilmiş ərazilərdə kommunikasiyaların qurulması, işıq, su və qaz xəttinin çəkilməsi vacib məsələlərdən biridir. Azərbaycan bütün gücü ilə çalışmalıdır ki, qarşıya qoyulan məqsədlərinə və hədəflərinə nail olsun”,-deyə C.Məmmədov bildirib.
Deputat qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə məskunlaşma sürətlənməlidir: “Əhalinin yaşayışı ilə yanaşı məşğulluq məsələsi də prioritet məsələlərdən biri olmalıdır. Yeni iş yerləri, müəssisələr yaradılmalıdır. Turizm imkanlarından istifadə edərək zəruri tədbirlər görülməlidir.
30 illik işğaldan sonra əhalinin öz dədə-baba torpaqlarına adaptasiyası və inteqrasiyası üçün müvafiq tədbirlər görülməlidir ki, bu proses ağrısız keçsin.
Vurğulayım ki, bölgəyə köçmək, orada yaşamaq, yaratmaq, işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərilə məşğul olmaq hər bir vətəndaşımızın müqəddəs vəzifəsidir. Bu prosesdə hər kəs uğurla, ölkəmizin inkişafına töhfə verməklə iştirak etməlidir. İnanıram ki, biz buna nail ola biləcəyik”.
Ramid İbrahimov
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.















