İSESKO 54 üzv dövləti əhatə edən beynəlxalq, çoxsektorlu təşkilatdır. Qurum tərəfdaşlıq və beynəlxalq əməkdaşlıq, sivilizasiya, strateji nəzarət, mədəniyyət və irs, sosial və humanitar elmlər, eləcə də texnologiya və elm sahələrində fəaliyyət göstərir. Bu sektorlar qlobal çağırışlarla mübarizə aparmaq və inklüziv inkişaf imkanlarından səmərəli istifadə etmək üçün birgə çalışır.
Bakıvaxtı.az xəbər verir ki, bunu “Rəqəmsal Mühitdə Uşaqların Müdafiəsi: Müasir Alətlər və Beynəlxalq Əməkdaşlıq” mövzusunda keçirilən konfransın panel müzakirəsində İSESKO-nun Baş ofisinin Sosial və humanitar elmlər sektorunun İnsan elmləri bölməsinin rəhbəri Dinarə Quliyeva bildirib.
Onun sözlərinə görə, İSESKO-nun uşaqların qorunması sahəsində fəaliyyəti bütün layihə və təşəbbüslərin mərkəzində uşaqları yerləşdirir. Əsas məqsəd etik, inklüziv və davamlı inkişafı təşviq etməkdir.
“Biz rəqəmsal dövrdə yaşadığımızı qəbul etməliyik. Bu dövr öyrənmə, ünsiyyət və əlaqə üçün misilsiz imkanlar yaradır, eyni zamanda kiberbullinq, zərərli məzmunlara məruz qalma, yanlış ünsiyyət və manipulyativ alqoritmlər kimi ciddi risklər də gətirir. Bu çağırışlar uşaqların şəxsiyyətinin formalaşmasına birbaşa təsir edir”, – deyə D. Quliyeva vurğulayıb.
O qeyd edib ki, uşaqların qorunması yalnız texniki məsələ deyil, cəmiyyət üçün sosial və insan inkişafı prioritetidir. İSESKO-nun yanaşmasına görə, bu sahədə etik rəhbərlik, mədəni həssaslıq və psixi sağlamlıq dəstəyi əsas şərtlərdir.
“Eyni zamanda, süni intellektin artan təsirini də nəzərə almamaq olmaz. Süni intellekt təkcə uşaqların davranışına deyil, onların psixi sağlamlığına və rəqəmsal mühitlə qarşılıqlı əlaqəsinə də təsir göstərir. Düzgün etik nəzarət olmadan bu sistemlər faydadan çox zərər verə bilər”, – deyə o əlavə edib.
Zeynəb Rzayeva
Bakı 




