Azərbaycan və Özbəkistanın media subyektləri arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində intensiv işlər görülməkdədir.
Bakıvaxtı.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov Daşkənddə keçirilən “Rəqəmsal əsrdə həqiqət axtarışında: dezinformasiya ilə mübarizə” mövzusunda Özbəkistan-Azərbaycan Media Forumunda deyib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyevin güclü siyasi iradəsinin nəticəsində ölkələr arasında daha da möhkəmlənən qardaşlıq münasibətləri, regionların inkişafına ciddi töhfə vermiş intensiv əlaqələr media sahəsi də daxil olmaqla, bütün sahələrə öz dinamik təsirlərini göstərməkdədir: "Hər iki ölkə liderlərinin qarşılıqlı səfərləri türk dövlətləri arasında əlaqələrin və strateji tərəfdaşlığın inkişaf etdirilməsi baxımından mühüm tarixi hadisədir. Bu səfərlər, habelə səfər çərçivəsində imzalanan sənədlər Azərbaycan və özbək xalqları arasında dostluğun, qardaşlığın əyani təzahürüdür. Bu baxımdan Azərbaycan Prezidentinin bu ilin avqust ayında Özbəkistana rəsmi dövlət səfəri müstəsna əhəmiyyətə malik olmaqla, münasibətlərimizin yeni tarixi mərhələsinin əsasını qoymuşdur. Belə ki, səfər çərçivəsində 23 avqustda “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanmış, iki qardaş xalq, iki müstəqil, güclü, suveren, nüfuzlu dövlət rəsmi müttəfiq olmuşdur. Müttəfiqliq münasibətləri öz növbəsində media sahəsində qarşılıqlı əməkdaşlığın inkişafına və fundamental layihələrin icrasına ciddi təkan verməkdədir".
Əİsmayılov bildirib ki, Azərbaycan və Özbəkistanın media sahəsinin inkişafı və koordinasiyası üzrə məsul təşkilatları arasında əməkdaşlığın qurulması, iki ölkənin dövlət qurumlarının kommunikasiyaya məsul struktur bölmələrinin fəaliyyətinin inkişafı, media təhsili və media savadlılığı üzrə təcrübə mübadiləsinin təşkili, həmçinin media subyektləri arasında əməkdaşlığın gücləndirilməsi istiqamətlərində intensiv qaydada işlər görülməkdədir.
2022-ci il 20 iyun tarixində Daşkənd şəhərində keçirilən Özbəkistan-Azərbaycan Biznes Forumu çərçivəsində “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyi arasında Anlaşma Memorandumu”nun imzalanması müvafiq sahədə fəaliyyətimizin canlanmasına ciddi stimul vermişdir.
Nəticədə 2023-cü il 22 avqust tarixində Özbəkistan Respublikası Prezidentinin ölkəmizə dövlət səfəri çərçivəsində “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında media sahəsində əməkdaşlığın inkişafına dair “Yol Xəritəsi” imzalanmışdır.
“Yol Xəritəsi”nin icrası çərçivəsində bu ilin iyul ayında Özbəkistan Respublikasının Prezidenti Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin rəsmiləri və bir sıra media nümayəndələrinin iştirakı ilə Azərbaycana press-tur təşkil olunmuşdur.
Müvafiq press-tur çərçivəsində Medianın İnkişafı Agentliyində press-turun iştirakçıları ilə görüş keçirilmiş, görüşdə qarşılıqlı təcrübə mübadiləsinin aparılmasının, dezinformasiyaya qarşı birgə mübarizənin əhəmiyyəti vurğulanmış, 2-ci Şuşa Qlobal Media Forumunda sözügedən məsələ barədə aparılan müzakirələrin nəticələri ilə bağlı qonaqlara məlumat verilmiş, media sahəsində mövcud əlaqələrin davamlı inkişafının vacibliyi diqqətə çatdırılmışdır.
Diqqətəlayiq haldır ki, iki ölkə arasında media sahəsində ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə “Yol Xəritəsi”nin icrası çərçivəsində yaxın gələcəkdə daha əhatəli tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Hörmətli, Asadjan Xocayev!
Sizinlə bu ilin iyul ayında “Yalan Məlumatların İfşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda keçirilən 2-ci Şuşa Qlobal Media Forumunda görüşümüzü və səmimi söhbətimizi xatırlayıram və düşünürəm ki, Özbəkistan-Azərbaycan Media Forumunun mövzusu kimi “Rəqəmsal dövrdə həqiqət axtarışında: Dezinformasiyaya qarşı mübarizə” mövzusunun seçilməsi təsadüfi deyildir.
Təəssüflər olsun ki, texnoloji inkişaf özü ilə birlikdə sərhədləri aşan, ölkələrin informasiya mühitini çirkləndirən nüanslar da gətirməkdədir. Bu kontekstdə dezinformasiyaya qarşı mübarizə ölkələrimiz üçün prioritet təşkil edən məsələlərdəndir.
2-ci Şuşa Qlobal Forumunda məhz bu məsələ ilə bağlı vacib mesajlar verilmişdir. 50-ə yaxın ölkədən 150-dən çox xarici qonağın qatıldığı Forumda müxtəlif ölkələrdən olan rəsmilər, media və vətəndaş cəmiyyəti, dövlət və biznes nümayəndələri, media ekspertləri çağdaş dünyada dezinformasiya barədə əhatəli təsəvvürün formalaşdırılması, onun səbəb olduğu neqativ nəticələrin təhlili və onunla mübarizədə effektiv həll yolları kimi məsələlər ətrafında geniş fikir mübadiləsi aparmışdılar.
Özbəkistan-Azərbaycan Media Forumu dezinformasiya ilə mübarizə məsələsini bir daha media gündəminə gətirməklə bu problemə qarşı mübarizənin beynəlxalq səciyyə daşıdığını vurğulayır və inanırıq ki, mövcud vəziyyətdən çıxış yollarının tapılması baxımından əlamətdar olacaqdır.
O diqqətə çatdırıb ki, bu il Azərbaycan mediasının gündəmi kifayət qədər zəngindir: "Bildiyiniz kimi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Fürsətdən istifadə edərək, özbəkistanlı həmkarlarımızdan, Forumda iştirak edən dəyərli media nümayəndələrindən Azərbaycanda COP29 ilə əlaqədar həyata keçirilən tədbirlər və hazırlıq işləri, ölkə səviyyəsində iqlim dəyişikliyinin təsirləri ilə aparılan mübarizə, azad edilmiş ərazilərdə bərpa və yenidənqurma prosesində sərgilənən dayanıqlı yanaşma, ümumilikdə Azərbaycanın yaşıl dünya naminə irəli sürdüyü təşəbbüslər barədə əhatəli və genişmiqyaslı məlumatlandırmanı təmin etməyi, müxtəlif müstəvilərdə media dəstəyi göstərməyi rica edirik".