Hazırkı qlobal informasiya təhdidləri və formalaşmış yeni reallıqlar çərçivəsində ölkələrimizin informasiya mühitinin qorunması, əhalinin düzgün və obyektiv informasiya əldə edə bilməsi üçün lazımi şəraitin yaradılması böyük əhəmiyyət kəsb etməyə başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bunu bu gün Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov “İctimai etimadın formalaşdırılmasında medianın rolu və informasiya təhlükəsizliyi” mövzusunda keçirilən Azərbaycan-Gürcüstan Media Forumunun açılış mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycanda həyata keçirilən media islahatlarının başlıca məqsədi ölkəmizin informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi, yerli medianın inkişafına təkan verilməsi və rəqabət qabiliyyətinin artırılması, informasiya mühitinin sağlamlaşdırılması, habelə jurnalistika peşəsinin nüfuzunun yüksəldilməsinə şərait yaradılmasıdır:
“Bu gün biz ictimai etimadın formalaşdırılmasında medianın rolu haqqında bəhs ediriksə, ilk növbədə medianın özünə ictimai etimadın yüksək olmasının vacibliyini vurğulamalıyıq. Mediaya etimad heç şübhəsiz ki, ölkələrimizin informasiya təhlükəsizliyinin təmin edilməsində vacib komponentidir.
Artıq insanların düşüncəsinə hakim kəsilmiş rəqəmsallaşma fenomeni ənənəvi media alətləri ilə müqayisədə daha böyük miqyası əhatə edərək eyni zamanda yeni imkanlar və fürsətlər qazandırır. Belə ki, rəqəmsal texnologiyalar mediaya geniş auditoriyalara daha sürətli və səmərəli şəkildə çatmaq imkanı verir".
Ə.İsmayılov qeyd edib ki, texnologiyanın inkişafı ilə mediada həm ənənəvi xəbər istehsalı prinsipləri, həm də oxucuların məlumatları qəbul etmək üsulları və mənbə seçimləri davamlı dəyişir:
"Rəqəmsallaşma yeni imkan və fürsətlər verdiyi kimi öz növbəsində ölkələrin media ekosistemləri üçün yeni təhdidlər də yaratmaqdadır. Belə ki, informasiyanın həddindən artıq bolluğu içində dezinformasiya və saxta xəbərlər ciddi təhlükəyə çevrilib”.
Bakı 



