"Kaspi" qəzetinin ilk nömrəsinin çıxmasının 145 ili tamam olur.
Bakıvaxtı.az xəbər verir ki, "Kaspi" ilk dəfə 1881-ci il yanvarın 1-də, cümə axşamı çıxıb.
Uzun müddət "Kaspi" Bakıda yeganə dövri nəşr olub. Əvvəlcə qəzet həftədə iki dəfə, sonra üç dəfə çıxıb. 1884-cü ildən isə qəzet gündəlik olub.
Qəzetin ilk baş redaktoru Viktor Kuzmin olub. 1888-ci ildə "Kaspi"nin redaksiyasına bakılı müəllim Vladimir Liçkus rəhbərlik edib. Daha sonra səkkiz il ərzində "Kaspi" qəzetinin redaktoru Bakı quberniyasının Dövlət Əmlakı İdarəsinin keçmiş rəhbəri, kollegiya müşaviri Nikolay Sokolinski olub.
N.Sokolinskinin 1897-ci ildə vəfatından sonra qəzeti mətbəəsi ilə birlikdə 57 min rubla məşhur Azərbaycan xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyev alıb və "Kaspi" üçün yeni dövr başlayıb. Peterburq Universitetinin hüquq fakültəsinin məzunu, görkəmli ictimai xadim və publisist Əlimərdan bəy Topçubaşov baş redaktor təyin edilib.
"Kaspi" 1919-cu ildə nəşrini dayandırıb və XX əsrin sonunda yenidən bərpa olunub. Həmin vaxt "Kaspi" qəzeti Azərbaycan dilində də çıxmağa başlayıb.
2021-ci ildən "Kaspi" qəzeti Azərbaycanın ən böyük media holdinqi olan "Global Media Group"un tərkibindədir. Azərbaycan dilində dərc olunan qəzetin baş redaktoru əməkdar jurnalist İlham Quliyev, rus dilində nəşr olunan "Kaspiy"in baş redaktoru isə jurnalist Vyaçeslav Sapunovdur.
"Üç əsrin qəzeti" müasir, rəngarəng dizaynda çıxır. 16 səhifəlik rəngli "Kaspi" hər şənbə çap olunur və siyasi, iqtisadi, sosial əhəmiyyətli, mədəni və idman materialları dərc edir.
Bakıvaxtı.az kollektivi "Kaspi" və "Kaspiy" qəzetlərindəki həmkarlarını təbrik edir və yeni yaradıcılıq uğurları arzulayır.
Bakı 




