• Bakı 20° C

    4.01 m/s

  • USD - 1.7

    EUR - 2.0066

    RUB - 2.0352

Elektromobil: Ehtiyat hissəsi tapılsa da, onu təmir edəcək usta problemi var

CƏMİYYƏT

24 Sentyabr 2025 | 14:00

Elektromobil: Ehtiyat hissəsi tapılsa da, onu təmir edəcək usta problemi var

Bu gün paytaxt Bakının küçələrində müxtəlif markalı avtomobillərə rast gəlmək mümkündür.

Bakıvaxtı.az bildirir ki, xüsusən də Çin istehsalı olan "BYD", "Changan", "Jetour", "Li Auto", "Zeekr" və s. markalı avtomobillərə daha çox rast gəlinir. Bu isə onu deməyə əsas verir ki, ölkəmizdə elektrikli avtomobillərlə maraq sürətlə artıb.

Lakin bu məsələdə sürücüləri narahat edən məqamlar da var. Bunlardan biri ehtiyat hissələrinin azlığı və ixtisaslı usta çatışmazlığıdır.

Onu da qeyd edək ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycana 51 727 ədəd müxtəlif növ avtomobil gətirilib. Bu nəqliyyat vasitələrinin ümumi idxal dəyəri 960,7 milyon ABŞ dolları təşkil edib. Avtomobil idxalında ötən illə müqayisədə 22,2% artım müşahidə olunub. Bundan başqa, ötən ilin ilk altı ayında bir elektromobilin orta qiyməti 41,3 min dollar idisə, bu il bu rəqəm 34 min dollara qədər geriləyib. Bu isə illik müqayisədə 7,3 min dollar və ya 17,7% ucuzlaşma deməkdir.

Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Bakıvaxtı.az-a açıqlama bildirib ki, ölkədə taksi xidmətində əvvəllər "Prius", hazırda isə "BYD" markaları avtomobillərə maraq artıb.

Onun sözlərinə görə, bunun səbəbi isə "BYD"nin özünü etibarlı avtomobil brendi kimi sübut etməsidir:

""BYD"  və "Prius" markalı avtomobillər Cənub-Şərqi Asiya ölkələrinin istehsalıdır. "BYD" avtomobilləri benzinlə işləyən maşınlardan fərqli olaraq daha az xərc tələb edir. Həmçinin avtomobilin batareyalarının şarj olma və onu saxlama müddəti də çox əlverişlidir. Həmçinin, bu markanın avtomobillərinin rahat və komfortlu olması marağın artmasına səbəb olub".

Aslan Əsədov: Ehtiyat hissələri baxımından elektromobil almaq müştəriyə sərf etmir

A.Əsədov elektromobillərlə bağlı məsələlərdə mövcud olan boşluqlara da toxunub.

O bildirib ki, Azərbaycanda elektrik avtomobillərinin ehtiyat hissələri və təmir xidmətləri mövcud olsa da, bu sahədə bəzi məhdudiyyətlər mövcuddur. Ona görə də "BYD", "Lixiang" və "Leapmotor" kimi markaların ehtiyat hissələri ölkəyə idxal edilir. Bu hissələr rəsmi distribyutorlar və ya onlayn platformalar vasitəsilə əldə edilə bilər.

"Ehtiyat hissələri baxımından elektromobil almaq müştəriyə sərf etmir. Ehtiyat hissəsi tapılsa belə, onu təmir edəcək usta problemi yaşanır. Lakin dizel və benizinlə işləyən avtomobillərdə bu cür problem yoxdur", - müsahibimiz əlavə edib.

Gülşən Şərif


SON XƏBƏRLƏR

23 Sentyabr 2025