İtaliyada payız və qış aylarında enerji böhranının aradan qaldırılması üçün tədbirlər paketi hazırlanıb. Paketə qızdırıcıların temperaturunun aşağı salınması, vətəndaşların qısa müddət ərzində duş qəbul etmələrinin xahişi kimi tədbirlər daxildir.
Bakıvaxtı.az xəbər verir ki, ekoloji transformasiya nazirinin imzaladığı fərmanla sentyabrın sonundan etibarən “ən pis ssenari”yə hazır olmaq üçün bir sıra tədbirlər görüləcək. Bu çərçivədə xəstəxanalar kimi həssas qurumlar istisna olmaqla, mərkəzi isitmə məhdudlaşdırılacaq. İstilik dövrünün normadan 8 gün gec başlanması və 7 gün tez bitməsi ilə 15 gün qənaətə nail olunacaq. Bundan əlavə, qızdırıcılar gündə 1 dərəcə aşağı temperaturda və bir saat daha az işləyəcək. İtaliya hökuməti bu tədbirlərlə 5,3 milyard kubmetr qaza qənaət etməyi qarşısına məqsəd qoyub. Bu məcburi tədbirlərlə yanaşı, vətəndaşlar üçün maarifləndirmə işləri aparmaqla enerjiyə qənaətin daha da artırılması nəzərdə tutulur. Camaatdan aşağı dərəcəli su ilə daha qısa duş qəbulu, istifadə etmədikləri elektron cihazların elektrik şəbəkəsindən çıxarılması, paltaryuyan və qabyuyan maşınların ancaq dolu olduqda işə salınması kimi tələblər irəli sürüləcək.
Nazirliyin qərarında belə deyilir: “Növbəti qışda Rusiyadan enerji axınının tamamilə kəsilməsi ehtimalının yaratdığı riskləri azaltmaq və Avropanın qazın azaldılması ilə bağlı tələblərinə cavab vermək üçün indi milli qaz istehlakını məhdudlaşdırmaq üçün tədbirlər görmək məqsədəuyğun olardı. Ekoloji transformasiya naziri Roberto Cingolani, italyanların "ədalətli bir iş üçün kiçik qurbanlar" verəcəyinə əmin olduğunu söyləyib. Cingolani bu gün Corriere della Sera qəzetində yeni tədbirlər paketi ilə bağlı dərc olunan müsahibəsində "Planımız qəddar deyil, böyük fədakarlıqlar tələb etmir. İtalyanlar çox güclü xalqdır, amansız müharibənin gətirdiyi çətinliklərin əhəmiyyətini dərk edirdilər”. – deyib.
Nazir Cingolani də İtaliyanın 2024-cü ilin sonuna qədər Rusiyadan qaz asılılığından qurtulacağını bildirib. Rusiyadan enerji idxalına görə Avropanın qabaqcıl ölkələri arasında yer alan İtaliya Ukraynanın işğalından sonra bu idxalı azaltmaq üçün addımlar atmağa başlayıb. Baş nazir Mario Draqi keçən il qaz idxalının 40 faizini Rusiyadan etdiyi halda, 2022-ci ilin iyul ayından etibarən bu nisbətin 25 faizə endirildiyini açıqlayıb. İtaliya mətbuatının məlumatına görə, bu nisbət 18 faizə düşüb. İtaliya hökuməti Rusiya qazından asılılıqdan xilas olmaq üçün alternativ tədarükçülər axtarıb və digər ölkələrdən, xüsusən də Əlcəzairdən alışları artırıb.
Aytac Aslan









jpg-1665142066.webp)






