"Azərbaycan-Gürcüstan-Ermənistan üçlü platforması bölgə üçün xüsusi əhəmiyyət kəsb edir. Bu format regionda sülh və sabitliyin bərqərar olmasını və iqtisadi-ticari əlaqələrin inkişafını təmin edər".
Bunu Bakıvaxtı.az-a açıqlamasında siyasi şərhçi Tural İrfan deyib.
Ekspert bildirib ki, keçmiş münaqişə əlaqələrə, iqtisadi fəaliyyətə əngəl olurdu:
"Sülh mərhələsinə çatmağımız sözügedən münasibətlərin nəhayət reallaşmasına zəmin yaradıb. Qafqazın bu üç ölkəsi birgə ortaq layihələr həyata keçirə bilər. Azərbaycan bu platformanın formalaşması üçün əvəzsiz töhfələr verir. Ümid edək ki, Ermənistan da artıq anlayır ki, sülh və əməkdaşlıqdan başqa yol yoxdur”.
Onun sözlərinə görə, Ermənistan və Azərbaycan arasında demək olar ki, açıq qalan mövzular artıq həllini tapmaq üzrədir:
“Baxmayaraq ki, bu diplomatik mübarizə Azərbaycan üçün həlledici idi. Dövlət siyasətinin uğuru sayəsində sülh müqaviləsinin bütün bəndlərinin qəbul edilib həyata keçirilməsi işləri nailiyyətlə nəticələndi və Ermənistan qəbul etdi. Gürcüstan da Azərbaycanın getdikcə güclənməsini, davamlı uğur və qələbələrini dərk etməklə yanaşı bundan bəhrələnmək istəyir. Üçlü platforma üzərində danışıqların uğurlu olacağı şübhəsizdir”.
Tural İrfan: Azərbaycanla Ermənistan arasında açıq qalan mövzular həllini tapmaq üzrədir
Müsahibimiz vurğulayıb ki, Azərbaycanın əhəmiyyətli coğrafiyada yerləşməsi, yürütdüyü siyasət və dövlət başçısının etibar və qətiyyəti sayəsində üçlü platformada görülən işlərin bölgə üçün, bütün Qafqaz üçün əhəmiyyətli rol oynayacağı şübhəsizdir.
Aydın Baxış