• Bakı C

    5.7 m/s

  • USD - 1.7

    EUR - 1.9607

    RUB - 2.1452

Ermənistan şərtlərimizə məhəl qoymasa, təcriddə qalacaq və... - AÇIQLAMA

SİYASƏT

12 Mart 2026 | 14:05

Ermənistan şərtlərimizə məhəl qoymasa, təcriddə qalacaq və... - AÇIQLAMA

“Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması məsələsində rəsmi Bakının dəyişməz şərtləri mövcuddur”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında Ədalət Partiyasının sədri Mütəllim Rəhimli deyib.

Onun sözlərinə görə, əsas tələb ondan ibarətdir ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı yer alan rəsmi müddəalar çıxarılsın:

“Bunun üçün Ermənistanda referendum keçirilməsi zəruridir. Referendumdan sonra bu məsələlər həll olunarsa, sülh müqaviləsinin imzalanması mümkündür. Ermənistan rəsmilərinin, xüsusilə də Ədliyyə Nazirliyinin açıqlamaları ölkənin bu istiqamətdə müəyyən addımlar atdığını göstərir. Yəni Ermənistan artıq Konstitusiya dəyişikliyi ilə bağlı referendum keçirməyə hazırlaşır ki, bu da müsbət tendensiya hesab olunur. Lakin eyni zamanda, Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarını ehtiva edən müddəaların Konstitusiyadan çıxarılmasının nəzərdə tutulmaması ilə bağlı səsləndirilən fikirlər müəyyən ziddiyyətlər yaradır və məsələnin mahiyyəti ilə bağlı əlavə suallar doğurur”.

M.Rəhimlinin sözlərinə görə, birinci ehtimal ondan ibarətdir ki, Ermənistanın indiki hakimiyyətinin həm seçki kampaniyasını, həm də Konstitusiyaya dəyişikliklə bağlı referendumu paralel şəkildə idarə etməyə gücü çatmır:

“Bu, olduqca ağır və məsuliyyətli işdir. Çünki Paşinyan öz hakimiyyətini qoruyub saxlamaq əzmindədir və bunun üçün Ermənistan cəmiyyətinin fikrini nəzərə almalı və səs qazanmağı bacarmalıdır. Buna paralel olaraq, referendumda uzun illər Ermənistanda formalaşmış, yalanlar üzərində qurulmuş “Böyük Ermənistan” iddialarının rəsmi əsaslarının çıxarılması istiqamətində addımlar Paşinyan üçün çətinlik yarada bilər”.

Mütəllim Rəhimli: Paşinyan hakimiyyətini qoruyub saxlamaq əzmindədir

Buna görə də həmsöhbətimiz hesab edir ki, birinci növbədə Ermənistanda parlament seçkiləri keçirilməli və hökumətdə Paşinyan iqtidarı yenidən çoxluq əldə etməlidir. Bundan sonra Konstitusiya müddəalarına yeni iqtidarın özü tərəfindən dəyişikliklərin edilməsi gündəmə gəltirilə bilər.

Rəhimli əlavə edib ki, eyni zamanda, bu, indiki halda siyasi bir gediş də ola bilər:

“Hakimiyyət ictimai rəyi yoxlamaq istəyir. Ermənistan cəmiyyəti bu müddəanın Konstitusiyaya daxil edilməsinin tərəfdarıdır, yoxsa deyil? Təbii ki, məsələ Ermənistan cəmiyyətində geniş müzakirə olunacaq. Bundan sonra Ermənistan hakimiyyəti Azərbaycanın tələb etdiyi konstitusion dəyişiklikləri həyata keçirmək.üçün addımlar ata bilər. Əgər bu baş verməsə, Ermənistan yenə təcriddə qalacaq və son dövrlərdə əldə etdiyi bütün nailiyyətlərin üzərindən xətt çəkmiş olacaq ki, bu da onlar üçün müsbət heç nə vəd etmir”.

Yeri gəlmişkən, Ermənistanın yeni Konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinad olmayacaq. Bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan məlumat verib.

Aydın Baxış


SON XƏBƏRLƏR