• Bakı 12° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.2291

“Ermənistan bilməlidir ki, Azərbaycan heç nəyi unutmur”- AÇIQLAMA

SİYASƏT

05 Dekabr 2025 | 17:46

“Ermənistan bilməlidir ki, Azərbaycan heç nəyi unutmur”- AÇIQLAMA

2020-ci ilin sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən Müharibəsi Azərbaycan tarixində dönüş nöqtəsi oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu həm hərbi, həm siyasi, həm də informasiya müstəvisində üstünlük əldə etdi. Müharibə 10 noyabr 2020-ci il bəyanatı ilə başa çatdı və Azərbaycan öz torpaqlarının böyük hissəsini işğaldan azad edərək tarixi ədaləti bərpa etdi. Bu qələbə təkcə hərbi əməliyyatların nəticəsi deyildi. Bu, 30 ilə yaxın davam edən işğalın hüquqi, siyasi və humanitar aspektlərinə dair həqiqətlərin beynəlxalq aləmdə daha aydın görünməsi üçün yeni imkan yaratdı.

Ermənistanın işğal dövründə və müharibə zamanı törətdiyi sülh və insanlıq əleyhinə cinayətlər, o cümlədən Gəncə, Bərdə və digər şəhərlərin raket atəşinə tutulması, yüzlərlə mülki şəxsin öldürülməsi və yaralanması faktlarla təsdiqlənib. Xüsusilə Bərdəyə 28 oktyabr 2020-ci ildə qadağan olunmuş “Smerç” kasetli raketinin atılması nəticəsində 21 mülki vətəndaşın həlak olması beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması idi. Bu müddətdə Tərtər, Naftalan, Mingəçevir və digər yaşayış məntəqələrinin də ardıcıl olaraq hədəfə alınması Ermənistanın mülki əhaliyə qarşı sistemli zorakılıq taktikasından xəbər verirdi.

İşğal illərində isə Azərbaycan şəhərlərinin dağıdılması, 67 məscidin təhqir olunması və yüzlərlə tarixi abidənin məhv edilməsi BMT, UNESCO və digər qurumların hesabatlarında qeyd olunub. Hadrut, Şuşa və digər bölgələrdə minlərlə hektar torpağın yandırılması, minalarla kütləvi şəkildə çirklənməsi də Ermənistanın beynəlxalq humanitar hüquqa zidd hərəkətlərinin davamı idi. Müharibədən sonra tapılan kütləvi məzarlıqlar, mülki şəxslərin işgəncələrə məruz qalması barədə faktlar da araşdırmalarla təsdiqlənməkdədir.

Bu reallıqların dünyaya çatdırılması Azərbaycan üçün həyati əhəmiyyət daşıyır. Çünki beynəlxalq informasiya məkanı tez-tez manipulyasiyalara açıq olur və regional güc balansını qiymətləndirən tərəflər bəzən faktlardan deyil, siyasi maraqlardan çıxış edirlər. Odur ki, Azərbaycanın həm diplomatik kanallarla, həm media vasitəsilə, həm də hüquqi müstəvidə Ermənistanın törətdiyi cinayətləri sənədləşdirib beynəlxalq ictimaiyyətə çatdırması vacibdir. Bu, həm ədalətin təmin edilməsi, həm də gələcək sülh prosesinin sağlam əsaslar üzərində qurulması üçün tələb olunur.

Siyasi şərhçi Azər Həsrət mövzü ilə bağlı fikirlərini Bakıvaxtı.az-la bölüşüb. Onun sözlərinə görə, Azərbaycan bundan sonra regionda sülhün davamlı və dayanıqlı olması üçün çalışır. Bu baxımdan, Ermənistanla aramızda baş vermiş münaqişə və müharibəni, qanlı itkiləri ikinci planda qiymətləndiririk. Heç nəyi unutmuruq və unuda bilmərik. Ermənistanın üzərinə düşən məsuliyyəti də daim ağlımızdadır:

Azər Həsrət: Əgər unutsaq, eyni şeylər təkrarlana bilər

"Bununla belə, bundan sonra diplomatik və sülh dili ilə Ermənistan tərəfinə bu məsələləri çatdırmaq məqsədimizdir. Eyni zamanda, Ermənistanın havadarları və beynəlxalq ictimaiyyət də Azərbaycana dəyən zərər barədə məlumatlandırılacaq. Dünya görməlidir ki, Azərbaycan ermənilərin törətdiklərinə baxmayaraq nifrətə yox, sülhə yönəlib".

Ekspert xatırladır ki, başımıza gətirilənləri unutmaq mümkün deyil. Çünki unutsaq, eyni hadisələrin təkrarlanmayacağına heç kim təminat verə bilməz:

"Bundan sonra istifadə edəcəyimiz dil müharibə dövründəki dildən fərqli olacaq, lakin Ermənistan tərəfi də arxayınlaşmamalıdır. Azərbaycan hər şeyi arxa plana keçirməyib və məsuliyyət məsələsi daim xatırladılacaq".

Sonda qeyd edib ki, Ermənistan və onu idarə edənlər bundan sonra Azərbaycanla münasibətlərdə bizim heç nəyi unutmadığımızı nəzərə almalıdırlar.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR