"Real Ermənistan" bizim sülh gündəliyinin konseptual, ideoloji əsası və əsaslandırmasıdır".
Bakıvaxtı.az-ın məlumatına görə, bu fikri Ermənistanın baş naziri Nikol Paşinyan Yeni il müraciətində səsləndirib.
Onun sözlərinə görə, "Real Ermənistan" ideologiyası olmadan sülh gündəliyinin həyata keçirilməsi mümkün deyil. Paşinyan sözügedən ideologiyanı ölkə siyasətinin əsası kimi qələmə verib. Bunu ölkənin və dünya gündəminin əsası üçün "dönüş nöqtəsi" adlandıran baş nazir ideologiya çərçivəsində Ermənistanın hərəkət və sözlərinə diqqət yetirilməsinin vacib olduğunu deyib.
Siyasi şərhçi Həsrət Rüstəmov Bakıvaxtı.az-a deyib ki, erməni baş nazirin çıxışındakı mesajlar tarix boyu erməniləri qeyri-real hədəflərə yönəldən beynəlxalq və yerli güclərə ünvanlanıb.
Onun sözlərinə görə, artıq qonşu ölkədə həm xalqın əksər hissəsi, həm də bu əksər hissənin seçdiyi Paşinyan hökuməti başa düşür ki, qonşu ölkələrin ərazilərinə göz dikməklə bu bölgədə dövlət qurub yaşamaq mümkün deyil:
"Bir sözlə, Paşinyanın doğru mesajlar verdiyini, erməni xalqını uzun müddət qonşuları ilə düşmənçiliyə sövq edərək bunun üzərində özünün regional siyasi maraqlarını təmin edən beynəlxalq güclərin - ilk növbədə Rusiya imperiyasının əlaltısı olmaqdan xilas etmək istədiyini görürük".
Həsrət Rüstəmov, siyasi şərhçi
Müsahibimiz vurğulayıb ki, Ermənistan öz sərhədləri daxilində normal bir dövlət kimi yaşamaq istəyirsə Azərbaycan və Türkiyə ilə dost olmağa, münasibətləri normallaşdırmağa çalışmalıdır:
"Paşinyan bunu demək istəyir və hələ də ölkəsində revanşist əhval-ruhiyyədə olan erməni ultramillətçilərə, rus agentlərinə və daşnak tör-töküntülərinə xəbərdarlıq edir".
Aydın Baxış