“Ermənistanda Aİ mülki missiyası və ABŞ hərbçilərinin mövcudluğu, Ermənistanın yeni silahlar alması, sərhəd bölgələrdə fəallaşması ilk növbədə bizi narahat edir”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında siyasi şərhçi Həsrət Rüstəmov deyib.
Ekspertin sözlərinə görə, görünən odur ki, Azərbaycan hökuməti də bu məsələlərə adekvat reaksiya verməyə, müvafiq diplomatik və hərbi addımlar atmağa çalışır:
"Bu məsələlər təkcə bizim deyil, bütün region ölkələrinin maraqlarına ziddir. İlk növbədə isə Rusiyanın Ermənistandan və bölgəmizdən sıxışdırılıb çıxarılmasına hesablanmış addımlardır. Ermənistan onsuz da ağasız yaşaya bilmir və hazırda zəifləyən köhnə ağasını dəyişmək üçün maksimum cəhd edir”.
Müsahibimiz qeyd edib ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi rəsmən imzalanmayanədək bölgədə qarışıqlıq yaradıb maraqlarını təmin etməyə çalışan güclər üçün yaxşı fürsətlər həmişə olacaq. Ona görə də bizim üçün əsas priotet məsələ sərhədlərin tezliklə müəyyənləşərək sülh müqaviləsinin imzalanması olmalıdır:
“Sülh prosesini mümkün qədər vasitəçilərsiz həyata keçirməyə çalışmalıyıq. Bu zaman qarşı tərəfə də əsas faydaların məhz sülh şəraitində əldə oluna biləcəklərini başa sala bilərik”.
Həsrət Rüstəmov: Qarabağdakı silahlar hazırda Bakıdakı Qənimətlər Parkında nümayiş olunur
Ermənilərin qazdığı yeni səngərlərə və aldığı yeni silahlara gəlincə, Həsrət Rüstəmov xatırladıb ki, bunlardan Qarabağda da var idi:
“Həmin silahlar hazırda sınıq-salxaq vəziyyətdə Bakıdakı Qənimətlər Parkında nümayiş olunur".
Qeyd edək ki, Ermənistan silahlı qüvvələri Naxçıvan istiqamətində beton-bunker tipli hücum xarakterli istehkamlar tikir. İşğalda olan Kərki kəndi istiqamətində də bu tipli istehkamların tikildiyi deyilir. Məlumata görə, əraziyə yeni təminat və postlar arasında əlaqə yolları çəkilib, genişmiqyaslı təkmilləşdirmə işləri aparılıb:
"4 yeni bunker müşahidə olunur. Ərazidə atəş nöqtələri qazılıb".
Naxçıvan istiqamətində bu kimi fəaliyyətlər rəsmi İrəvanın bütün "sülh və normallaşma" siyasətinin saxta olduğunu bir daha sübut edir. Kərki kəndi ilə bağlı danışıqların gözlənildiyini bilən və Azərbaycan ərazi bütövlüyünü sözdə "tanıdığını" bəyan edən Ermənistan rəhbərliyi niyə məhz işğal etdiyi ərazi istiqamətində bu kimi addımları atır?!
Qısa desək, Ermənistan sülhdə maraqlı deyil. Xatırladaq ki, Ermənistan Silahlı Qüvvələri şərti sərhədin Kəlbəcər istiqamətində də hərbi texnikanı kamuflyaj edərək daşımaqda davam edir. Məlumata görə, Ermənistan Silahlı Qüvvələri şərti sərhəddə artıq hərbi texnika üçün 200-dən çox səngər qazıb. Eyni zamanda Ermənistan da şərti sərhəddə daha bir hərbi hissə tikib. Son günlərdə Ermənistanın bu istiqamətdə hərəkətləri diqqət mərkəzindədir.
Aydın Baxış