“Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin vurulması barədə qərar verənlərin, onu icra edənlərin kimlər olmasından asılı olmayaraq, cinayət hadisəsinə yol verilib”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında deputat Arzuxan Əlizadə deyib.
Onun sözlərinə görə, bu hadisədə məsuliyyəti olanlar müvafiq olaraq cəzalandırılmalıdırlar:
"Eyni zamanda Azərbaycan tərəfindən rəsmən üzr istənməlidir. Həmçinin, beynəlxalq hüquq normalarına uyğun olaraq həm Azərbaycan Hava Yolları, eyni zamanda qəzya uğradılmış təyyarədə həyatını itirənlərə, həmçinin, yaralananlara konpensasiya ödənilməlidir. Bu, beynəlxalq hüququn tələbidir və burada yeni bir şey yoxdur”.
Müsahibimiz qeyd edib ki, ancaq Rusiya tərəfinin məsələyə tamam fərqli prizmadan yanaşmasına şahidlik edirik:
“Rusiyanın bəzi rəsmiləri, xarici işlər naziri də daxil olmaqla yaxınlarda növbəti dəfə açıqlama verib icimaiyyəti yanlış tərəfə yönəltməyə cəhd etdilər. Deyildi ki, guya "qara qutular" emal edilərkən fərqli məlumatlar əldə olunub, guya təyyarə vurulmayıb, təyyarənin içərisində "oksigen balonunun partlaması" və digər səbəbdən qəzaya uğraması versiyası növbəti dəfə gündəmə daşındı. Ancaq Qazaxıstan Nəqliyyat Nazirliyi açılmış "qara qutu"nun emal olunmuş məlumatlarını dərc etdi".
Arzuxan Əlizadə: Bu hadisədə məsuliyyəti olanlar müvafiq olaraq cəzalandırılmalıdırlar
Deputata görə, ilkin hesabat birmənalı onu təsdiq edir ki, təyyarə Qroznı hava məkanında kənar müdaxiləyə məruz qalıb:
"Təyyarəyə hansı dəqiqədə kənardan neçə zərbə olması barədə məlumat da hesabatda əksini tapıb. Birmənalı olaraq "quş sürüsü ilə toqquşma", "oksigen balonunun partlaması" versiyaları təkzib edilib. Həmçinin, "kovyor" əməliyyatı da təyyarəmiz vurulandan 8 dəqiqə sonra elan olunub. Artıq təyyarənin vurulması, çox ciddi cinayət hadisəsi olması faktı ortadadır".
Qeyd edək ki, Qazaxıstan Nəqliyyat Nazirliyi “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinə məxsus "Embraer-190" təyyarəsinin iştirakı ilə baş vermiş aviasiya hadisəsinin araşdırılması üzrə ilkin hesabatı dərc edib. Hesabatda deyilib ki, Aktau hava limanı yaxınlığında qəzaya uğrayan təyyarənin korpusuna ilkin baxış zamanı ekspertlər tərəfindən çoxsaylı dəliklər, həmçinin yad metal əşyalar aşkar edilib. Vurğulanıb ki, İstintaq Komissiyası hava gəmisinin konstruksiya zədələrinin ətraflı müayinəsini davam etdirir:
"İlkin yoxlamalar zamanı füzelyajın arxa hissəsində, şaquli və üfüqi stabilizatorlarda, sükan və istiqamət sükanlarında müxtəlif ölçü və formalı çoxsaylı dəlik və dəliksiz zədələr aşkar edilib. Oxşar zədələr hava gəmisinin sol mühərriki, sol qanadı, eləcə də digər aqreqat və komponentlərində də müəyyən olunub. Bəzi zədələrin düzgün düzbucaqlı formaya malik olduğu qeyd edilir".
Bildirilib ki, AZAL-ın təyyarəsi uçuşa başladıqda və Qroznıya qədər olan uçuş hissəsində tam uçuşa yararlı vəziyyətdə olub. Hava gəmisinin, o cümlədən onun idarəetmə sisteminin uçuşa yararlılıqla əlaqədar bu məlumatlar FDR vasitəsilə öz təsdiqini tapıb.
Həmçinin, hava gəmisinin mühərriklərinin hər ikisi qəza anına qədər hər hansı texniki problem olmadan çalışıb. Bu məlumat (FDR vasitəsilə təsdiq olunub:
"Hava gəmisi Rusiyanın hava məkanında, o cümlədən Qroznı hava limanı üzərində uçuş əməliyyatları həyata keçirərkən GPS siqnallarının itməsi halı ilə üzləşib. Hava gəmisi hava şəraitinin əlverişli olmaması səbəbindən Qroznı üzərində ikinci enişi yerinə yetirə bilmədikdən sonra kapitan Bakıya qayıtmaq barəsində qərar verib. Bu qərarın qəbul edilməsindən sonra Qroznı üzərində CVR-da 24 saniyə aralıqla iki dəfə kənar səsin gəlmə faktı qeydiyyata alınıb. Birinci kənar səsdən 4 saniyə sonra 3-cü hidravlik sistem, 6 saniyə sonra 1-ci hidravlik sistem, 21 saniyə sonra 2-ci hidravlik sistem funksionallığını itirməklə sıradan çıxıb.
Aydın Baxış