Xəbər verdiyimiz kimi, Antalya Diplomatiya Forumu çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Ceyhun Bayramov və Ararat Mirzoyan - arasında ikitərəfli görüş baş tutub.
Bakıvaxtı.az-ın məlumatına görə, tərəflər Azərbaycan və Ermənistan arasında Sülh və Dövlətlərarası Münasibətlərin qurulması haqqında Sazişin mətninin yekunlaşdırılmasından sonra normallaşma prosesinin hazırkı vəziyyətini müzakirə ediblər. Nazirlər dialoqu davam etdirməyə hazır olduqlarını bildiriblər.
Ermənistan XİN başçısısı yenə də sülh sazişini imzalamağa hazır olduqlarını, lakin Bakının prosesi "uzatdığını", əlavə şərtlər irəli sürdüyünü iddia edib. Ceyhun Bayramov isə həmkarının iddialarının əsassız olduğunu söyləyib və Bakının haqlı tələblərinin nədən ibarət olmasına aydınlıq gətirib.
Deputat Ceyhun Məmmədov Bakıvaxtı.az-a açıqlamasında deyib ki, əslində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın yanaşması ölkəsinin sülh məsələsində nə qədər qeyri-səmimi olduğunu göstərir.
Onun sözlərinə görə, Ermənistan sülh prosesində real irəliləyiş istəmədiyindən hələ də bu prosesi bəhanələrlə yubadır:
"Əlbəttə, Ermənistanın belə yanaşması, bölgəmiz üçün yaxşı heç nə vəd etmir. Azərbaycan dəfələrlə öz mövqeyini açıqlayıb və bəyan edib ki, sülh prosesinin kökündə hansı məsələlər dayanır. Azərbaycanın iki tələbi - Konstitusiyada ərazi iddialarının aradan qaldırılması və Minsk qrupunun ləğvi məsələsi mütləq icra olunmalıdır. Bunların olmadığı təqdirdə İrəvanın Bakını ittiham etməsinə heç bir əsas yoxdur. Azərbaycan bu məsələdə tam haqlıdır və mövqeyi də aydındır”.
Ceyhun Məmmədov: Azərbaycan tələblərində tam haqlıdır və mövqeyi də aydındır
Müsahibimiz təəssüflə vurğulayıb ki, Ermənistan tərəfi pozuculuq missiyasını davam etdirir. Azərbaycan növbəti dəfə Ermənistana əlini uzatsa da, İrəvan eyni siyasətini sürdürür.
Deputat qeyd edib ki, Ermənistan rəsmiləri öz açıqlamalarında, müzakirələrdə diqqətli olmalıdır. Azərbaycanın şərtləri qeyd-şərtsiz yerinə yetirilməlidir. Əlavə nədənsə söhbət getmir.
"Azərbaycan sülh istəyir. Amma Ermənistan bütün vasitələrdən istifadə edərək sülh prosesini ləngitməyə çalışır. Bu, düşündürücü, ciddi məsələdir. Ermənistanın yeni niyyət və hədəflərindən xəbər verir. İrəvan hökuməti bu siyasətə son qoymalıdır. Əks halda bölgəyə sülh gəlməyəcək", - deyə Ceyhun Məmmədov əlavə edib.
Aydın Baxış