• Bakı 16° C

    10.6 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.129

İmmiqrasiya böhranı Trampla ştatları toqquşdurdu: məsələ necə həll olunacaq?

SİYASƏT

14 May 2025 | 15:12

İmmiqrasiya böhranı Trampla ştatları toqquşdurdu: məsələ necə həll olunacaq?

ABŞ-də son illərdə federal hökumətlə bəzi ştat administrasiyaları arasında gərgin münasibətlər xüsusilə immiqrasiya siyasəti fonunda daha da qabarıb.

Prezident Donald Trampın administrasiyası dövründə qəbul edilən sərt immiqrasiya siyasətləri və onlara paralel olaraq bəzi ştatlara qarşı federal maliyyələşdirmənin kəsilməsi təhdidləri bu ziddiyyətləri hüquqi müstəviyə daşıyıb.

Bakıvaxtı.az-ın "Axios" portalına istinadla verdiyi xəbərə görə, ən azı 20 ştat Tramp administrasiyasını məhkəməyə verib. Onlar bu addımı federal maliyyələşdirmənin siyasi motivasiyalarla kəsilməsinə qarşı atıblar. Kaliforniyanın baş prokuroru Rob Bonta məsələyə dair verdiyi açıqlamada, Daxili Təhlükəsizlik Departamenti, Daxili Təhlükəsizlik Katibi Kristi Noem, eləcə də FEMA və Nəqliyyat Departamenti kimi federal strukturlara qarşı iddiaların əsaslandığı hüquqi arqumentləri ortaya qoyub. İddialar maliyyə şərtlərinin ABŞ Konstitusiyasına uyğun olmamasına yönəlib. Bu fonda Nəqliyyat Departamentinə qarşı açılan ikinci iddia mühüm infrastruktur layihələrinin maliyyələşdirilməsinə dair federal siyasətlə bağlıdır. Ştatlar bu maliyyənin siyasi təzyiq alətinə çevrilməsini yolverilməz sayır.

Bu addım Amerika Birləşmiş Ştatlarında yeni iğtişaşlara səbəb ola bilərmi?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Oqtay Qasımov bildirib ki, bu məhkəmə prosesi təkcə hüquqi məsələ deyil, eyni zamanda ABŞ-də mövcud olan federalizm sisteminin, yəni ştatlarla federal hökumət arasında səlahiyyət bölgüsünün yenidən dəyərləndirilməsinə səbəb olur. Kaliforniya və digər liberal ştatlar Trampın sərt siyasətlərinə qarşı durmaqla həm də ideoloji cəbhə formalaşdırırlar:

"Tramp administrasiyası dövründə qənaət siyasətləri və müəyyən sosial proqramların maliyyəsinin azaldılması Demokratların idarə etdiyi ştatlarda ciddi narazılıqla qarşılandı. Bu proses immiqrasiya kimi həssas sahələrdə daha kəskin xarakter aldı. Lakin bütün bu ziddiyyətlərə baxmayaraq, ABŞ-da belə fikir ayrılıqları adətən institutlar vasitəsilə – məhkəmələr və konstitusiya qurumları çərçivəsində həll olunur. Ölkə konstitusiyası ştatlara müəyyən muxtariyyət verdiyi üçün onlar federal siyasətlərə qarşı hüquqi müstəvidə etiraz edə bilirlər".

Oqtay Qasımov: ABŞ-da fikir ayrılıqları adətən məhkəmələr və konstitusiya qurumları çərçivəsində həll olunur

Onun sözlərinə görə, bu cür siyasi və hüquqi çəkişmələrin ABŞ-də iğtişaşlara səbəb olması ehtimalı azdır. ABŞ möhkəm institusional baza üzərində qurulub, burada müxtəlif ştatların fərqli yanaşmaları sistemin bir hissəsidir. Əksinə, bu pluralizm ABŞ demokratiyasının davamlılığını təmin edən əsas faktorlardan biridir:

"Bununla belə, bu kimi ziddiyyətlər bəzən xarici qüvvələr tərəfindən manipulyasiya edilə bilər, xüsusilə informasiya müharibəsi şəraitində. Lakin Amerikanın demokratik institutları və hüquq sistemi bu təhdidlərə qarşı dayanıqlıdır".

Politoloq onu da bildirib ki, Tramp administrasiyasının sərt immiqrasiya siyasətinə qarşı ştatların başlatdığı məhkəmə mübarizəsi ABŞ-də federal-ştat münasibətlərinin necə mürəkkəb və çoxsəviyyəli olduğunu bir daha göstərir. İdeoloji fərqlər, siyasi qarşıdurmalar və hüquqi proseslər bir arada gedir. Lakin bütün bunlar ABŞ-nin dərin demokratik ənənələri və hüquqi çərçivəsi daxilində tənzimlənir. Bu, Amerikanın daxili sabitliyinin və siyasi sisteminin davamlılığının əsas səbəblərindəndir.

Əli Hüseynov


SON XƏBƏRLƏR