• Bakı 14° C

    1.1 m/s

  • USD - 1.7

    EUR - 1.9725

    RUB - 2.1027

Süni intellektin mediaya daxil olması həm də təhlükə yaradır - AÇIQLAMA

CƏMİYYƏT

17 Noyabr 2025 | 13:38

Süni intellektin mediaya daxil olması həm də təhlükə yaradır - AÇIQLAMA

"Media orqanları süni intellektdən (AI) istifadə üçün daxili qaydalar hazırlamalıdır. Hər xəbəri avtomatlaşdırmaq olmaz".

Bu sözləri süni intellektin nəzarətsiz tətbiqinin media sektorunda mənfi təsirlərini Bakıvaxtı.az-a şərh edən informasiya texnologiyaları (İT) üzrə ekspert Elvin Həsənov deyib.

Onun sözlərinə görə, süni intellektin nəzarətsiz şəkildə mediaya daxil olması çox böyük rahatlıq gətirsə də, bir o qədər də təhlükə yaradır. Çünki media cəmiyyətin informasiyanı aldığı əsas mənbədir və burada baş verən hər bir pozuntu birbaşa insanların düşüncəsinə təsir edir:

"Ən böyük risk saxta xəbərlərin və "deepfake" videoların sürətlə yayılmasıdır. AI ilə bir insanın səsini və ya üzünü təqlid etmək artıq çox asandır. Bu da o deməkdir ki, bir tanınmış şəxsin danışdığı saxta video bir neçə dəqiqəyə yüz minlərlə insana çata bilər və heç kim bunun real olub-olmadığını ayırd edə bilməz. Bu cür manipulyativ məzmunlar həm cəmiyyətdə çaşqınlıq yaradır, həm də media qurumlarına olan etibarı azaldır”.

Müsahibimiz qeyd edib ki, süni intellekt xəbərləri avtomatik şəkildə hazırlamağa başladıqda, məsuliyyət məsələsi zəifləyir. İnsan, yəni jurnalist məsuliyyət daşıyır, etik qaydaları bilir, məlumatı yoxlayır:

“Amma AI bunu etmir, sadəcə verilənləri emal edib nəticə çıxarır. Burdan da yanlış və ya qərəzli məlumat ötürmək mümkündür".

Elvin Həsənov: Əgər materialın hazırlanmasında süni intellektdən istifadə olunubsa, bu...

Ekspertə görə, bu cür risklərdən qorunmaq üçün bir neçə əsas addım vacibdir. Birincisi  şəffaflıqdır. Əgər materialın hazırlanmasında süni intellektdən istifadə olunubsa, bu, açıq şəkildə qeyd edilməlidir ki, oxucu və tamaşaçı mənbəni düzgün qiymətləndirə bilsin.

"İkincisi, faktı yoxlama prosesi gücləndirilməlidir. AI tərəfindən hazırlanmış məlumat insan tərəfindən yenidən yoxlanılmalı, "deepfake" və manipulyasiya aşkarlayan texniki alətlərdən istifadə olunmalıdır. Üçüncüsü, media işçiləri üçün təlimlərdir. Jurnalistlər, montajçılar və redaktorlar bilməlidirlər ki, AI nələri edə bilir və necə saxtalaşdırır. Bu bilik olmadan riskləri idarə etmək mümkün deyil. Dördüncüsü isə etik qaydalardır. Media orqanları AI-dən istifadə üçün daxili qaydalar hazırlamalıdır. Hər xəbəri avtomatlaşdırmaq olmaz. Bəzi mövzular mütləq insan nəzarətində olmalıdır", - deyə Elvin Həsənov qeyd edib.

Gülşən Şərif


SON XƏBƏRLƏR