Dövlət Statistika Komitəsinin məlumatına görə, on bir ildə ödəniş kartlarının ümumi sayı 21 367 567-yə yüksəlib. Bu, 2024-cü illə müqayisədə 12,9% və ya 2 444 070 ədəd artım deməkdir.
Son beş ilin yekun təhlili göstərir ki, 2021-2025-ci illər ərzində ölkədə dövriyyədə olan ödəniş kartlarının ümumi sayı 10 525 905 ədəd və ya 97,1% artıb. Həmçinin cari ildə nağdsız ödənişlərin həcmi 72,23 milyard manat təşkil edib ki, bu da bir il ərzində 29,1% və ya 16,28 milyard manat artım deməkdir.
Nağdsız ödənişlərin artımı nağd kağız pulların sıradan çıxmasına səbəb ola bilərmi?
İqtisadçı Murad Cəlalov Bakıvaxtı.az-a açıqlamasında bu mövzuya toxunub.
Onun sözlərinə görə, hər il nağdsız əməliyyatların sayı sürətlə artır. Bu artıma təsir edən müəyyən amillər var:
"Avropada və digər inkişaf etmiş ölkələrdə artıq yalnız kartla deyil, saat və üzüklə də nağdsız ödənişlər həyata keçirmək mümkündür. Ölkəmizdə də bu tətbiqlərdən istifadə edilməsi nəzərdə tutulur. Bundan başqa, üzərində pul gəzdirməkdənsə, kartla ödəniş daha rahat və əlverişli hesab olunur. Ölkəmizdə kartla ödənişlərin asanlaşdırılması da nağdsız əməliyyatlara marağı artırıb. Hətta bəzi hallarda ödəniş terminallarında da ehtiyac olmur və "card to card"dan istifadə olunur".
Müsahibimiz vurğulayıb ki, əslində "card to card"dan istifadə məqsədəuyğun deyil. Çünki terminaldan istifadə olunmadıqda kartdan karta köçürülən məbləğin hansı məqsədlə köçürüldüyü bilinmir. Bu isə vergidənyayınma hallarına yol açır.
.jpg)
Murad Cəlalov: Ölkəmizdə kartla ödənişlərin asanlaşdırılması nağdsız əməliyyatlara marağı artırıb
Amma onun dediyinə görə, nağdsız ödənişlər nə qədər rahat olsa da, sön dövrlər ölkəmizdə və digər dövlətlərdə kartlardan pulun çəkilməsində müəyyən problemlər ortaya çıxıb. Ona görə də bütün hallarda nağd pullara daha çox üstünlük verirlər.
“Nağd pulda risk təhlükəsi olmur. Son illər bank kartlarına olan kiberhücumların sayının artması da vəsaitin bank hesabında saxlanması üçün risk yaradır", - deyə Murad Cəlalov qeyd edib.
Gülşən Şərif
Bakı 



