Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ dövlət katibinin müavini Ellison Hukerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Bakıvaxtı.az "Armenpress"ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş Naziri Aparatının İctimaiyyətlə Əlaqələr Şöbəsi məlumat yayıb.
Məlumata görə, ABŞ ilə tərəfdaşlıq həm hökumət, həm də Ermənistan ictimaiyyəti tərəfindən yeni formada qəbul edilir.
Nikol Paşinyan həmçinin ABŞ prezidenti Donald Trampın Azərbaycanla sülhün bərqərar olunmasında şəxsi töhfəsini yüksək qiymətləndirib. Baş nazir avqustun 8-də Vaşinqtonda keçirilən Sülh Zirvə toplantısında əldə edilmiş razılaşmaların və həmin razılaşmaların nəzərdə tutulmuş qrafikə uyğun həyata keçirilməsinin vacibliyini qeyd edib.
Dövlət katibinin müavini isə vurğulayıb ki, Birləşmiş Ştatlar və Ermənistan arasında davam edən əməkdaşlıq, Azərbaycan və Ermənistan arasında hərtərəfli sülh sazişi və Türkiyə ilə münasibətlərin normallaşması istiqamətində irəliləyişlər Cənubi Qafqazın mühüm ticarət yolu kimi açılmasını vəd edir.
Gülşən Şərif
Bakı 



