“Böyük güclər adlandırılan mərkəzlər artıq demək olar ki, təşəbbüsü əldən verirlər. Bu səbəbdən də orta güclər daha qətiyyətli şəkildə sözlərini deməyə başlayıblar. Dünya səhnəsində baş verən proseslər böyük məsuliyyət və ciddi resurslar tələb edir. Bu yükü daşımaq isə iri güclər üçün belə asan başa gəlmir”.
Bu fikirləri politoloq Tofiq Abbasov dünya siyasətində böyük güclərin zəifləməsi və orta güclərin önə çıxması ilə bağlı Bakıvaxtı.az-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, hegemonluq istəyi anlaşılandır, lakin bu iddiaların ciddi maddi məsuliyyəti də var:
“ABŞ Donald Trampın prezidentliyinin birinci dönəmində hegemonluqdan qismən uzaqlaşmışdı. Tramp biznesmen kimi yaxşı anlayırdı ki, hegemonluğun verdiyi üstünlüklərlə yanaşı, ağır maliyyə yükü də mövcuddur və bu yük artıq problemə çevrilir. Dünyada böhran hələ də davam edir. Bu baxımdan kiçik dövlətlər tədricən orta güclərə çevrilirlər və buna tam haqları var”.
Politoloq qeyd edib ki, Azərbaycan bu kontekstdə nümunəvi mövqe nümayiş etdirir:
“Azərbaycan üzərinə düşən vəzifələri qətiyyətlə yerinə yetirir. Qoşulmama Hərəkatına sədrlik ölkəmizə böyük beynəlxalq nüfuz qazandırdı. Nisbətən kiçik ölkə olmasına baxmayaraq, Azərbaycan sübut etdi ki, qlobal proseslərdə iştirak imkanlarını düzgün qiymətləndirir və bu proseslərin həllinə real töhfələr verə bilir”.
T.Abbasov bildirib ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik müddətinin dördüncü il də uzadılması məhz Prezident İlham Əliyevin təşəbbüskarlığı ilə bağlıdır:
“Parlament şəbəkəsinin yaradılması, gənclər təşkilatlarının formalaşdırılması kimi təşəbbüslər innovativ yanaşmalar idi. Azərbaycan təşkilatı formal platformadan real işlək mexanizmə çevirdi. Prezident İlham Əliyevin təşəbbüsləri nəticəsində zəif ölkələrə dəstək göstərildi, 80-dən çox ölkəyə humanitar və donorluq yardımı edildi”.

Tofiq Abbasov: Azərbaycan nümunəsi mütləq şəkildə digər ölkələr üçün də örnəkdir
Ekspert xatırladıb ki, vaksin diskriminasiyası dövründə bir çox ölkə ciddi problemlərlə üzləşmişdi və bu mərhələdə orta güclər böyük güclərin edə bilmədiklərini reallaşdırdılar:
“Bu dövlətlər insanların əzablarını azaltdılar, düzgün çıxış yolları göstərdilər. Burada qısqanclığa yer yoxdur. Azərbaycanın effektiv fəaliyyəti, inteqrasiyaya verdiyi töhfələr həm milli dividendlərimizi artırır, həm də beynəlxalq mühitə sabitləşdirici təsir göstərir”.
Onun sözlərinə görə, bəzi ölkələr Azərbaycanın uğurlarını həzm edə bilmədikləri üçün tənqidlərə və təxribatlara əl atırlar:
“Azərbaycan özünə arxayındır. Ölkənin kifayət qədər potensialı, resursları və güclü ordusu var. Bu imkanlar hesabına öz milli maraqlarını qoruyur və qoruyacaq. Mən əminəm ki, Azərbaycan nümunəsi digər ölkələr üçün də ciddi örnəkdir”.
Politoloq vurğulayıb ki, 2026-cı ildə dünyada ciddi transformasiyalar baş verə bilər:
“Bu dəyişikliklərin bəziləri riskli və hətta təhlükəli ola bilər. Amma deyildiyi kimi, sülh istəyirsənsə, müharibəyə hazır olmalısan. Azərbaycan bu prinsipin aktuallığını dərk edir. Regionda hər hansı risk yaranarsa, ölkəmiz sağlam qüvvələrlə birgə hərəkət edərək adekvat cavab vermək gücündədir”.
Zeynəb Rzayeva
Bakı 



