“Ermənistanda seçki prosesinə müdaxilə çoxdan başlayıb”.
Bunu Bakıvaxtı.az-a Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinin Ermənistanda gələn il keçiriləcək parlament seçkilərini müzakirəsini şərh edən politoloq Natiq Miri deyib.
Onun sözlərinə görə, xüsusən, kənar təsirləri media sahəsində özünü açıq şəkildə büruzə verir:
“Dezinformasiya və yalan məlumatlar fonunda ictimai rəyi yönəltmək xarakteri daşıyır. Əsas hədəf ictimai rəyi hökumət əleyhinə formalaşdırmaqdan ibarətdir”.
Bu yöndə Rusiyanın daha aktiv olduğunu deyən politoloq Moskvanın belə məsələləri çox gözəl bildiyini bildirib:
“Rusiyada dezinformasiya ilə bağlı xüsusi institutlaşmış qurumlar var və onlar yüksək səviyyədə idarə olunur. Praktikada dəfələrlə istifadə olunub. O baxımdan belə bir real təhlükənin olması ciddidir. Moldovadakı seçkilər də bunu ortaya qoydu. Əgər Avropa İttifaqının zamanında dəstəyi olmasaydı, bu gün Moldovada fərqli seçki nəticələrindən danışılırdı. Məhz Avropa İttifaqının yardımları kontekstində bir çox dezinformasiya müdaxilələri aradan qaldırıldı. O cümlədən, cəmiyyət arasında təxribat törətmək niyyətində olanlar vaxtında təyin olunaraq zərərsizləşdirildi. Niyyəti pozuculuq olanlar həbs qorxusu ilə ölkəni tərk etdilər”.

Natiq Miri: Rusiyanın məqsədi əhalini Paşinyanın üzərinə qaldırmaqdır
Müsahibimiz qeyd edib ki, indi eyni modeli Ermənistanda da təqbiq edə bilərlər. Əslində Ermənistan rəhbərliyi də bunu istəyir:
“Bu gün Ermənistanda əksər media Rusiya və Rusiyayönlü "5-ci kalon" tərəfindən idarə olunur və maliyyələşir. Bu gün Cənubi Qafqazda, daha doğrusu, Rusiyanın "son qalası" sayılan Ermənistan uğrunda açıq şəkildə Qərb-Rusiya mübarizəsi gedir. Moskva anlayır ki, budəfəki seçkiləri də uduzarsa, Paşinyan qalib olarsa, bu, Rusiyanın Ermənistandan tamamilə çıxarılamasına gətirib çıxaracaq. Kremli hərəkətə keçirən məhz bu amildir".
N.Miri əlavə edib ki, Rusiyanın məqsədi dezinformasiyalar və mümkün olarsa, ciddi sosial etirazlar, narazılıqlar fonunda hökumətə təzyiq göstərmək, əhalini Paşinyanın üzərinə qaldırmaqdır:
"Prosesdə mühüm rol oynayan qruplardan biri də Rusiyadan idarə olunan və dəstəklənən Erməni Apostol kilsəsidir. Hazırda Rusiyanın Ermənistandakı bütün "siyasi-sosial minaları" dövriyyəyə buraxılıb. Bunun fərqində olan Paşinyan hökuməti Avropa İttifaqından Moldovada olduğu kimi yardım və dəstək tələb edir. Aİ Ermənistanda seçkilər məsələsini xüsusi müzakirə predmeti görür və toplantılarda gündəmə daşıyır”.
Natiq Miri hesab edir ki, Ermənistandakı seçkilərə Aİ tərəfindən ciddi siyasi, təhlükəsizlik və maliyyə dəstəyi veriləcək. Seçki prosesinə ciddi nəzarət olunacaq.
Qeyd edək ki, Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri Ermənistanı müzakirə ediblər. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas deyib ki, gələn il Ermənistanda seçkilər keçiriləcək və buna görə də Aİ Ermənistana necə kömək edə biləcəyini müzakirə edib: "Ermənistan xarici müdaxilələrin qarşısının alınması mövzusunda bizdən kömək istəyib".
Büundan əvvəl Kaya Kallas 2026-cı ildə Ermənistanda keçiriləcək parlament seçkiləri ərəfəsində Rusiyanın Ermənistanda dezinformasiya kampaniyasını gücləndirdiyini iddia edib.
Aydın Baxış
Bakı 




