Vyetnamdan Taylanda uçan “AirAsia” aviaşirkətinə məxsus sərnişin təyyarəsində qorxu dolu anlar yaşanıb.
Bakıvaxtı.az xəbər verir ki, uçuş zamanı rusiyalı bir sərnişin alt paltarına qədər soyunub və təyyarədən tullanmağa çalışıb.
Hadisə nəticəsində ekipaj təhlükəsizlik məqsədilə təyyarəni Banqkoka təcili endirmək məcburiyyətində qalıb. Lakin insident bununla bitməyib.
Digər sərnişinlər tərəfindən lentə alınan görüntülərdə kişinin yalnız qara alt paltarında salon boyu gəzdiyi, yüksək səslə qışqırdığı və stüardessalara “Mənə toxunmayın!” deyə bağırdığı görünür. O, daha sonra təyyarənin çıxış qapısının açılmasını tələb edərək, kobud ifadələr işlədib və rus dilində “Bizi burada ölməyə qoymaq istəyirlər?” deyə qışqırıb.
Gərginlik artdıqdan sonra “AirAsia” reysi təhlükəsizlik səbəbi ilə Banqkoka yönləndirilib. Təyyarə “Don Mueang” hava limanına endikdən sonra isə sərnişin nəzarəti tamamilə itirib. Təhlükəsizlik pilləkənləri açılmamışdan əvvəl o, qapını zorla açaraq, uçuş-enmə zolağına tullanıb.
Nəticədə kişi ayağından xəsarət alıb və hadisə yerinə cəlb olunan Tayland polisi tərəfindən saxlanılıb. Hazırda onun vəziyyəti tibbi nəzarət altındadır.
Bildirilir ki, sərnişin uçuşun əvvəlindən etibarən qeyri-adekvat və nizamsız davranışlar sərgiləyib. O, stüardessalarla mübahisə edib, hətta onları fiziki qarşıdurmaya çağırıb.
Şahidlərin sözlərinə görə, hadisədən əvvəl sərnişin başqa bir kişi ilə mübahisə edib, tez-tez tualetə gedib və son dərəcə gərgin vəziyyətdə olub. Digər sərnişinlər onu sakitləşdirməyə çalışsa da, bu mümkün olmayıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Bakı 




