• Bakı C

    2.67 m/s

  • USD - 1.7

    EUR - 1.9977

    RUB - 2.1379

Ölkəmizin "yumşaq güc" siyasəti: diplomatik təsir, yoxsa real siyasi fəallıq?

SİYASƏT

17 Dekabr 2025 | 09:10

Ölkəmizin yumşaq güc siyasəti: diplomatik təsir, yoxsa real siyasi fəallıq?

Azərbaycanın beynəlxalq təşkilatlarda, xüsusilə BMT, UNESCO və digər qlobal platformalarda fəallaşması ölkənin xarici siyasətində strateji bir istiqamət kimi qiymətləndirilir.

Bu fəallıq təkcə diplomatik nümayişlərlə məhdudlaşmır; eyni zamanda ölkənin “yumşaq güc” potensialını artırmaq, mədəniyyət, təhsil və humanitar sahələrdə təsirini genişləndirmək məqsədini daşıyır. Belə platformalarda iştirak Azərbaycanın həm beynəlxalq imicini möhkəmləndirir, həm də onun siyasi mövqeyini daha da gücləndirir.

Lakin sual yaranır: bu cür diplomatik fəallıq real siyasi təsir yarada bilərmi?

Yumşaq güc strategiyasının hansı mərhələdə olması və bu platformaların regional mövqelərin möhkəmlənməsinə necə xidmət etməsi aktual müzakirə mövzusudur. Azərbaycan üçün bu, həm də regionda strateji maraqlarını dəstəkləyən təsir mexanizmlərini inkişaf etdirmək deməkdir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Milli Məclisin deputatı Elçin Mirzəbəyli bildirib ki, Azərbaycanın son illərdə BMT, UNESCO və digər beynəlxalq strukturlarda artan fəallığı təkcə diplomatik aktivlik kimi deyil, həm də ölkənin strateji “yumşaq güc” siyasətinin institusional mərhələyə keçidi kimi dəyərləndirilə bilər:

"Qlobal siyasi sistemdə sərt güc alətlərinin məhdudlaşdığı, legitimlik və narrativlərin ön plana çıxdığı bir dövrdə beynəlxalq təşkilatlar dövlətlər üçün həm təsir platforması, həm də mövqe möhkəmləndirmə mexanizmi funksiyası daşıyır. Bu baxımdan Azərbaycanın beynəlxalq strukturlardakı iştirakı formal üzvlük çərçivəsindən kənara çıxaraq siyasi məna və praktik nəticələr doğuran fəaliyyətə çevrilməkdədir".

Onun sözlərinə görə, beynəlxalq təşkilatlarda iştirakın real siyasi təsir yaradıb-yaratmaması əsasən həmin iştirakın məzmunu və məqsədyönlülüyü ilə ölçülür:

"Azərbaycan nümunəsində bu təsir bir neçə istiqamətdə özünü göstərir. Əvvəla, ölkə öz milli maraqlarını beynəlxalq hüquq və çoxtərəfli diplomatiya dili ilə ifadə etmək imkanını genişləndirib. Xüsusilə postmünaqişə dövründə ərazi bütövlüyü, suverenlik və bərpa prosesləri ilə bağlı mövqelərin beynəlxalq platformalarda ardıcıl şəkildə təqdim olunması Azərbaycanın çoxkompanentli, bütöv üstünlüyünü gücləndirib. İkincisi, bu strukturlarda fəallıq ölkəyə qərar qəbuletmə proseslərinə dolayı, lakin sistemli təsir göstərmək imkanı yaradır ki, bu da yumşaq gücün əsas göstəricilərindən biridir".

Həmsöhbətimiz bildirib ki, yumşaq güc strategiyasının hansı mərhələdə olması sualı isə Azərbaycanın artıq ilkin təqdimat mərhələsini geridə qoyduğunu deməyə əsas verir:

"Mədəni irsin UNESCO səviyyəsində tanıdılması, multikulturalizm və dini tolerantlıq modelinin beynəlxalq diskursda təqdim edilməsi, eləcə də humanitar və mədəni təşəbbüslərin qlobal miqyasda təşviqi Azərbaycanın imic siyasətini konseptual çərçivəyə salıb. Bu mərhələdə əsas çağırış yumşaq güc elementlərinin institusional davamlılığının təmin olunması və onların konkret siyasi nəticələrə çevrilməsidir. Başqa sözlə, simvolik tanınmadan real təsir mərhələsinə keçid prosesi gedir".

Elçin Mirzəbəyli: Regional liderlik iddiası həm də beynəlxalq legitimliklə möhkəmlənir

Deputat qeyd edib ki, beynəlxalq platformaların regional mövqeləri gücləndirib-gücləndirməməsi məsələsində isə Azərbaycanın təcrübəsi müsbət nümunə kimi qiymətləndirilə bilər.

"Regional liderlik iddiası yalnız hərbi və iqtisadi potensialla deyil, həm də beynəlxalq legitimliklə möhkəmlənir. Azərbaycan beynəlxalq təşkilatlar vasitəsilə Cənubi Qafqazda yeni siyasi reallıqların müəllifi kimi çıxış edir və bu reallıqları qlobal ictimaiyyətə qəbul etdirməyə çalışır. Bu isə regiondaxili proseslərə kənar müdaxilələrin təsirini balanslaşdırmaq və milli maraqları beynəlxalq hüquq müstəvisində qorumaq baxımından mühüm əhəmiyyət daşıyır",- E.Mirzəbəyli diqqətə çatdırıb.

MM üzvü onu da deyib ki, Azərbaycanın BMT, UNESCO və digər beynəlxalq strukturlarda fəallaşması sadəcə diplomatik aktivlik deyil, uzunmüddətli strateji düşüncəyə əsaslanan yumşaq güc siyasətinin tərkib hissəsidir:

"Bu siyasət real siyasi təsir yaratmaq potensialına malikdir və düzgün idarə olunduğu halda həm qlobal imicin möhkəmlənməsinə, həm də regional mövqelərin gücləndirilməsinə xidmət edə bilər. Əsas məsələ bu platformaların imkanlarını taktiki deyil, strateji müstəvidə dəyərləndirmək və onları milli maraqlarla uzlaşdırılmış davamlı siyasət alətinə çevirməkdir".

Əli Hüseynov


SON XƏBƏRLƏR

16 Dekabr 2025