• Bakı C

    12.29 m/s

  • USD - 1.7

    EUR - 2.0166

    RUB - 2.23

ABŞ-İran qarşıdurmasında İstanbul mərhələsi

SİYASƏT

02 Fevral 2026 | 17:15

ABŞ-İran qarşıdurmasında İstanbul mərhələsi

Son günlər yayılan məlumatlar göstərir ki, ABŞ və İran arasında uzun müddətdir davam edən gərginlik yeni və daha mürəkkəb mərhələyə daxil olub. Bir tərəfdən Vaşinqton hərbi təzyiq alətlərini masada saxlayır, digər tərəfdən isə diplomatik kanalların tam bağlanmasına imkan vermir. Xüsusilə Türkiyənin bu prosesdə mümkün görüş məkanı kimi önə çıxması təsadüfi deyil və regionda balans axtarışlarının davam etdiyini göstərir.

Etibarlı mənbələrə əsasən, İranın xarici siyasət xəttində mühüm fiqur olan Abbas Əraqçinin İstanbulda ABŞ nümayəndə heyəti ilə təmasda olması və bu görüşlərin Barak Ravidlə əlaqələndirilməsi onu göstərir ki, tərəflər rəsmi olmasa da, dolayı danışıqlar formatını artıq aktivləşdiriblər. ABŞ rəsmiləri də bu həftə Türkiyədə ABŞ İran təmaslarının mümkünlüyünü istisna etmirlər. Bu, gərginliyin pik nöqtəyə çatdığı bir mərhələdə diplomatik çıxış yolunun hələ də açıq saxlanıldığını göstərən ciddi siqnaldır.

İran daxilində də proseslər diqqətçəkicidir. Prezident Məsud Pezeşkianın ABŞ ilə danışıqlara başlanması ilə bağlı göstəriş verməsi, Tehran elitasında tam qapanma yox, kontrollu risk strategiyasının üstünlük qazandığını göstərir. Danışıqlarda İran tərəfini Əli Laricani kimi sistemin ağır fiquru və Abbas Əraqçi kimi daha çevik və islahatçı xəttə yaxın diplomatın təmsil etməsi balanslaşdırılmış heyət seçiminə işarədir. Bu seçim Tehranın həm daxili sərt qanadı sakitləşdirmək, həm də Qərbə tamamilə qapıları bağlamadığını göstərmək cəhdidir.

Ali dini lider Xameneinin mövqeyi də bu mənzərədə xüsusi əhəmiyyət daşıyır. Danışıqlar prosesinin ABŞ daxilində siyasi gündəmə çevrilməsi və regional müharibə riskinin müvəqqəti də olsa səngiməsi Xamenei üçün müəyyən diplomatik uğur kimi qiymətləndirilə bilər. Ən azından indiki mərhələdə İran rəhbərliyi birbaşa hərbi toqquşmadan yayınaraq vaxt qazanmağa çalışır. Bu vaxt həm daxili sosial təzyiqləri nəzarətdə saxlamaq, həm də mümkün hərbi ssenarilərə qarşı hazırlıq görmək üçün istifadə olunur.

Digər tərəfdən, ABŞ-nin mövqeyi də ikili xarakter daşıyır. Tramp administrasiyası İrana qarşı sürətli və məhdud hərbi əməliyyat variantlarını açıq şəkildə gündəmdə saxlayır. Bu isə danışıqları yumşaq diplomatiyadan çox təzyiq diplomatiyasına çevirir. Vaşinqtonun mesajı aydındır. Əgər Tehran nüvə proqramı və regional fəaliyyətlərlə bağlı güzəştə getməzsə, hərbi ssenari tamamilə istisna olunmur. Bu fonda Türkiyədə mümkün görüşlər əslində tərəflərin son anda eskalasiyadan yayınmaq cəhdi kimi də oxuna bilər.

Bütün bu proseslər region üçün ciddi nəticələr vəd edir. Yaxın Şərqdə İsrail İran qarşıdurmasının tammiqyaslı müharibəyə çevrilməməsi, Qafqazdan Körfəzə qədər uzanan təhlükəsizlik zolağı üçün həlledici əhəmiyyət daşıyır. ABŞ və İran arasında İstanbul kanalı ilə aparılan təmaslar təkcə iki ölkə arasında deyil, bütövlükdə regionda gərginliyin idarə olunması baxımından mühüm rol oynaya bilər.

Nəticə etibarilə, hazırkı mənzərə onu göstərir ki, tərəflər nə müharibəyə tam hazırdır, nə də qarşılıqlı güzəştlərə dərhal razıdır. Ona görə də yaxın dövrdə həm hərbi təhdidlərin ritorik səviyyədə qalması, həm də paralel diplomatik trafiklərin davam etməsi ən real ssenari kimi görünür. Türkiyə isə bu prosesdə həm coğrafi, həm siyasi baxımdan əsas vasitəçi platformalardan birinə çevrilməkdədir. Bu da regionda yeni balans mərhələsinin formalaşdığını göstərən mühüm göstəricidir.

Züriyə Qarayeva


SON XƏBƏRLƏR