Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətləri son illər yeni strateji mərhələyə qədəm qoyub.
Regional təhlükəsizlik, nəqliyyat-logistika, enerji və humanitar sahələrdə əməkdaşlığın dərinləşməsi bu əlaqələrin əhatə dairəsini daha da genişləndirib.
Prezident İlham Əliyevin Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirakı isə Azərbaycanın regiondakı rolunun artdığını və tərəfdaşlıq modelinin möhkəmləndiyini göstərir.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən deputat Fatma Yıldırımın sözlərinə görə, Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında formalaşan əməkdaşlıq xətti artıq regionun siyasi və iqtisadi arxitekturasında əsas dayaqlardan birinə çevrilir:
"Tarixi bağlar, mədəni yaxınlıq və Xəzərin yaratdığı təbii əlaqə məkanı bu dövlətləri uzunmüddətli strateji tərəfdaşlığa doğru aparır. Bu gün Xəzər hövzəsi ölkələri yalnız coğrafi yaxınlıqla deyil, həm də ortaq inkişaf maraqları ilə birləşdirən vahid platforma kimi çıxış edir".
Parlament üzvü bildirib ki, Azərbaycanın Mərkəzi Asiya respublikaları ilə münasibətlərinin əsas xarakteri qarşılıqlı güvən, ardıcıl siyasi dialoq və praktiki nəticələrə əsaslanan iqtisadi əməkdaşlıqdır. Xüsusilə Azərbaycan ilə Özbəkistan arasındakı tərəfdaşlıq regional inteqrasiyanın nümunələrindən biri kimi diqqət çəkir. Son illərdə qarşılıqlı əlaqələrin intensivləşməsi, imzalanan sənədlərin sayı və reallaşdırılan layihələr bu münasibətlərin strateji dəyərini xeyli artırıb.

Fatma Yıldırım: Azərbaycan ilə Mərkəzi Asiya ölkələrinin regional güc kimi birgə fəaliyyəti daha sistemlidir
"Ticarət və iqtisadi əlaqələr də sürətlə genişlənir. Orta Dəhliz üzrə birgə fəaliyyət, logistika və nəqliyyat infrastrukturlarının uyğunlaşdırılması, investisiya əməkdaşlığının artması Azərbaycan–Mərkəzi Asiya xəttinin real iqtisadi səmərə yaratdığını göstərir. Məlumatlar göstərir ki, ticarət dövriyyəsinin ciddi artım tempi qarşılıqlı marağın dərinliyini əks etdirir".
Deputat onu da diqqətə çatdırıb ki, humanitar və mədəni sahələrdə də sıx əlaqələr mövcuddur. Şəhərlərarası əməkdaşlıq, müxtəlif ölkələrdə təşkil edilən mədəni tədbirlər və birgə layihələr xalqlar arasında yaxınlığın möhkəmlənməsinə xidmət edir və uzunmüddətli tərəfdaşlığa əlavə dayaq yaradır:
"Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq isə Azərbaycan ilə Mərkəzi Asiya ölkələrinin regional güc kimi birgə fəaliyyətini daha sistemli edir. Enerji, nəqliyyat, təhlükəsizlik və rəqəmsal transformasiya kimi sahələrdə əlaqələrin genişləndirilməsi Türk dünyasında inteqrasiyanın keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərir".
Fatma Yıldırımin sözlərinə görə, bütün bu proseslər onu göstərir ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında əməkdaşlıq artıq klassik ikitərəfli münasibətlərdən kənara çıxaraq, bütövlükdə regionun sabitliyi, inkişafı və qarşılıqlı inteqrasiyası üçün strateji modelə çevrilib. Bu tərəfdaşlıq gələcək illərdə həm siyasi, həm də iqtisadi baxımdan regionun əsas inkişaf dayaqlarından biri olacaq.
Əli Hüseynov
Bakı 



