Bir neçə gün öncə prezident İlham Əliyev yeni təyin etdiyi icra başçılarını qəbul edərkən işsizlik probleminə də toxunub.
Ölkə başçısı bildirib ki, məşğulluqla bağlı son illər ərzində çox böyük islahatlar aparılıb, işsizliyin səviyyəsi aşağı düşüb. Ancaq bu gün hələ də bölgələrdən Bakıya, böyük şəhərlərə miqrasiya meyilləri mövcuddur. Bölgələrdən şəhərlərə miqrasiyanın səbəblərindən biri isə işsizlikdir. O, çıxışında "Yerlərdəki rəhbərlərdən tələbim odur ki, iş yerlərinin yaradılmasına çalışsınlar, iş adamlarına şərait yaratsınlar. Təbii ki, onlara dəstək vermək lazımdır. Çünki yerli istehsalın inkişafı həm məşğulluq məsələlərini təmin edir, eyni zamanda, yerli istehsalı da gücləndirir" sözlərini söyləyib.
Bəs görəsən, bölgələrdə işsizlik probleminin həllinə necə nail olmaq olar? Bölgələrdə hansı sahələrə üstünlük verməyə ehtiyac var?
Mövzu ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtisadçı ekspert Vüqar Oruc Bakıvaxtı.az-a açıqlama verib.
Onun sözlərinə görə, regionlarda ən böyük problem biznes layihələrinə şərait yaradılmaması, sahibkarlara yerli hakimiyyət orqanları tərəfindən fəaliyyət üçün münbit imkanların verilməməsidir:
"Bölgələrdə iş yerlərinin yaradılması bir çox hallarda qısa dövrü əhatə edir. Yəni, bölgələrdə iş yerləri açılsa da, iqtisadi dayanıqlıq olmadığına görə və yerli biznesin inkişafı üçün şərtlərin uyğunsuzluğu açılan iş yerləri bir müddətdən sonra bağlanır. Baxmayaraq ki, açılan iş yerlərinin sayı statistikada qeyd olunur. Məhz müvafiq büroktarik sistem və icra hakimiyyəti başçılarının vəziyyətə kifayət qədər ciddi və düzgün nəzarət edə bilməməsi ucbatından regionlarda biznesin inkişafı həyata keçirilə bilmir. Ölkə başçısı İlham Əliyev son çıxışında da bir daha vurğuladı ki, icra başçıları işlədiyi ərazidə təkəbbürdən uzaq olmalı və fəaliyyətlərini yüksək səviyyədə qurmalıdırlar. Onlar situasiyaya tam nəzarət etmək, işgüzarlığın yüksək səviyyəsini təmin etmək və xalqa xidmət üçün vəzifəyə təyin olunublar. Bu baxımdan yerli kadrlar təkcə dövlətin mərkəzdən ayırdığı dotasiya və subsidiyalarla deyil, eyni zamanda bölgə büdcəsinin yerli biznesin inkişafı vasitəsilə inkişafını təşkil etməlidirlər. Yerli rəhbərlər kifayət qədər aktiv və dinamik fəaliyyətlə məşğul olmalıdırlar".
V.Oruc hesab edir ki, qardaş Türkiyə, Orta Asiya ölkələri və digər işgüzar münasibətimiz olan Avropa ölkələrində olan bölgə hakimiyyətləri ilə müəyyən ortaq layihələrin həyata keçirilməsi üçün ciddi fəaliyyətin ortaya qoyulması vacibdir. Yerli hakimiyyət nümayəndələri rayonların inkişafını həm də öz təşəbbüsləri hesabına təmin etməlidirlər. Bölgə əhalisinin iqtisadi vəziyyətinin inkişafı üçün layihələrin həyata keçirilməsi planlaşdırılmalı və bu istiqamətdə mərkəzi hakimiyyət qarşısında təkliflərlə çıxış etməlidirlər.
"Sırf icraçılar inkişafa təkan vermir. Ona görə də yaradıcı fəaliyyətə yaradıcı münasibət mövcud olmalıdır. Ölkə başçısının yerli hakimiyyət nümayəndələrindən istədiyi tam olaraq budur. XXI əsrdə bölgələri idarə edənlər ciddi şəkildə fəaliyyət proqramına malik olmalıdırlar. Onlar ən azı bir illik planlama işləri aparmalıdırlar ki, rəhbərlik etdikləri rayonlarda statistik göstəricilər müsbət mənada dəyişsin. Digər tərəfdən, bölgələrdən şəhərə axın təkcə Azərbaycanda deyil. Bu, tarixi prosesdir. Hər bir ölkədə bu tendensiya yaşanır və paytaxt daha çox iş imkanları formalaşdırır. Sadəcə daha çox çalışmaq laızmdır ki, bölgələrlə mərkəz arasında inkişaf fərqi böyük olmasın. Bu gün ölkəmiz müharibədən yeni çıxıb, iqtisadiyyatı inkişaf etməkdə olan ölkə olsa da, pandemiya iqtisadiyyata ciddi təsir göstərdi. Həmçinin Ermənistanla olan iqtisadi əlaqələr yox idi, Rusiyaya ilə müəyyən problemlərimiz var. Lakin müəyyən müddətdən sonra ölkənin iqtisadi inkişafı daha yüksək səviyyəyə qədəm qoyacaq", - deyə müsahibimiz əlavə edib.

Vüqar Oruc: İcra başçıları öz fəaliyyətlərini əhalinin işlə təmin olunması istiqamətində qurmalıdırlar
İqtisadçı vurğulayıb ki, 30 il ərzində məhsuldar bölgəmiz olan Qarabağ və Şərqi Zəngəzur bizdən kənarda idi, ölkə iqtisadiyyatına töhfə vermək imkanı yox idi. Artıq həmin ərazilərdə infrastruktur bərpası baş verir və dövlətin iqtisadiyyatına inteqrasiya olunur. Bundan sonra bölgələrin inkişafı daha yüksək səviyyədə qurulacaq:
"Yeri icra başçıları, o cümlədən gələcəkdə səlahiyyətlərinin artırılması gözlənilən orqanlar öz fəaliyyətlərini əhalinin işlə təmin olunması istiqamətində qurmalıdırlar. Bunun üçün də layihələrə start verilməlidir. Mərkəzi hakimiyyət əlindən gələni edir ki, bu istiqamətdə problemlər aradan qaldırılsın və yerli hakmiyyət orqanları təkcə statistik məlumatlara əsaslanaraq hesabatlar verməklə kifayətlənməsinlər. Məsələn, Türkiyədə tekstil yüksək səviyyədə inkişaf edib. Azərbaycanın bölgələrində tekstil fabriklərinin açılması, müştərək sexlərin qurulması rayonların inkişafına və yeni iş yerlərinin açılmasına təkan verə bilər", - deyə Vüqar Oruc qeyd edib.
Gülşən Şərif
Bakı 



