Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib ki, ölkədə fəaliyyət göstərən Korrupsiyaya Qarşı Mübarizə Bürosu 2026-cı il martın 2-dən etibarən ləğv olunacaq.
Bakıvaxtı.az xəbər verir ki, Papuaşvili parlamentdə keçirdiyi brifinqdə qeyd edib ki, qurumun bütün funksiyaları tam şəkildə Dövlət Audit İdarəsinə ötürüləcək.
Onun sözlərinə görə, bu dəyişikliklər dövlət idarəetməsinin optimallaşdırılması və konstitusiya çərçivəsində institusional modelin gücləndirilməsi məqsədi daşıyır.
"İllərboyu parçalanmış və ya xaricdən tətbiq olunmuş institusional modellərə yenidən baxılması və onların konsolidasiyası vacibdir. Məqsədimiz idarəetmə sisteminin konstitusiya əsaslarını gücləndirmək və dövlət resurslarının səmərəliliyini artırmaqdır", – Papuaşvili bildirib.
Parlament sədrinin sözlərinə görə, korrupsiyaya qarşı mübarizə hökumətin əsas prioritetlərindən biridir və bu istiqamətdə son dövrlərdə əhəmiyyətli addımlar atılıb. Prosesə Hökumətin İdarəetmənin Səmərəliliyi Departamenti, Dövlət Audit İdarəsi, Dövlət Təhlükəsizliyi Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə İdarəsi və Prokurorluq cəlb olunub.
Hazırda Büronun vəzifəli şəxslərin, siyasi partiyaların və qeyri-hökumət təşkilatlarının bəyannamələrinin toplanması və monitorinqi ilə məşğul olduğunu xatırladan Papuaşvili bu funksiyanın daha müstəqil və konstitusiyaya əsaslanan dövlət qurumu olan Dövlət Audit İdarəsinə verilməsinin daha məqsədəuyğun hesab edildiyini vurğulayıb.
Bakı 



