Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Sabirabadda 17 yaşlı qız üçün yenidən toy keçiriləcəyinə dair iddialara aydınlıq gətirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Xatırladılıb ki, bir neçə ay əvvəl Sabirabad rayonunda 18 yaşına çatmayan qızın toy mərasiminin keçiriləcəyi barədə məlumat yayılmışdı. Dövlət Komitəsi digər qurumlarla birlikdə məsələni araşdırıb və toy mərasiminin keçirilməsinin qarşısı alınıb.
Noyabrın 15-də isə mediada ailənin toy mərasimini yenidən planlaşdırdığı gündəmə gətirilib.
Dövlət Komitəsi tərəfindən Uşaq və Ailələrə Dəstək Mərkəzi və Sabirabad Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlanılıb, aparılan araşdırmalar və ailə ilə danışıq nəticəsində məlum olub ki, yayılan məlumat həqiqəti əks etdirmir.
Ailə tərəfindən bildirilib ki, toy mərasiminin qızın 18 yaşı tamam olduqdan sonra 2026-cı ilin oktyabr ayında təşkil olunması planlaşdırılır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən o da bildirilib ki, Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzi ilə Sabirabad Rayon İcra Hakimiyyətinin nümayəndələri uşağın hüquqlarının təmin olunmasına nəzarətin, ailə ilə maarifləndirici işin davam etdirilməsi, qanunvericiliyin tələblərinin bir daha izah edilməsi məqsədilə ailəyə yenidən səfər edəcəklər.
Qeyd edək ki, Sabirabadın Yolçubəyli kənd sakini, 35 yaşlı Orxan Mehbalıyevlə rayonun Türkədi kənd sakini, 17 yaşlı Zəhra Salmanlının (18 yaşı 2026-cı il iyunun 19-da tamam olacaq - red.) oktyabrın 15-də qız toyu baş tutmuşdu. Məlumat polisə daxil olduqdan sonra hər iki tərəfin valideynləri şöbəyə dəvət edilərək onlarla profilaktik söhbətlər aparılmış və oktyabrın 23-nə planlaşdırılan oğlan toyunun qarşısının alındığı açıqlanmışdı.
Bakı 



