• Bakı 11° C

    0.39 m/s

  • USD - 1.7

    EUR - 1.9725

    RUB - 2.1027

Regionda yeni dövr: Azərbaycan və Mərkəzi Asiya əməkdaşlığı

SİYASƏT

17 Noyabr 2025 | 13:17

Regionda yeni dövr: Azərbaycan və Mərkəzi Asiya əməkdaşlığı

Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələri son illərdə yeni mərhələyə qədəm qoyub.

Region dövlətləri ilə inteqrasiya və əməkdaşlıq münasibətlərinin genişlənməsi, iqtisadi və geosiyasi sahələrdə əlaqələrin dərinləşməsi ölkəmizin xarici siyasət prioritetlərini daha da gücləndirir.

Bu kontekstdə, Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşü xüsusi əhəmiyyət kəsb edir və Azərbaycanın regiondakı mövqeyinin strateji yüksəlişini nümayiş etdirir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq İlyas Hüseynov bildirib ki, Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əlaqələr, inteqrasiya və əməkdaşlıq münasibətləri sürətlə genişlənir:

"Prezident İlham Əliyev Mərkəzi Asiya dövlət başçılarının görüşlərində mütəmadi iştirak etməklə ölkəmizin bu regiondakı mövqeyini gücləndirir. Xüsusilə, Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşü tarixi əhəmiyyət kəsb etdi. Görüşdə əldə olunan razılaşmaya əsasən, Azərbaycan artıq Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu iştirakçısıdır".

İlyas Hüseynov: Razılaşma həmdə Azərbaycan-Özbəkistan münasibətlərinin möhkəmlənməsini təmin edir

Onun sözlərinə görə, bu uğur Azərbaycanın xarici siyasət prioritetlərinin formalaşması, geostrateji mövqeyinin möhkəmlənməsi və Mərkəzi Asiya ilə əməkdaşlıq imkanlarının genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır:

"Azərbaycanın həm Qara dənizə tranzit çıxışı, həm də Xəzər hövzəsində strateji mövqeyi regionla əlaqələrin inkişafına əlverişli şərait yaradır".

Həmsöhbətimiz əlavə edib ki, görüşdə imzalanan sənəd Mərkəzi Asiya ölkələrinin liderləri tərəfindən təsdiqlənmiş və Azərbaycan Məşvərət Görüşünün tamhüquqlu üzvü kimi tanınmışdır. Bundan sonra Azərbaycan Mərkəzi Asiya liderlərinin toplantılarında mütəmadi və hüquqi əsasla iştirak edəcək:

"Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlığı yalnız geosiyasi əlaqələri gücləndirmir, eyni zamanda nəqliyyat-logistika sahəsində yeni imkanlar açır. Orta Dəhliz və Zəngəzur dəhlizi kimi qlobal nəqliyyat axınlarının təşkili, milyardlarla dollar tranzit gəliri və ortaq maraqların həyata keçirilməsi üçün əlverişli şərait yaranır".

İlyas Hüseynov onu da qeyd edib ki, Türk Dövlətləri Təşkilatının inkişafı və gələcəyi baxımından Mərkəzi Asiya ilə əlaqələr xüsusi əhəmiyyət daşıyır, çünki regionda dörd türkdilli qardaş dövlət mövcuddur:

"Daşkənddə əldə olunan razılaşma həm Azərbaycan-Özbəkistan münasibətlərinin möhkəmlənməsini təmin edir, həm də yeni əməkdaşlıq və geosiyasi imkanların açılmasına yol açır".

Əli Hüseynov


SON XƏBƏRLƏR