“Son zamanlar Mərkəzi Asiya Azərbaycan xarici siyasətinin nüvəsində dayanır, desək, heç də yanılmış olmarıq. Bunu sübut edən ilkin amil dövlət başçılarının qarşılıqlı səfər trayektoriyasıdır”.
Bunu siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm HəsənovaAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirakını Bakıvaxtı.az-a şərh edərkən deyib.
Onun sözlərinə görə, sadəcə son üç ilə nəzər yetirərkən Azərbaycan Prezidenti İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə edilən 14, eyni zaman periodunda regionun dövlət başçılarının Azərbaycana reallaşdırdıqları 23 rəqəmi ilə özünü göstərən səfərlərinin yalnız kəmiyyət deyil, keyfiyyət baxımından da münasibətlərimizi yeni bir mərhələyə qədər qaldırdığını aydın görmək olur. Müsahibimizin fikrincə, çıxılan bu yolda böyük aktorlara paralel olaraq Azərbaycana etimad göstərilməsi sadəcə tarixi və təbii bağlarımız baxımından deyil, həm də İlham Əliyevin dünya siyasətində seçilən lider olmasından, diplomatik bacarıqlarından qaynaqlanır.
Politoloq bildirib ki, bir neçə ölkəni özündə birləşdirlən böyük bir regiona qəbul edilən Azərbaycan malik olduğu beynəlxalq əlaqələri, təcrübə və imkanları bölüşmək, töhfə vermək baxımından da son dərəcə önəmlidir:
“Habelə, digər mühüm amil odur ki, əslində və mahiyyət etibarilə Azərbaycan özü ilə bütün Cənubi Qafqazı da Mərkəzi Asiyaya daşıyır. Azərbaycan atdığı addımlarla yerləşdiyi Cənubi Qafqazı inkar etmir. Yerləşdiyi coğrafi mövqeyin çətinliklərini üstünlüyə çevirməyi, bundan yararlanmağı acı təcrübələr yaşasaq da bacarmış ölkəyik".
Müsahibimiz qeyd edir ki, dövlətimizin başçısı hər zaman uzlaşdırıcı, birləşdirici amillər axtarışındadır. Bu baxımdan Azərbaycan və Mərkəzi Asiyanın vahid bir formata çevrilməsi sözügedən regionun xalqları ilə bizim malik olduğumuz tarixi, mədəni, mənəvi əlaqələrimizin Cənubi Qafqaz ölkələri ilə də siyasi və iqtisasi inteqrasiyasına yol açacaq:
“Bunu sübut edən amil Azərbaycan Prezidentinin çıxışında verdiyi siqnallarla bəlli olur. Belə ki, dövlət başçımız çıxışında bildirdi ki, Zəngəzur dəhlizinin bir hissəsi olacaq avtomagistralın, başqa bir hissəsi olacaq dəmir yolunun da tikintisi başa çatmaq üzrədir. Həmin bu dəmir yolun ilkin etapda 15 milyon ton yükdaşıma qabiliyyətinə malik Orta Dəhlizin əsas arteriyasına çevrilməsi deməkdir".

Şəbnəm Həsənova: Dövlətimizin başçısı hər zaman uzlaşdırıcı, birləşdirici amillər axtarışındadır
Ş.Həsənova bildirib ki, ilk iclası 2018-ci ildə baş tutan, 2023-cü ildən başlayaraq Azərbaycanın da artıq üçüncü dəfədir ki, iştirak etdiyi Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü Azərbaycanın əməkdaşlıq və məşvərətçi formatın tamhüquqlu üzvünə çevrilməsi ilə tarixə düşdü. Mərkəzi Asiya beş ölkə ilə kifayətlənmir.
Artıq Azərbaycanın da bu regionun tərkib hissəsi olduğunu vurğulayan ekspert platformanın formatının genişləndiyini, əhatə dairəsinin təsisçi üzvlərdən kənara çıxdığını qeyd edib. Əvvəllər sözügedən formatın profili təhlükəsizlik, ticarət, enerji və nəqliyyat siyasətini əlaqələndirməklə sadəcə Mərkəzi Asiya dövlətlərini əhatə edirdisə, bundan sonra vahid yük izləmə sistemi, regionun tranzit potensialını açmaq üçün hərtərəfli nəqliyyat strategiyası, su təhlükəsizliyi, nəqliyyat əlaqəsi də daxil olmaqla nadir torpaq metallarının, süni intellektin və turizm sahələrində əməkdaşlığın artırılması kimi bir sıra mühüm və yeni sahələr üzrə münasibətlər daha da dərinləşdiriləcək.
"Məhz bu dərinləşən münasibətlərdir ki, ünsiyyəti dövlət və hökumət başçılarının iradəsi, şəxsi münasibətləri, xalqların bir-biri ilə olan tarixi bağları da nəzərə alınmaqla nazirliklər və ictimai təşkilatlar üzrə də təşviq edir. Səylərimiz sistemli xarakter daşıyır. Burada islamofobiya ilə mübarizə də yer tutur. Digər ortaq səyimiz də var ki, bu da Qarabağın bərpası, tez bir zamanda insanların öz yurd-yuvalarında tam məskunlaşmasıdır. Bu amala verilən xüsusi dəstək Azərbaycan Prezidentinin Mərkəzi Asiya dövlətləri ilə münasibətlərin xüsusi xarakter daşıdığını bildirməsi ilə xüsusi əhəmiyyət qazandı", - deyə Şəbnəm Həsənova əlavə edib.
Zeynəb Rzayeva
Bakı 



