Dekabrın 4-də, saat 11:00-da Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi texniki tənzimləmənin şamil olunduğu malların tədqiqinin (sınağının) aparılmasını təmin edən laboratoriyaların fəaliyyətinin təkmilləşdirilməsində, o cümlədən yeni laboratoriyaların qurulmasında maraqlı olan sahibkarlıq subyektlərinin nümayəndələri ilə görüş keçirəcək.
Bakıvaxtı.az bu barədə agentliyə istinadən xəbər verir.
"Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı"nın icrası çərçivəsində keçiriləcək görüş zamanı sözügedən sahədə laboratoriya şəbəkəsinin optimallaşdırılması və yaradılması istiqamətində məsələlər müzakirə ediləcək. Həmçinin qeyri-qida istehlak malları üzrə sınaqların aparılması üzrə mövcud laboratoriyaların imkanları nəzərdən keçiriləcək.
Texniki tənzimləmənin şamil olunduğu qeyri-qida istehlak mallarına, onlarla əlaqəli proseslərə və istehsal metodlarına dair təhlükəsizlik tələbləri texniki reqlamentlərdə müəyyənləşdirilir və texniki reqlamentlər bu tələblərin yerinə yetirilməsini zəruri edən texniki-normativ-hüquqi aktlardır. Burada məqsəd məhsulların təhlükəsizliyini təmin etməklə insan həyatı və sağlamlığı, ətraf mühit, eləcə də istehlakçıların qanuni maraqlarına zərər vura biləcək risklərin qarşısını almaq, beynəlxalq ticarətdə maneələri aradan qaldırmaq və malların sərbəst dövriyyəsinə şərait yaratmaqdır.
Maraqlı tərəflər müvafiq formanı doldurmaqla qeydiyyatdan keçə və görüşdə iştirak edə bilərlər.
Bakı 



