Avropa İttifaqı ölkələrinin səfirləri Rusiyaya qarşı 17-ci sanksiyalar paketini təsdiqləyiblər.
Bakıvaxtı.az-ın məlumatına görə, Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen yeni sanksiyalarla bağlı bildirib ki, Rusiyaya qarşı 17-ci sanksiya paketinə "kölgə donanması"nın 189 gəmisi daxil edilib. O, açıqlamasında "Rusiyaya qarşı 17-ci sanksiya paketini alqışlayıram. Biz hərbi texnikaya çıxışı daha da məhdudlaşdırırıq. Siyahıya Rusiyadan enerji daşıyıcılarının ixracını nəzərdə tutan daha 189 gəmini daxil etdik. Bu müharibə bitməlidir. Biz Kremlə təzyiq göstərməyə davam edəcəyik" sözlərini söyləyib.
Bəs görəsən, Rusiyaya qarşı tətbiq olunan sanksiyalar nə dərəcədə effekt verir?
Mövzu ilə bağlı politoloq Azər Qasımov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Avropa İttifaqı ölkələrinin Rusiyaya sayca 17-ci sanksiyalar paketi tətbiqinin sanksiya sayının artması Rusiyanı elə də qorxutmadığını göstərir.
Onun sözlərinə görə, buna baxmayaraq, tankerlərin bloklanması Rusiyanı çətinə salar:
"Dmitri Peskovun da dediyi kimi, Rusiya sanksiyalarla yaşamağa öyrənib. Rusiya hətta sanksiyaların götürülməsini arzu etmir ki, bu, onların inkişafına mane olar. Bu, Rusiya üçün əhəmiyyət daşıyan faktordur, sadəcə Moskva özünü zəif göstərmək istəmir. Amma Rusiyanın neftdən gələn gəlirlərinin azalması onun iqtisadiyyatı, eləcə də apardığı müharibənin gedişi üçün öldürücüdür. Tankerlər isə Rusiyanın can damarlarıdır.
Azər Qasımov: Rusiyanı sanksiyalarla dayandırmaq çətin məsələdir
Tankerlər Rusiyaya milyardlarla vəsait gətirir. Rusiya hələlik ayaqda dura bilir. Görünən odur ki, Rusiyanın əlavə gəlir mənbələri hələlik var".
A.Qasımov hesab edir ki, sanksiyaların sayının artması Rusiyanı ayaqda saxlayan mənbələr hələ də olduğuna bir nümunədir.
"Bu mənbələrin daraldılması Rusiyaya müəyyən təzyiq üsulu olsa da, Rusiya əhalisinin çətinliyə dözümlü olması da əsas faktordur. Fikrimcə, Rusiyanı sanksiyalarla dayandırmaq çətin məsələdir. Onu yalnız hərbi üstünlüklə dayandırmaq olar ki, bu, daha çətin məsələdir", - deyə Azər Qasımov vurğulayıb.
Gülşən Şərif