• Bakı 16° C

    6.74 m/s

  • USD - 1.7

    EUR - 1.9695

    RUB - 2.0968

Bu xəstəliyi olanlar antibiotiklərdən istifadə etməməlidir

CƏMİYYƏT

19 Noyabr 2025 | 15:15

Bu xəstəliyi olanlar antibiotiklərdən istifadə etməməlidir

“Antibiotiklər virus xəstəlikləri - soyuqdəymə, KRVİ, qrip üçün istifadə edilməməlidir, çünki onlar viruslara qarşı təsirsizdir və mikrofloraya zərər verir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı nazirliyin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, antibiotik təyini zamanı dərmanların qarşılıqlı təsirləri nəzərə alınmalıdır:

“Digər qəbul olunan dərmanlarla hazırda təyin olunan yeni dərmanın-antibiotikin arzuolunmaz qarşılıqlı təsirlərindən qaçınmaq üçün həkim pasiyentdən qəbul etdiyi digər dərmanlar barədə sorğu etməlidir. Antibiotik təyin olunmuş hər bir pasiyent həmin dərmanın yan təsirlərindən xəbərdar edilməlidir. Bu cür yan təsirlər meydana çıxdıqda, həkimə dərhal məlumat verilməlisi pasiyentə ciddi tapşırılmalıdır”.

T.Eyvazov bildirib ki, hHəkimin antibiotiklərin təyininə göstəriş görmədiyi hallarda xəstə və ya onun yaxınları tərəfindən antibiotiklərin təyininə israr etmək olmaz və bu səhv qərara səbəb ola bilər.

Dediyinə görə, bundan başqa, müalicə zamanı kursa ciddi riayət etmək, yəni dərmanı təyin olunmuş dozada qəbul etmək və dozanı özbaşına  artırmaq və ya azaltmaq olmaz.

“Həmçinin, antibiotikin qəbul tezliyinə və vaxtına əməl etmək, tövsiyə olunan intervallara ciddi şəkildə riayət etmək lazımdır (məsələn, hər 8 və ya 12 saatdan bir). Bu, qanda aktiv maddənin tələb olunan konsentrasiyasını saxlayır ki, bu da bakteriyaların öldürülməsi üçün çox vacibdir. Digər bir qayda isə müalicənin tam kursunu tamamlamaqdır. Bu, ən vacib qaydadır. Xəstə özünüzü daha yaxşı hiss etsə belə, dərman qəbulunu dayandırmamalıdır”.

İnfeksionist onu da qeyd edib ki, antibiotikləri  qızdırmanın yüksəldiyi bütün hallarda təyin etmək olmaz:

“Bu, nəinki düzgün deyil, hətta təhlükəli yanaşmadır. Beləliklə, antibiotiklər yalnız  təsdiqlənmiş və ya yüksək dərəcədə şübhəli bakterial infeksiyalar üçün istifadə edilməlidir. Onlar əksər soyuqdəymə, qrip və digər xəstəliklərə səbəb olan viruslara qarşı təsirli deyil. Antibiotiklər allergik reaksiyalara, mədə-bağırsaq pozğunluqlarına və digər ağırlaşmalara səbəb ola bilər. Belə ki, antibiotik normal mikrofloraya da zərər vurur: yalnız patogen bakteriyalar deyil, həm də bədəndəki faydalı bakteriyalar məhv olur. Yadda saxlamaq lazımdır ki, antibiotiklər hərarətsalıcı vasitələr deyil, onlar hərarəti bir başa aşağı salmırlar, yalnız temperaturu yaradan bakteriyalar olduqda, onları məhv etməklə hərarətin yüksəlməsi səbəbini aradan qaldıraraq dolayısı ilə onun normallaşmasına səbəb olurlar”.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR