• Bakı 16° C

    6.74 m/s

  • USD - 1.7

    EUR - 1.9695

    RUB - 2.0968

Antibiotikləri niyə südlə qəbul etmək olmaz? - Mütəxəssis AÇIQLADI

CƏMİYYƏT

19 Noyabr 2025 | 15:26

Antibiotikləri niyə südlə qəbul etmək olmaz? - Mütəxəssis AÇIQLADI

“Süd və süd məhsulları bəzi antibiotiklərin effektivliyini azalda bilər. Belə ki, süd məhsulları (süd, pendir, kəsmik, qatıq) çox miqdarda kalsium ionu və digər minerallar (məsələn, maqnezium, dəmir) ilə zəngindir.  Bu ionlar bəzi antibiotiklərin molekullarına bağlanaraq, həll olunmayan komplekslər əmələ gətirə bilər”. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı nazirliyin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib.

Onun sözlərinə görə, bu həll olunmayan kompleks bağırsaqda zəif sorulur, sorulmayan hissə isə nəcis tərkibində bədəndən xaric olur:

“Bu o deməkdir ki, antibiotikin yalnız bir hissəsi infeksiya ilə mübarizə üçün qana daxil olur. Nəticədə infeksiya ilə mübarizə aparmaq üçün qanda dərman konsentrasiyaları kifayət etmir, antibiotikin effektivliyi 80%-ə qədər azala bilər. Bu qarşılıqlı təsir iki əsas antibiotik qrupunda müşahidə olunur. Bunun baş verməməsi üçün antibiotik qəbulu ilə süd və ya süd məhsulları arasında əhəmiyyətli bir fasilə saxlamaq tövsiyə olunur”.

İnfeksionist deyib ki, ümumiyyətlə, dərman qəbul etməzdən 2-4 saat əvvəl və sonra süd və süd məhsullarından çəkinmək tövsiyə olunur:

“Antibiotikləri həmişə təmiz su ilə qəbul edilməsi daha məqsədəuyğundur. Kalsium və süd məhsulları ilə pasiyentə təyin olunmuş hansısa bir antibiotikin qarşılıqlı təsirinin olub-olmamasını  müəyyən etmək üçün həmin preparatı təyin edən həkimə müraciət etmək  və ya antibiotikin təlimatını oxumaq lazımdır”.

T.Eyvazov onu da qeyd edib ki, bütün antibiotiklər südlə qarşılıqlı təsir göstərmir:

“Sorulmanın azalması səbəbindən qanda antibiotik qatılığının azalması həm də antibiotika qarşı davamlılığın inkişafina gətirib çıxara bilər”.

Mütəxəssis-ekspert bildirib ki, effektivliyin azalması riskinə baxmayaraq, fermentləşdirilmiş süd məhsulları (qatıq, yoqurt) antibiotik terapiyası zamanı bağırsaq mikroflorasının qorunması üçün faydalı ola bilər. Əsas məsələ intervala ciddi şəkildə riayət etməkdir.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR