• Bakı 16° C

    6.74 m/s

  • USD - 1.7

    EUR - 1.9695

    RUB - 2.0968

İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni reallıqlar və Azərbaycanın sülh təşəbbüsləri -TƏHLİL

SİYASƏT

19 Noyabr 2025 | 14:16

İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni reallıqlar və Azərbaycanın sülh təşəbbüsləri -TƏHLİL

İkinci Qarabağ müharibəsində Azərbaycanın qazandığı Zəfər yalnız tarixi ədalətin bərpası ilə nəticələnmədi, həm də bu qələbə regionda tamamilə yeni siyasi təhlükəsizlik arxitekturası formalaşdırdı. Müharibənin ardından yaranmış şərait riskləri minimuma endirərək sülh təşəbbüsləri üçün real zəmin yaratdı.

Maraqlı və beynəlxalq münasibətlər sistemində nadir hallardan biri odur ki, qalib ölkə müharibədən dərhal sonra sülh müqaviləsi təşəbbüsü ilə çıxış edir. Belə ki, Azərbaycan 2021-ci ildə Ermənistan tərəfinə münasibətlərin normallaşdırılması üçün 5 baza prinsipini təqdim etməklə bu istiqamətdə ən konkret və hüquqi əsaslı təklif irəli sürdü. Bu prinsiplər son 30 ildə Ermənistan-Azərbaycan münasibətlərində tərəflərə təqdim edilmiş ən açıq və məntiqli format idi. Lakin həmin dövrdə Azərbaycan ərazilərində separatizmin mövcudluğu, Ermənistanın zaman udmağa yönəlmiş siyasəti prosesin irəliləməsinə mane olurdu.

Ermənistanın sülhə sözlə razılıq verməsinə baxmayaraq, faktiki davranışı buna uyğun gəlmirdi. Azərbaycanın təklif etdiyi mexanizmlər Ermənistan tərəfindən xoş niyyətlə deyil, yalnız ardıcıl siyasi və hərbi məğlubiyyətlərin yaratdığı yeni reallığı qəbul etməyə məcbur olduqdan sonra nəzərə alındı.

Delimitasiya prosesi və Ermənistanın davam edən təxribatları

Azərbaycanın təşəbbüsü ilə 2022-ci ildə iki ölkə arasında sərhədlərin dəqiqləşdirilməsi üçün Delimitasiya Komissiyası yaradıldı. Məqsəd sərhəd sabitliyini təmin etmək, təxribatların qarşısını almaq və sülh müqaviləsi üçün hüquqi baza yaratmaq idi. Lakin Ermənistan həm sərhəddə təxribatlara davam edir, həm də Qarabağda qanunsuz hərbi mövcudluğunu gücləndirərək möhkəmləndirilmiş istehkamlar qururdu. Bu addımlar sülh prosesinə açıq şəkildə maneələr yaradırdı.

Reinteqrasiya təşəbbüsləri və dialoqa çağırışlar

Azərbaycan, Qarabağdakı erməni sakinləri ilə birbaşa dialoqa, reinteqrasiya prosesinə və onların təhlükəsizliyinə zəmanət verən humanitar yanaşma nümayiş etdirirdi. Xankəndi və digər ərazilərdə yaşayan ermənilərə humanitar təminat, sosial inteqrasiya və təhlükəsizliyə dair konkret təkliflər irəli sürüldü.

Buna baxmayaraq, Ermənistandan yönləndirilən separatçı qüvvələr müşahidə sistemləri quraşdırmaq, postların sayını artırmaq və yeni təxribatlar törətməklə vəziyyəti gərginləşdirirdilər.

Humanitar marşrutların yaradılması və 2023-cü ilin antiterror tədbiri

2023-cü ildə Azərbaycan həm təhlükəsizliyi təmin etmək, həm də humanitar təminatı artırmaq məqsədilə mühüm addımlar atdı:

Laçın yolunun qanunsuz hərbi daşımalar üçün istifadəsinin qarşısı alındı,

Ağdam-Xankəndi yolu ilə humanitar yüklərin çatdırılması təklif edildi.

Lakin erməni silahlı dəstələri təxribatları gücləndirdi, minalar basdırıldı, nəticədə həm mülki, həm də hərbi şəxslər həyatını itirdi. Bu təxribatlar regionda gərginliyi pik həddə çatdırdı.

Nəticədə 2023-cü il sentyabrın 19-20-də antiterror tədbirləri həyata keçirildi. Bu tədbirlər separatizmin tam zərərsizləşdirilməsi, suverenliyin bərpası və bütün ərazilərdə Azərbaycan bayrağının dalğalanması ilə nəticələndi.

Postseparatizm dövrü və sülh müqaviləsi çağırışları

Antiterror tədbirlərindən dərhal sonra Azərbaycan Ermənistanla tezliklə sülh müqaviləsinin imzalanmasına hazır olduğunu bildirdi. Azərbaycan tərəfinin ardıcıl siyasəti nəticəsində 2024–2025-ci illərdə Ermənistan danışıqlara daha konstruktiv yanaşmağa məcbur oldu. Ermənistan əvvəlki kimi vasitəçi ölkələrə arxalanaraq prosesi uzatmaq taktikalarından imtina etməyə başladı.

Azərbaycan isə ardıcıl olaraq ən effektiv formatın iki dövlət arasında birbaşa dialoq olduğunu vurğuladı.

Cari ilin avqust ayında Vaşinqtonda keçirilən görüşdə tərəflər sülh sazişinin paraflanması ilə mühüm mərhələni tamamladılar.

Beləliklə, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan regionda tam və davamlı sülhün təmin olunması üçün hərbi, diplomatik, hüquqi, humanitar və iqtisadi sahələrdə ən konkret və məqsədyönlü təşəbbüslərlə çıxış edən ölkədir. Hərbi qələbə diplomatik fəaliyyətlə sinxron şəkildə icra edildi və bu gün bölgədə mövcud olan reallıqlar məhz Azərbaycanın beynəlxalq hüquqa əsaslanan siyasəti nəticəsində formalaşıb.

Bu siyasət həm regional sabitlik üçün ən əlverişli yol, həm də uzunmüddətli sülh üçün real alternativdir.

Elmir Səftərov

Siyasi şərhçi

Bakıvaxtı.az üçün


SON XƏBƏRLƏR